Azərbaycanın Baş Naziri Əli Əsədov Soçiyə işgüzar səfəri çərçivəsində Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin ilə görüşüb. Azadmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinə məlumat verilib.
Görüşdə Azərbaycan və Rusiya prezidentlərinin səyləri nəticəsində iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi məmnunluqla vurğulanıb.
Qarşılıqlı ticarətin və investisiyaların durmadan artması ikitərəfli münasibətlərin dinamik inkişafının əyani sübutu kimi qiymətləndirilib.
Azərbaycan və Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın bu ayın sonunda Moskvada keçirilməsi planlaşdırılan növbəti iclasının əhəmiyyəti qeyd edilib.
Kənd təsərrüfatı sahəsində əməkdaşlığın yaxşı nəticələri bildirildi.
Nəqliyyat və logistika sektoru əməkdaşlığın mühüm vektoru kimi səciyyələndirilib. Bununla bağlı Şimal-Cənub beynəlxalq tranzit dəhlizinin tam gücü ilə fəaliyyətinin təmin edilməsi üçün birgə səyləri davam etdirməyə qarşılıqlı hazırlıq ifadə olunub.
Tərəflər uğurlu sənaye əməkdaşlığının toplanmış zəngin təcrübəsini qeyd etdilər, birgə istehsal sahəsində qarşılıqlı əlaqələri müsbət qiymətləndirdilər.
Hökumət başçıları Azərbaycan-Rusiya ticarət-iqtisadi əməkdaşlığının aktual məsələlərini və müxtəlif sahələrdə birgə layihələrin həyata keçirilməsini də nəzərdən keçiriblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.