Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Abu Dabi Milli Neft Şirkəti (ADNOC) arasında strateji əməkdaşlıq sazişi imzalanıb. Bu barədə SOCAR məlumat yayıb. Saziş Dubayda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP-28) Tərəflər Konfransının 28-ci sessiyası çərçivəsində imzalanıb.
Saziş ətraf mühitin mühafizəsi sahəsində SOCAR və ADNOC arasında birgə fəaliyyətin daha da genişləndirilməsini, o cümlədən mavi hidrogen, geotermal enerji və karbon emissiyalarının idarə edilməsi sahəsində əməkdaşlıq məsələlərini nəzərdə tutur.
Qeyd edək ki, bu ilin avqustunda ADNOC SOCAR və Fransanın “TotalEnergies” şirkəti ilə “Abşeron” qaz-kondensat yatağında 30% payın alınması ilə bağlı müqavilə imzalayıb.
COP-28 çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf xarici şirkətlərin rəhbərləri ilə bir sıra görüşlər keçirib.
SOCAR həmçinin Sirius beynəlxalq holdinq şirkəti ilə strateji əməkdaşlıq müqaviləsi imzalayıb.
Səfər çərçivəsində Nəcəf Masdarın baş direktoru Məhəmməd Cəmil Əl Ramahi ilə görüşüb. Görüşdə birgə layihələrin Azərbaycanda parnik qazları emissiyalarının azaldılmasına və bərpa olunan enerji mənbələrinin inkişafına mühüm töhfə verəcəyi qeyd edilib. Əməkdaşlığın genişləndirilməsi məsələləri də müzakirə olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.