Son dövrlər “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) adından müxtəlif sosial media resursları vasitəsilə saxta reklam kampaniyalarının təşkili davam etdirilir.
Fişinq xarakterli bu hücumlar zamanı “AzerGold” QSC sosial şəbəkə platformalarında müxtəlif “investisiya” layihələrinin təşkilatçısı kimi təqdim edilir və vətəndaşlar bu saxta layihədən faydalanmağa dəvət edilir.
Diqqətə çatdırırıq ki, dövlət şirkətinə olan etibardan, həmçinin Səhmdar Cəmiyyətin işgüzar nüfuzundan sui-istifadə edilməklə həyata keçirilən kibercinayət aktları vətəndaşların maliyyə xarakterli fərdi məlumatlarını əldə etmək, maliyyə vəsaitlərini mənimsəmək niyyəti ilə həyata keçirilir və “AzerGold” QSC onların verdikləri vədlərə görə heç bir məsuliyyət daşımır.
“AzerGold” QSC-nin fəaliyyəti, həmçinin investisiya layihələri ilə bağlı məlumatları şirkətin rəsmi informasiya resurslarından, həmçinin etibarlı mənbələrdən almağı, dələduzluq məqsədi daşıyan bu cür hallarla qarşılaşdıqda təqdim edilən keçidlərə daxil olmamağa, dərhal müvafiq hüquq-mühafizə orqanlarına müraciət etməyə çağırırıq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.