AZSTAND-ın nümayəndəsi Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) sponsonsurluq proqramı çərçivəsində (ISO Sponsorship program) ISO/TC 228 Turizm və əlaqədar xidmətlər (“Tourism and related services”) standartlaşdırma üzrə Texniki Komitəsinin İspaniya Krallığının Sevilya şəhərində keçirilən iclasında iştirak edib.
12-16 iyun tarixlərində İspaniya Standartlar Assosiasiyanın (UNE) sədrliyi ilə keçirilən plenar iclasda Almaniya, Argentina, Avstriya, Böyük Britaniya, Bolqarıstan, Cənubi Koreya, Çin, Çexiya, Ekvador, İspaniya, İordaniya, İtaliya, İrlandiya, İran, İsveçrə, Hindistan, Fransa, Kolumbiya, Şimali Makedoniya, Şri-Lanka, Monteneqro, Mərakeş, Tanzaniya, Salvador və digər ölkələrin Standartlaşdırma Qurumlarının nümayəndələri ilə yanaşı, bu ölkələrdə turizm sahəsində çalışan mütəxəssislər, eləcə də Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO), Dünya Turizm Şəhərləri Federasiyasının (WTCF), Qlobal Davamlı Turizm Şurasının (GSTC) və Beynəlxalq Konqres Mərkəzləri Assosiasiyasının (AIPC) nümayəndələri iştirak edib.
Tədbir zamanı sözügedən komitənin hazırladığı beynəlxalq standartların layihələrinə dair üzv ölkələr tərəfindən verilən rəy və təkliflərin müzakirəsi, eləcə də layihələr üzrə səsvermə həyata keçirilib. Bundan əlavə, komitə çərçivəsində turizm sahəsində yeni işçi qruplarının təşkil olunması üçün nümayəndələrin seçilməsi baş tutub.
Qeyd edək ki, “Turizm və əlaqədar xidmətlər” standartlaşdırma üzrə Beynəlxalq Texniki Komitəsi (ISO/TC 228) 2005-ci ildə Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən turizm və əlaqədar xidmətlərin standartlaşdırılmasına dair beynəlxalq tələb və meyarların müəyyən edilməsi məqsədilə yaradılıb. Ümumilikdə, komitə tərəfindən 46 beynəlxalq standart, 63 standart layihəsi hazırlanıb. Hazırda 14 işçi qrup fəaliyyət göstərir.