Dövlət başçısının tapşırığına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən mütəmadi olaraq yol infrastrukturunun daha da müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Respublika yollarının inşası və yenidən qurulması layihələrinin icrası vətəndaşların sosial rifah halına müsbət təsir göstərən sənaye və turizmin inkişafına hesablanır.
Bu istiqamətdə hazırda AAYDA tərəfindən Abşeron rayonunda yerləşən palçıq vulkanlarının ərazisində müasir turizm infrastrukturuna gedən avtomobil yolunun tikintisi işləri icra olunur. Layihə çərçivəsində 3-cü texniki dərəcəyə uyğun inşa edilən, ümumi uzunluğu 21 kilometr olan yeni yolun torpaq yatağının eni 12 metr, asfalt-beton örtüyünün eni isə 8 metr təşkil edəcək.
Görülən işlər çərçivəsində artıq yol boyu torpaq yatağı və yol əsası inşa edilib. Suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü borular təmir olunub, zəruri yerlərdə yenilənib. Hazırda yola 2 laydan ibarət 7 sm qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi və yol çiyinlərinin tikintisi işləri son mərhələdə olmaqla icra olunur.
Bərabər olaraq hərəkətin normal təşkili üçün yol boyu yol nişanları, siqnal dirəkləri quraşdırılır. Layihənin sonuncu mərhələsində yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi işləri aparılacaq.
Qeyd edək ki, paytaxtdan cəmi 20-25 kilometr aralıda Arbani adlı palçıq vulkanları yerləşən ərazidə salınması nəzərdə tutulan turizm kompleksinə gediş-gəlişi asanlaşdırmaq məqsədi ilə çəkilən bu yol, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında "İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən inşa olunur. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.