BMT-nin Avropa İqtisadi Komissiyası və Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının təşkilatçılığı ilə Beynəlxalq Yük Daşımaları (BYD) Konvensiyasının 11-ci Əlavəsinin qüvvəyə minməsi ilə bağlı onlayn formatda tədbir keçirilib.
Toplantıya BMT Avropa İqtisadi Komissiyasının icraçı katibi Olga Algayerova, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının baş katibi Umberto De Pretto, Azərbaycan, Türkiyə, Özbəkistan, Pakistan, Tacikistan, İran, Gürcüstan və Moldova gömrük xidmətlərinin nümayəndələri, aidiyyəti beynəlxalq qurumların təmsilçiləri qatılıb.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsini Komitə sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov təmsil edib.
Komitə sədrinin müavini çıxış edərək bildirib ki, iqtisadi proseslərin qloballaşması, ticarət əlaqələrinin yeni formalarının meydana çıxması, eləcə də idxal-ixrac əməliyyatlarının sürətli artımı müasir prinsip və üsullarla fəaliyyət göstərən BYD-nin önəmini daha da artırır. Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb beynəlxalq nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfə verən Azərbaycan Respublikası ticarətin asanlaşdırılması üçün beynəlxalq tranzit prosedurlarının tətbiq edilməsinə xüsusi diqqət yetirir.
Cavad Qasımov qeyd edib ki, 44 günlük Vətən müharibəsinin əsas nəticələrindən biri olaraq regionda bütün kommunikasiyaların açılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb bölgələrini birləşdirəcək tranzit dəhlizinin təmin edilməsi ilə bağlı razılaşma əldə olunub. Beynəlxalq nəqliyyat-kommunikasiya dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan üçün regionda yeni açılacaq nəqliyyat marşrutlarında BYD sisteminin fəal istifadəsi əsas perspektivlərdən biridir.
Komitə sədrinin müavini onu da bildirib ki, BYD Konvensiyasının ölkəmizdə tətbiqi üzrə səlahiyyətli qurum olan Dövlət Gömrük Komitəsi Konvensiya ilə müəyyən olunmuş hüquq və öhdəliklərin, prosedur tələblərinin səmərəli qaydada təmin edilməsi, eləcə də BYD prosedurunun yaratdığı sadələşdirmə üstünlüklərindən iqtisadi operatorların və daşıyıcıların faydalanması üçün mütəmadi tədbirlər görür.
Görüşdə digər çıxış edənlər sənədin əhəmiyyətindən, onun milli səviyyədə icrası proseslərindən danışıb, iqtisadiyyatın inkişafına verəcəyi töhfələrdən bəhs ediblər.
Qeyd edək ki, 11-ci Əlavə BYD Kitabçası tətbiq edilməklə beynəlxalq yük daşımaları haqqında Gömrük Konvensiyası ilə tənzimlənən tranzit prosedurunun elektronlaşdırılması üçün hüquqi sənəddir. Bu sənəd üzv dövlətlərə daşımalarda səmərəliliyin artırılmasına, bu sahənin intensiv inkişafına, beynəlxalq nəqliyyat qovşaqlarının və marşrutlarının təkmilləşdirilməsinə, yüklərin sərhəd nəzarətindən keçirilməsinin optimallaşdırılmasına, nəqliyyat və logistika sisteminin inkişafı və bu proseslərin asanlaşdırılması və təhlükəsizliyinin təmin edilməsinə şərait yaradacaq.