AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nardaranda maraqlı kitabə - Foto

  • + A
  • - A
  • 25-01-2024, 15:50

    Nardaranda maraqlı kitabə - Foto
    Bu yaxınlarda yaxın tanışlarımdan biri, şəkildəki kitabəni oxumağımı xahiş etdi.

    İlk əvvəl kitabənin aid olduğu abidə haqqında kiçik məlumat vermək istəyirəm.

    Bu epiqrafik abidə Bakı şəhərinin 25 km-də yerləşən qədim və zəngin tarixə malik Nardaran qəsəbəsindəki kiçik bir məscidə aiddir. Məscid Nardaran qəsəbəsinin "Qədəmgah" adlandırılan hissəsində yerləşir.

    Məscid Nardaran kəndinin örüş hissəsində yerləşdiyinə görə çox güman ki, tərəkəmələrin dini ayinlərini icra etmələri üçün inşa edilmişdir.

    Kitabənin üzərindəki yazı ərəb dilində, süls xətti ilə yüksək estetik zövq və peşəkarlıqla həkk olunmuşdur. Yazının həm xəttatı, həm də onu daş parçasına köçürən həkkakı ərəb dilinin geniş imkan və incəliklərindən istifadə etməklə yüksək sənətkarlıq göstərmişlər.

    Kitabədəki yazını şərti olaraq, yuxarı və aşağı olmaqla iki hissəyə bölmək olar.

    Epiqrafik abidənin yuxarı hissəsində Həzrəti Əliyə aid ibrətamiz bir kəlam və aşağı hissəsində isə məscidi tikdirən şəxsin adı və tikilinin inşa tarixi yazılmışdır.

    Aşağıda, kitabədəki yazının orijinalını və ana dilimizə tərcüməsini qeyd edirəm:

    ١) الدنيا ساعة فجعلها طاعة
    ٢) قد تعمر هذا المسجد ابراهيم ابن تاروردي نوردراني ١٢٠٢

    Tərcümə: "Dünya bir saatlıqdır (anlıqdır). Elə isə onu məbuda itaətdə keçir". Bu məscidi İbrahim Tarverdi oğlu Nurdərani inşa etdirmişdir, 1202".

    Abidənin inşası hicri-qəməri 1202, miladi 1787/88-ci illərə təsadüf edir.

    Bir az əvvəl, kitabəni hazırlayan sənətkarların peşəkarlığından söhbət açmışdım. Bəli, bu həqiqətən belədir. Belə ki, kitabənin yazısını tərtib edən xəttat ərəb dilinin imkan və incə mətləblərindən istifadə etməklə bəzən bir hərfi iki ayrı-ayrı sözün yazılışı üçün müştərək şəkildə istifadə edir. Məsələn, "Dünya" (الدنيا) sözünün sonundakı "əlif" (ا) hərfi eyni zamanda "Cə'alə" (جعل / etmək) feilindəki "ləm" (ل) hərfinin yazılması üçün ortaq şəkildə istifadə edilir.

    Bu cür yazı texnikasını göstərmək sənətkarlıq baxımından çox çətindir. Bu nadir nümunə Azərbaycan sənətkarlarının peşəkarlığına dəlalət edir. Belə bir yazılı abidənin qorunması olduqca vacib və zəngin tarixmizi gələcək nəsillərə çatdırmaq baxımından böyük əhəmiyyət kəsb edir.
    Bu cür yüksək sənətkarlıq nümunələrini nəinki ölkəmizdə, hətta bütün İslam dünyasında tapmaq çox çətindir...

    Bundan əlavə, kitabədə Nardaran toponiminin Nurdəran (nur saxlayanlar və yaxud nur qapıları) versiyasının şahidi oluruq ki, bu da kəndin tarixi və etnomədəniyyəti ilə bağlı maraqlı bir informasiyadır...

    Elnur Mustafayev,
    Şrəqşünaslıq İnstitutunun şöbə müdiri


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR