Ceyhun Məmmədov,
Millət vəkiliXəzərin hüququ statusunun müəyyən edilməsi, regionda qarşılıqlı fəaliyyətin, əməkdaşlıqların artırılması Xəzəryanı dövlətlərin gündəliyində duran əsas məsələrdəndir. Bu istiqamətdə atılan ən böyük addımlardan biri Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiyadır.
Xəzəryanı dövlətlərin istər regional, istərsə də beynəlxalq təşkilatlarda bir-birilərinə dostluq və mehriban qonşuluq münasibətləri sərgiləməsi, çoxtərəfli əməkdaşlıqların olması Xəzər dənizində sabitliyi və təhlükəsizliyi mühüm edən əsas amillərdəndir. Xəzəryanı dövlətlər bir-birinin ərazi bütövlüyünə, suverenliyinə hörmət edərək qarşılıqlı fəaliyyəti artırırlar. Bütün bu əməkdaşlıqlar Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazasının möhkəmlənməsinə imkan yaradır.
Ətraf mühitin bugünkü vəziyyəti ilə əlaqədar sahilyanı dövlətlərin narahatlığı göz önündədir. Hal-hazırda 5 ölkənin də əsas məqsədi Xəzər dənizinin ekoloji təmizliyinə nail olmaq, suyun bioloji ehtiyatlarını qoruyub saxlamaq və səmərəli istifadə etməkdir. Bu istiqamətdə artıq ölkələr ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əməkdaşlığa başlayıblar.
Regionun əsas nəqliyyat qovşağı ölkələrindən biri olan Azərbaycan, Avrasiyanın da önəmli logistika mərkəzlərindən biridir. Beynəlxalq nəqliyyat dəhlizlərinin ölkəmizdən keçməsi, Xəzər dənizi vasitəsilə gələcəkdə nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi Xəzəryanı dövlətlərin nəqliyyat potensialının daha da artmasına imkan yaradacaq. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi ilə Azərbaycanın nəqliyyat-logistika infrastrukturunun inkişafında rolu yüksəlibdir.
44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən sonra regionda yeni reallıqlar yaranıb. Zəngəzur dəhlizinin reallaşması və Qarabağın, Şərqi Zəngəzurun bərpası ilə yeni beynəlxalq əhəmiyyətli yollar istifadəyə veriləcək, nəqliyyat infrastrukturunun inkişafı yüksək həddə çatacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.