Aprelin 26-da Bakıda “Health tourism” Bakı Beynəlxalq Sağlamlıq Turizmi Sərgisinin açılış mərasimi baş tutub. Türkiyə Palatalar və Birjalar Birliyinin, DEİK Səhiyyə İş Şurasının və Xidmət İxracatçıları Assosiasiyasının dəstəyi ilə “ALZ International” tərəfindən təşkil olunan sərgidə qardaş ölkənin qabaqcıl xəstəxanaları, klinikaları, termal müəssisələri və həkimləri, eyni zamanda Azərbaycan, Gürcüstan və Qazaxıstanın sağlıq turizmi nümayəndələri iştirak edib.
Sərginin açılış mərasimində çıxış edən “ALZ Grup”un İdarə Heyətinin sədri Cihat Alagöz bildirib ki, təmsil etdiyi təşkilat indiyə qədər Amsterdam, Berlin və Frankfurtda hər birində 2 dəfə olmaqla beynəlxalq sağlamlıq turizmi sərgisi təşkil edib. Növbəti sərgini Bakıda təşkil etməkdən qürur duyduğunu deyən Cihat Alagöz qeyd edib ki, Bakı sərgisində ümumilikdə 50 stend qurulub. Sərginin ilk günü ziyarətçilər üçün açıqdır. Aprelin 27-də isə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyəti, Ukrayna, Gürcüstan, Rusiya, Belarus, Küveyt və Rumıniya daxil olmaqla, 11 ölkənin tibbi turizm təmsilçiləri arasında B&B görüşlər baş tutacaq.
Qlobal Sağlamlıq Platforması Assosiasiyasının prezidenti Duygu Özel Demiralp bildirib ki, Türkiyə bacarıqlı həkimləri və keyfiyyətli tibb xidməti ilə hazırda bütün dünyada sağlamlıq sektorunda bir markadır. Bu sahədə ölkədə özəl və dövlət sektoru birlikdə fəaliyyət göstərir. Belə tədbirlərin təşkilində əsas məqsəd xüsusilə Türk dünyası ölkələrinin sağlıq xidmətləri sektoru təmsilçilərinin bir-birini tanımasıdır. Duygu Özel Demiralp qeyd edib ki, Azərbaycandan Türkiyəyə sağlamlıq turizmi baxımından müraciətlər çoxdur və bu, əsasən genekoloji, onkoloji, kosmetoloji, plastik cərrahiyyədir.
Azərbaycan Turizm Şirkətləri Assosiasiyasının sədri Göydəniz Qəhrəmanov bildirib ki, Azərbaycanda belə tədbirlərin keçirilməsi ölkəmizin sağlamlıq turizmi sahəsində önəmini artırır və bu istiqamətdə digər ölkələrdən turist cəlbinə səbəb olur.
Azərbaycana ilk dəfə 12 il əvvəl gəldiyini deyən Türkiyə Sağlamlıq Qurumları Sektor Məclisinin sədri Banu Küçükel bildirib ki, budəfəki gəlişində çox fərqli bir Azərbaycan görüb: “Azərbaycanın müstəqilliyini Türkiyə 1991-ci ildə tanıyıb. O vaxtdan bütün sahələrdə ölkələrimiz arasında sıx əlaqələr yarandı. Bizi təkcə qonşuluq, iqtisadi və digər münasibətlər bağlamır, Türkiyə və Azərbaycanı eyni zamanda duyğusal bağlar birləşdirir. Bizi ortaq mədəniyyətimiz, ortaq tariximiz, ortaq dinimiz və ortaq dilimiz birləşdirir. Bu birlik içdən gəlir və hər sahədə olduğu kimi, sağlıq turizmi sahəsində də öz möhrünü vurur.
Türkiyə sağlıq sektorundakı indiki mövqeyinə təsadüfən gəlməyib, biz bunun üçün çox çalışdıq. Bu çalışmalarımızın nəticəsi olaraq son 15 ildə çox böyük nəticələr əldə etdik. 2021-ci ildə 670 min xarici turistə xidmət etdik və 1,7 milyard dollar gəlir əldə etdik. Bir ildən sonra bu rəqəmlər iki dəfə artdı: 1.3 milyon sağlıq turisti və 2 milyard dollar gəlir.
Hazırda Türkiyəyə daha çox Suriya, İraq, Liviya, Azərbaycan, Almaniya, Birləşmiş Krallıq, Rusiyadan xəstə müraciət edir. Azərbaycandan 2020-2023-cü illərdə 250 min xəstə qəbul etmişik.
Hazırda sağlıq turizmi sektoru dünyada ən çox gəlir gətirən sahədir. Bir ildə bu sahədə 100 milyard dollar gəlir əldə edilir. Hazırda Türkiyənin bu sahədə rəqibləri Cənubi Koreya, İndoneziya, Tailand və Meksikadır. Mən inanıram ki, yaxın illərdə Türkiyə bu ölkələri də qabaqlayacaq”. Tədbirdə daha sonra Şimali Kipr Türk Cümhuriyyəti Təşkilatının sədri, millət vəkili Ahmet Savaşan, Azərbaycan Dövlət Turizm Agentliyinin Turizm siyasəti şöbəsinin müdiri Məhəmməd Muradov, Türkiyə Respublikasının Bakı Baş Ticarət Müşaviri Yaqub Səfər, Azərbaycanın millət vəkili İlham Məmmədov və Türkiyə Ticarət Nazirliyi Beynəlxalq Xidmətlər Ticarəti Baş Direktorunun müavini Alperen Kaçar çıxış edərək sağlıq turizminin inkişafına töhfə verəcək amillər, bu istiqamətdə görüləcək işlərlə bağlı fikirlərini bölüşüblər.
Qeyd edək ki, sərginin birinci günü ziyarətçilər müxtəlif sahələrdən mütəxəssis həkimlərlə görüşüb, müalicə ehtiyacları və estetik əməliyyatlar barədə məlumat əldə etmək, eyni zamanda saç əkimi mütəxəssisləri ilə məsləhətləşmək, diş müalicəsi və gülüş estetikasında ən son trendlərlə tanış olmaq imkanı qazandılar.
Sərginin ikinci günü aprelin 27-də B&B görüşlərlə davam edəcək.
Fəxriyyə ABDULLAYEVA