Mamoy Mansurov,
Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin dekanı22 iyul Azərbaycan xalqının ictimai-siyasi və mədəni həyatında xüsusi yer tutan əlamətdar günlərdən biridir. Bu tarix milli jurnalistikamızın təməl daşı hesab olunan "Əkinçi" qəzetinin 1875-ci il iyulun 22-də böyük maarifçi Həsən bəy Zərdabinin rəhbərliyi ilə nəşrə başlaması ilə bağlıdır. Bununla da Azərbaycan milli mətbuatının əsası qoyulmuş, xalqın maariflənməsi, milli özünüdərk hissinin gücləndirilməsi və ictimai fikrin formalaşması istiqamətində yeni bir mərhələ başlayıb
Azərbaycan mətbuatı yarandığı gündən çətin, lakin şərəfli inkişaf yolu keçib. Müxtəlif dövrlərdə senzura, təzyiqlər və siyasi çətinliklərlə üzləşsə də, həqiqətə, milli maraqlara və cəmiyyətin maariflənməsinə xidmət missiyasından geri çəkilməyib. Mətbuat hər zaman xalqın səsi, cəmiyyətin güzgüsü və dövlətlə vətəndaş arasında etibarlı informasiya körpüsü olub.
Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda söz və mətbuat azadlığının inkişafı istiqamətində mühüm islahatlar həyata keçirildi. 1998-ci ildə senzuranın ləğv olunması milli mətbuat tarixində yeni mərhələnin başlanğıcı oldu. Bu qərar Azərbaycanda demokratik dəyərlərin möhkəmlənməsinə və medianın sərbəst fəaliyyətinə geniş imkanlar yaratdı.
Prezident İlham Əliyevin rəhbərliyi ilə də media sahəsində ardıcıl islahatlar davam etdirilir. Medianın inkişafı, jurnalistlərin peşəkarlığının artırılması, informasiya təhlükəsizliyinin gücləndirilməsi və rəqəmsal medianın inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib. Medianın İnkişafı Agentliyinin fəaliyyəti, jurnalistlərin sosial müdafiəsi istiqamətində görülən tədbirlər və informasiya mühitinin sağlamlaşdırılması bu siyasətin tərkib hissəsidir.
44 günlük Vətən müharibəsi zamanı Azərbaycan jurnalistləri böyük peşəkarlıq və fədakarlıq nümayiş etdirərək informasiya cəbhəsində də mühüm rol oynadılar. Onlar cəbhədən operativ məlumatlar çatdırmaqla yanaşı, Ermənistanın yaydığı dezinformasiyaların ifşasında, Azərbaycanın haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli xidmət göstərdilər.
Bu gün süni intellekt, sosial şəbəkələr və rəqəmsal texnologiyalar medianın simasını dəyişir.
Belə bir dövrdə jurnalistin əsas vəzifəsi operativliklə yanaşı, dəqiqlik, obyektivlik və peşə etikasına sadiq qalmaqdır. Cəmiyyətin etibarlı xəbərə olan tələbatı peşəkar jurnalistikanın əhəmiyyətini daha da artırır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.