"Ölkədə sahibkarlığın inkişafına dəstək məqsədi ilə "Azəriqaz" İstehsalat Birliyi sahibkarlıq subyektlərinə maksimum dərəcədə yardım edir. Amma bəzi hallarda sahibkarlar istehlak etdikləri təbii qazın dəyərinə görə yığılan borcların ödənilməsi ilə bağlı üzərinə götürdükləri öhdəliklərə əməl etmirlər". Bu sözləri "Azəriqaz" İB-nin baş direktorunun satış üzrə müavini Rəşad Cavadov Şəmkir rayonunda istixana sahibləri ilə növbəti görüşü zamanı bildirib. Sahibkarlar yaranan borcun ödənilməsi üçün Birlikdən əlavə vaxt istəyiblər. Rəşad Cavadov sahibkarlara bu məsələni onların da anlayışla qarşılamalarını, bağlanan protokol şərtlərinə əməl olunmasının vacibliyini sahibkarlıq subyektlərinin nəzərinə çatdırıb. Birliyin baş direktorunun müavini ilə yanaşı, Birliyin digər məsul şəxsləri, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri "Açıq qapı" aksiyası çərçivəsində təşkil olunan görüşdə istixana sahibləri tərəfindən ünvanlanan bütün suallara aydınlıq gətiriblər. Aksiyada sahibkarlarla yanaşı, adi vətəndaşların da problemlərini səsləndirmələrinə şərait yaradılıb. Zəyəm kənd sakini Tural Aslanov, Zəyəm və Sabirkənd kəndlərinin kəsişməsində 8 küçədə yaşayan sakinlərin təbii qazdan istifadə edə bilmədiyini bildirib. Alternativ olaraq elektrik enerjisindən istifadə olunması, aylıq sərfiyyatın çox olması çətinlik yaratdığından həmin ərazilərin mavi yanacaqla təmin olunmasını xahiş edib. Görüş iştirakçılarına daxil olan müraciətlərin Birliyin baş direktoruna təqdim olunacağı bildirilib.
Qeyd edək ki, bu görüş "Açıq qapı" aksiyası çərçivəsində ümumilikdə 35-ci, Şəmkir sahibkarları ilə isə sayca 2-ci görüşdür.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.