Azərbaycanın turizm potensialı Almaniyanda keçirilən “ITB Berlin” qlobal turizm və səyahət sərgisində tanıdılır.
Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Azərbaycan Hotel Assosiasiyası, “Azərbaycan Hava Yolları” QSC, Abşeron Hotel Qrupu, “InterContinental Baku” və bir sıra qabaqcıl turizm agentlikləri daxil olmaqla 15 tərəfdaş martın 9-dək ölkənin turizm imkanlarının təbliğ edilməsi və əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə müxtəlif ölkələrin təmsilçiləri ilə biznes görüşlər keçirəcəklər.
Sərginin ilk günü Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid “Euronews”, “Connesseuir circle”, “Touristik Aktuell” kimi tanınmış kütləvi informasiya vasitələrinə müsahibələr verib.
Eyni zamanda, Azərbaycanın milli stendi Ümumdünya Səyahət və Turizm Təşkilatının “Hotel Dayanıqlılığının Əsasları” proqramının təqdimatı tədbirinə də ev sahibliyi edib. Tədbir zamanı, Ümumdünya Səyahət və Turizm Təşkilatının prezidenti Culiya Simpson çıxış edərək proqrama ölkə tərəfdaşı olaraq qoşulan Azərbaycana və bu məsuliyyəti öz üzərinə götürən Azərbaycan Turizm Bürosuna təşəkkür edib.
Sərginin ikinci günü Azərbaycan Turizm Bürosunun əməkdaşlıq etdiyi, aviabiletlər, hotel, tur paketləri və turistik səfərləri onlayn sifariş etməyə imkan verən, dünyaca məşhur “Expedia Group” qlobal turizm platformasının hesabat tədbiri keçiriləcək. Tədbirdə “Expedia Group”un Azərbaycanla tanıtım sahəsində əməkdaşlığı turizm sənayesi üçün uğurlu nümunə kimi təqdim olunması planlaşdırılır.
Qeyd edək ki, 2022-ci ilin iyun-dekabr ayları ərzində adıçəkilən platformada ölkənin mədəniyyəti, təbiəti, macəra, yemək və şərab kimi turizm məhsullarını təbliğ edən materiallar yerləşdirilib. Yerləşdirmələrin hədəf bazarları Almaniya, Hindistan, Böyük Britaniya və Yaxın Şərq ölkələri olub və kampaniya çox milyonluq auditoriyaya çatıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.