Dövlət satınalmalarında iştirak edən tərəflərin maarifləndirilməsi və məlumatlandırılması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti seminar keçirib.
Azərbaycan İnvestisiya Holdinqi ilə birgə təşkil olunan seminarda Holdinqin portfelinə daxil olan dövlət şirkətləri üçün "Dövlət satınalmalarının təşkili: rəqabətlilik və səmərəliliyin təmin edilməsi" mövzusunda keçirilən təlimdə dövlət satınalmalarının planlaşdırılması, təşkili və metodları, iddiaçıların ixtisasına dair tələblər, tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsi barədə məlumat verilib. Bununla yanaşı, tədbir iştirakçıları ilə satınalmanın nəticələri, satınalma müqaviləsinin bağlanması və idarə olunması müzakirə olunub.
Dövlət şirkətlərindən 50-dən çox nümayəndənin iştirak etdiyi seminarda satınalan təşkilatlar arasında mübahisəli məsələlərin həlli ilə əlaqədar fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Seminarın sonunda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli və Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini Xəyyam Məmmədov təlim iştirakçılarına sertifikatlar təqdim ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.