Dekabrın 7-də Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan Turizm Sammiti 2023” tədbiri çərçivəsində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan turizmi” sənədli filmi və kitabının təqdimatı baş tutub.
Filmdə Ulu Öndərin sovet hakimiyyəti və müstəqillik dövründə turizmin inkişafı üçün qəbul etdiyi qərarlar və vaxtında və məqsədyönlü atılan müdrik addımlarından, bu uğurlu siyasətin davamı olaraq son 20 il ərzində turizmə ölkə rəhbərliyi tərəfindən diqqətin göstərilməsi sayəsində turizm qeyri-neft iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsindən bəhs olunub.
Tədbirdə 2023-cü il ərzində turizm sahəsinin inkişafı üçün görülən işlər, o cümlədən “2022-2026-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”na müvafiq olaraq “2023-2026-cı il üçün Turizm İnkişaf Strategiyası”nın hazırlanması, vahid turizm platforması rolunu oynayan Turizm İnformasiya Sisteminin fəaliyyətə başlaması, indiyədək sistemdə 792 turizm sənayesi nümayəndəsinin qeydiyyat mərhələsinin tamamlanması, bu il qəbul olunan “Mehmanxanaların ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları”na uyğun olaraq il ərzində ulduzlaşma üçün müraciət edən 173 hoteldən 114-nün auditinin başa çatması, bu aydan etibarən turizm bələdçilərinin sertifikatlaşdırılması üçün imtahanların təşkil edilməsi haqqında məlumat verilib.
Tədbirdə 11 ay ərzində 1 milyon 893 mindən çox xarici ziyarətçinin gəlməsi, bunun isə ötən illə müqayisədə 30 faizdən çox olması, pandemiyadan sonra bərpa prosesinin sürətlə davam etməsi qeyd edilib.
Həmçinin maddi-mədəni irsimizin qorunması istiqamətində görülən işlər üzrə “Xınalıq və Köç Yolu Mədəni Landşaftı” maddi-mədəni irs nümunəsinin YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilməsi, Xınalıq, Basqal, Yuxarı Baş, Kiş kimi qoruqlarda bərpa və konservasiya işlərinin davam etdirilməsi vurğulanıb.
Qeyd olunub ki, yeni və unikal turizm məhsulu kimi Palçıq Vulkanları Turizm Kompleksi üzrə işlər yekunlaşmaq üzrədir.
Regionların turizm potensialının effektiv istifadəsi üzrə 8 regional turizm idarəsi, o cümlədən Qarabağ Regional Turizm İdarəsinin yaradılması diqqətə çatdırılıb.
Qarabağ və Şərqi Zəngəzurda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində layihələndirmə və infrastruktur işləri, Ağdamda Şahbulaq qalası, Hadrut, Tuğ və Daşaltı üzrə turizm infrastrukturunun yaradılması məqsədilə inkişaf konsepsiyaları üzrə layihələndirmə işləri davam etdirilməsi, Tərtər rayonunun Suqovuşan qəsəbəsində istirahət parkının açılışı, “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun yaradılması, Şuşaya təşkil olunan turlara böyük marağın olması haqqında məlumat verilib.
Tədbirdə ölkəmizin turizm potensialının tanıdılması müxtəlif hədəf bazarlarda aparılan marketinq kampaniyaları, il ərzində 17 beynəlxalq sərgidə iştirak, “BBC”, “CNN”, “Euronews”, “National Geographic” kimi beynəlxalq qlobal xəbər portallarında yüzlərlə məqalə yerləşdirilməsi, rəqəmsal və TV reklamlar verilməsi və digər genişmiqyaslı təbliğat tədbirləri üzrə görülən işlər və strateji yanaşma ilə bağlı təqdimatlar həyata keçirilib.
Azərbaycan turizm sənayesi assosiasiyaları tərəfindən “Sənaye assosiasiyası vasitəsilə turizm sənayesi üçün inkişaf imkanları”, “Azərbaycanın qonaqlama sənayesinin inkişaf perspektivləri”, “Azərbaycanda turizm bələdçiliyi sahəsinin mövcud vəziyyəti və inkişafı” mövzularında çıxışlar ediblər.
Daha sonra tədbir “Azərbaycanda yerli turizm bizneslərinin fəaliyyəti – uğurlu təcrübələr” mövzusuna həsr olunan panel diskussiyası ilə davam edib. Sessiyada yerli turizm sahibkarları uğur qazanmış layihələri barədə təcrübələrini bölüşüblər.