"Məqsədimiz, amalımız ölkə üzrə sahibkarlığın inkişafı üçün lazımi dəstəyin verilməsi, sahibkarlıq subyektlərinin qarşılaşdıqları çətinlikləri aradan qaldırılmasında onlara yardım etməkdən ibarətdir". Bu sözləri "Azəriqaz" İstehsalat Birliyinin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev "Açıq mikrofon" aksiyası zamanı Göyçay rayonunda sahibkarlarla keçirilən görüş zamanı bildirib. Şöbə rəisi aksiya iştirakçılarını təşkil olunan aksiyada fəal iştirak etməyə, onları narahat edən məsələləri açıq şəkildə bildirməyə çağırıb. Restoran fəaliyyəti ilə məşğul olan Rauf Məmmədov dövri yoxlama müddəti çatan sayğacın dövlət yoxlanmasına aparılan zaman yerinə dəmir ötürücü deyil, müvəqqəti sayğacın quraşdırılmasını xahiş edib. Hər zaman olduğu kimi "Səyyar qəbul otağı"nın imkanlarından istifadə etmək üçün sahibkarlarla yanaşı, sakinlər də aksiyaya böyük maraq göstəriblər. Çıxış edən Bayram Vəliyev məcburi köçkünlərin məskunlaşdığı yataqxanada istehlak etdikləri təbii qazın sərfiyyatına görə yaranan borcun araşdırılmasını xahiş edib. Birliyin rəhbər şəxsləri məsələ ilə bağlı yerindəcə izahatlar verərək, bu problemin yaxından araşdırılması üçün vətəndaşları Ağsu Regional qaz istismarı İdarəsinin Göyçay xidmət sahəsinə dəvət ediblər. Bundan başqa aksiyaya üz tutan bir neçə Vətən müharibəsi iştirakçısı "Azəriqaz" İstehsalat Birliyində müvafiq işlə təmin olunmaları ilə bağlı müraciətlərini Birlik rəhbərinə çatdırılmasını xahiş ediblər. Ünvanlanan hər bir müraciət qeydiyyata alınıb. Aksiyada Göyçay Rayon İcra Hakimiyyətinin, həbelə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məsul şəxsləri də iştirak ediblər. Onlar da daxil olan müraciətlərlə bağlı səlahiyyətləri çərçivəsində köməklik etməyə hazır olduqlarını vurğulayıblar.
Məlumat üçün bildirək ki, bu gün təşkil olunan aksiya ümumilikdə 46-cı, sahibkarlarla isə 22-ci görüşdür.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.