Təsərrüfat subyektlərinin təmərküzləşməsində qlobal tendensiyalar, dövlətin rəqabətin tənzimlənməsində rolu, rəqəmsal bazarlarda rəqabət siyasətinin aparılması və digər məsələlər müzakirə edilib.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndə heyəti Qazaxıstana Respublikasına səfər edib. Səfər çərçivəsində nümayəndə heyəti Almatı şəhərində keçirilən “Rəqabət siyasəti və hüquq sahəsində mövcud tendensiyalar” mövzusunda Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib.
Qazaxıstanın Rəqabətin Qorunması və İnkişafı Agentliyinin (AZRK) təşkilatçılığı ilə baş tutan forumda Birləşmiş Millətlər Təşkilatının (BMT) Ticarət və İnkişaf Konfransının (UNCTAD) Rəqabət və istehlakçı siyasəti istiqamətinin rəhbəri Tereza Moreyra, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Rəqabət Komitəsinin sədri Frederik Cenni, AZRK-nın rəhbəri Marat Omarov, eləcə də digər ölkələrin rəqabət qurumlarının rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri və ekspertlər iştirak ediblər.
Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev müasir dövrdə antiinhisar orqanlarının rolunun gücləndirilməsinə həsr olunan panel müzakirəsinə qatılıb. "Dövlət və Biznes: problemlərin həlli yolları və rəqabət neytrallığının artırılması" adlı təqdimatla çıxış edən Xidmət rəisinin müavini iştirakçılara ölkəmizdə həyata keçirilən rəqabət siyasəti, həmçinin bu sahədə qanunvericilikdə aparılan islahatlar barədə geniş məlumat verib.
İki gün davam edən forum çərçivəsində iştirakçı ölkələrdə təsərrüfat subyektlərinin təmərküzləşməsində qlobal tendensiyalar, antiinhisar fəaliyyəti sahəsində işlərə baxılmasında məhkəmə təcrübəsi, rəqəmsal bazarlarda rəqabət siyasətinin aparılması, eləcə də əczaçılıq bazarı üçün rəqabətin əhəmiyyəti məsələləri haqqında təqdimatlar edilib, müzakirələr aparılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.