Dövlət Gömrük Komitəsi və Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) arasında tranzit prosedurunun elektronlaşdırılmasına dair hüquqi sənəd - protokol imzalanıb.
Xatırladaq ki, indiyə qədər BMT-nin Avropa İqtisadi Komissiyasının “BYD Kitabçası tətbiq edilməklə beynəlxalq yük daşımaları haqqında Gömrük Konvensiyası” çərçivəsində həyata keçirilən yük daşımaları kağız sənəddən ibarət olan BYD Kitabçası (TIR Carnet) vasitəsilə müşayiət olunurdu. İqtisadi proseslərin qloballaşması, ticarət əlaqələrinin yeni formalarının meydana çıxması, eləcə də idxal-ixrac əməliyyatlarının sürətli artımı müasir prinsip və üsullarla fəaliyyət göstərən BYD Kitabçası ilə yük daşımalarının önəmini daha da artırıb. Artan tələbin sürətli və asan şəkildə qarşılanması məqsədilə Konvensiyanın BYD prosedurunun tam elektronlaşdırılması ilə bağlı hüquqi çərçivəni təşkil edən yeni 11-ci Əlavəsi hazırlanıb və sənəd qüvvəyə minib. Yəni BYD Kitabçası ilə yanaşı, onun elektron forması olan eTIR-in tətbiqinə başlanıb.
Dövlət Gömrük Komitəsi və ABADA arasında 14 iyul 2016-cı il tarixində imzalanmış “BYD kitabçaları üzrə Zəmanət Müqaviləsi”nə əlavələr edilməsinə dair protokol eTIR prosedurunun ölkəmizdə tətbiqini reallaşdırmaq üçün hüququ sənəddir.
eTIR üzv dövlətlərə daşımalarda səmərəliliyin artırılmasına, bu sahənin intensiv inkişafına, beynəlxalq nəqliyyat qovşaqlarının və marşrutlarının təkmilləşdirilməsinə, yüklərin sərhəd nəzarətindən keçirilməsinin optimallaşdırılmasına, nəqliyyat və logistika sisteminin inkişafı və bu proseslərin asanlaşdırılması və təhlükəsizliyinin təmin edilməsinə şərait yaradacaq.
Beynəlxalq eTIR sistemi BYD Konvensiyasına uyğun olaraq malların, nəqliyyat vasitələrinin və ya konteynerlərin beynəlxalq tranziti zamanı yarana biləcək gömrük ödənişlərinə dair zəmanət məlumatlarının idarə edilməsini və milli gömrük orqanları arasında etibarlı məlumat mübadiləsini təmin etmək üçün nəzərdə tutulub.
Beləliklə, eTIR beynəlxalq sistemi eTIR prosedurunun işləməsi üçün tələb olunan məlumat axınının elektron qaydada idarə edilməsini ehtiva edir.
eTIR prosedurunun tətbiqi nəqliyyat operatorlarının kağız BYD Kitabçasından (TIR Carnet) istifadə etmək imkanını məhdudlaşdırmır. Bununla belə, TIR proseduru müəyyən marşrut üzrə eTIR proseduru ilə əvəz edilməzdən əvvəl, TIR daşımasında iştirak edən bütün tərəflər bəyannamə, BYD əməliyyatı və zəmanət üzrə məlumatları mübadilə etmək imkanında olmalıdırlar.
Zəmanət Birliyi beynəlxalq, milli və daxili qaydalara uyğun olaraq daşıyıcıya təqdim etdiyi zəmanət üzrə məlumatları standart elektron bildirişlə eTIR beynəlxalq sistemində qeydiyyatdan keçirir.
Yeni sistemin tətbiqi sərhədkeçmə proseslərinə sərf olunan vaxtın ən az 20 faiz azalmasına, resurslardan səmərəli istifadə olunmasına, məlumatların əvvəlcədən əldə olunması hesabına risk analizlərinin daha səmərəli və effektiv şəkildə həyata keçirilməsinə şərait yaradacaq.