AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Məclisin sədr müavini Adil Əliyev: “Zəngəzur dəhlizinin reallaşdırılması Azərbaycanın Xəzər regionunda sülh və inkişafa töhfəsi olacaq”

  • + A
  • - A
  • 4-07-2022, 12:32

    Milli Məclisin sədr müavini Adil Əliyev: “Zəngəzur dəhlizinin reallaşdırılması Azərbaycanın Xəzər regionunda sülh və inkişafa töhfəsi olacaq”

    İyunun 29-da Aşqabadda Xəzəryanı dövlətlərin VI zirvə toplantısında 2018-ci ildə Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanmasından sonrakı dövrü əhatə edən əməkdaşlıq məsələləri nəzərdən keçirilmiş və gələcək fəaliyyət istiqamətləri müzakirə olunmuşdur. Zirvə toplantısında çıxış edən Prezident İlham Əliyev qeyd olunan məsələlər barədə Azərbaycanın mövqeyini və təkliflərini çatdırmışdır. Eləcə də, Prezident İlham Əliyev toplantıda iştirak edən Xəzəryanı dövlətlərin başçıları, o cümlədən Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşmüş və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuşdur.
    2018-ci ildə Aktauda imzalanmış Xəzərin hüquqi statusuna dair Konvensiya Xəzər beşliyi adlandırılan Xəzəryanı dövlətlərin – Azərbaycan, Qazaxıstan, İran, Rusiya və Türkmənistanın müştərək tarixi nailiyyətidir. Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistan artıq həmin konvensiyanı ratifikasiya ediblər. Bütün Xəzəryanı dövlətlərin konvensiyanı ratifikasiya etməsindən sonra o, qüvvəyə minəcək, bununla da qarşılıqlı fəaliyyətin və əməkdaşlığın dərinləşdirilməsi üçün möhkəm hüquqi zəmin yaranacaq.
    Konvensiyanın imzalanması ilə yanaşı, təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində, habelə qarşılıqlı maraq doğuran başqa sahələrdə sazişlərin bağlanması və qüvvəyə minməsi Xəzəryanı dövlətlər arasında əməkdaşlıq üçün müqavilə-hüquqi bazanı gücləndirir. Bu kontekstdə Xəzər dənizinin dibinin sərhədləri barədə ikitərəfli və çoxtərəfli formatlarda hüquqi cəhətdən məcburi sazişlərin bağlandığı xüsusi vurğulanmalıdır. Çünki zəngin karbohidrogen ehtiyatlarına malik olan Xəzər dənizinin dibinin bölünməsi məsələsinin həssas və mürəkkəb məsələ olduğu sirr deyil.
    Belə möhkəm müqavilə-hüquqi bazanın yaradılması Xəzəryanı dövlətlər arasında münasibətlərin əhatəli və dayanıqlı olmasını təmin edən amillərdəndir. Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətlərinin olması, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatlarının yaradılması və işlək olması da Xəzəryanı dövlətlər arasında münasibətlərin dayanıqlılığını təmin edən əsas amillərdən biri kimi çıxış edir. Azərbaycanın xüsusi önəm verdiyi dövlətlərin suverenliyi, ərazi bütövlüyü, müstəqilliyinə hörmət və bir-birlərinin daxili işlərinə qarışmama prinsiplərinin Xəzəryanı dövlətlər arasında münasibətlərdə əsas götürülməsi çox mühüm və təqdirəlayiqdir.
    Prezident İlham Əliyev Aşqabad zirvə toplantısında çıxışında Xəzərin nəqliyyat və logistika imkanlarının reallaşdırılmasına böyük yer verdi. O, bu sahədə Azərbaycanın rolunu və həyata keçirdiyi işləri zirvə toplantısı iştirakçılarının diqqətinə çatdırdı. Qeyd etdi ki, Xəzər regionunun Avrasiyanın inkişaf etmiş beynəlxalq nəqliyyat qovşağına çevrilmək potensialı böyükdür. Buna həm onun coğrafi mövqeyi, həm də Xəzəryanı dövlətlər arasında imzalanmış sazişlər və hüquqi sənədlər şərait yaradır. Xəzər regionunun belə bir önəmli beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevrilməsi üçün tələb olunan lazımi infrastrukturun yaradılması istiqamətində Azərbaycan əhəmiyyətli layihələr həyata keçirir.
    Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin üzərində yerləşən Azərbaycanın nəqliyyat-logistika infrastrukturunun inkişafına xidmət edən başlıca layihələrindən biri yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yaradılmasıdır. Eyni zamanda, Ələt azad iqtisadi zonasının yaradılması da Azərbaycanın bu istiqamətdə kompleks və sistemli yanaşmasının göstəricisidir. Qeyd olunan iri infrastruktur layihələrinin həyata keçirilməsi Azərbaycanın Xəzər regionunun nəqliyyat-logistika mərkəzinə çevrilməsi, davamlı sülh və tərəqqiyə nail olunması işinə ciddi töhfəsidir.
    Prezident İlham Əliyev zirvə toplantısında bildirdi ki, Zəngəzur dəhlizi artıq reallığa çevrilir. Zəngəzur dəhlizinin reallaşdırılması Xəzər regionunda sülh və inkişafın təmin edilməsinə Azərbaycanın daha bir töhfəsi olacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR