Gəlmirlər, görmürlər, anlamırlar: başqa çarə yox...”
Bugün Azərbaycan milli mətbuatının (həmçinin bütün Rusiyada nəşr olunan ilk türkdilli qəzetin) yaradıcısı, Azərbaycan peşəkar teatrının banilərindən biri, Rusiya müsəlmanları arasında ilk rəsmi xeyriyyə cəmiyyətinin qurucusu, islam dünyasının ilk təbiətşünas alimi, əsərləri (Nazirlər Kabinetinin 07.05.2019-cu il tarixli, 211 saylı Qərarı ilə) dövlət varidatı elan edilmiş görkəmli maarifçi-jurnalist, pedaqoq, naşir Həsən bəy Zərdabinin doğum günüdür.
Həsən bəy öz həyatı, fəaliyyəti ilə xalqımızın tarixində, mədəniyyətində uca yerlərdən birinə sahibdir. İstər “Əkinçi” qəzetini yaratması, istər “Əkinçi”öncəsi və “Əkinçi”sonrası dövrdə, Hacı Zeynalabdin Tağıyevin “Qızlar məktəbi”ndə, Bakı şəhər Dumasında… – ümumən bütün şüurlu həyatı boyu fəaliyyətləri ilə zəngin irs qoyub gedib, adı öz sağlığında əfsanələşib – örnək ömür yaşayıb.
Həsən bəy Zərdabi (Həsən bəy Səlim bəy oğlu Məlikov; 28.06.1837, Zərdab – 28.11.1907, Bakı) ilk təhsilini Zərdabda kənd mədrəsəsində alıb; burada ərəbcə və farsca öyrənən Zərdabi 1852-ci ildə Şamaxı şəhərində açılan, rusca dünyəvi təhsil verən məktəbə yazılıb. Məktəbin buraxılış imtahanında, Qafqaz Təhsil Komissiyası müdiri baron Nikolayın diqqətini çəkib və baron onu dövlət təqaüdü ilə Tiflisə oxumağa göndərməyi təklif edib (O ərəfələrdə atası vəfat edən Həsən bəyin böyük qardaşları onun Tiflisə getməsinə icazə verməsə də, atasının Tiflisdə yaşayan dayısı – general Fərəc bəy Ağayev hadisəyə müdaxilə edərək, onun Tiflisə aparılmasını təmin edib).
1858-1861-ci illərdə I Tiflis Məktəbində oxuyan Həsən bəy dövlət təqaüdü ilə Moskva Dövlət Universiteti Fizika-riyaziyyat fakültəsində təbiət elmləri üzrə təhsil almağa göndərilib. 1865-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirib (Elmi iş üçün universitetdə saxlanılması qərarlaşdırılsa da, dogma vətəninə olan sonsuz məhəbbəti, xalqına, millətinə xidmət etmək arzusu onu Azərbaycana çəkib gətirib).
Zərdabinin dünyagörüşünün formalaşması Moskvada oxuduğu illərdə daha da sürətlənib (O dövrdə Rusiyada çarlıq əleyhinə gənclik hərəkatları başlamışdı. Bu hərəkatın başçıları Moskvada yaşamaqda və hərarətli tərəfdarları olan gənclər də Moskva Dövlət Universitetində oxumaqda idi). Həsən bəy Zərdabi universiteti bitirdikdən sonra Tiflisdə - Torpaq İdarəsində işləyib. Bu vəzifədən ayrıldıqdan sonra 28 fevral 1868-ci ildə Qubada məhkəmə katibi vəzifəsində çalışıb. 04 oktyabr 1868-ci ildən sonra bir müddət müstəqil məhkəmə vəkilliyi edib. 18 noyabr 1869-cu ildə Bakıda təbiət elmləri üzrə müəllim kimi işə düzəlib, bununla da həyatında yeni dövr – maarifçilik, xalqın savadlanması, ana dilində təhsil uğrunda mübarizə mərhələsi başlayıb, lakin xeyli problemlərlə üzləşib.
Problem onda idi ki, Həsən bəy Qafqazda o zaman fəaliyyət göstərən 10 gimnaziyada çalışan müəllimlər içərisində ali təhsilli yeganə azərbaycanlı idi. Azərbaycanlı şagirdlər də çox az idi. Buna görə Həsən bəy azərbaycanlı uşaqları məktəbə cəlb etmək üçün xalq içərisində təbliğat aparmağı başlamalı olur.
Sonra müsəlmanlar arasında ilk dəfə 1872-ci ildə Bakıda “Cəmiyyət-xeyriyyə” yaradıb. Həmin il, bütün yay boyu Həsən bəy gimnaziyada təhsil alan şagirdləri Nəcəf bəy Vəzirov və Əsgərağa Gorani (Adıgözəlov) ilə birlikdə Azərbaycanın şəhər və kəndlərini dolanaraq, “Cəmiyyət-xeyriyyə”yə üzvlər cəlb etməklə məşğul olub.
Yoxsul, kimsəsiz uşaqların tərbiyəsi və məktəbə hazırlığı ilə məşğul olmaq üçün savadlı milli qadın müəllimlərə ehtiyac yaranır. Belə bir vaxtda Həsən bəy bir gün “Qafqaz” qəzetindəki bir xəbərdən Tiflisdə olan “Müqəddəs Nina” Qız məktəbindən məzun olanlar arasında Nalçik şəhərində doğulmuş və Balkar türklərindən olan Hənifə xanım Abayevanın da olduğunu öyrənir. Bundan sonra Tiflisə gedən Həsən bəy Hənifə xanımı taparaq, onunla tanış olur və ona gələcəklə bağlı fikirlərini deyir. Hənifə xanımın da eyni fikirdə olduğunu öyrənincə, ona evlənmə təklifi edir. Təklifi qəbul edən Hənifə xanım Zərdabi ilə birlikdə Bakı şəhərinə köçür...
Həsən bəy Zərdabi Azərbaycan peşəkar teatrının yaradıcılarındandır. 1873-cü ildə onun rəhbərliyi və şagirdləri – dramaturqlar Nəcəf bəy Vəzirov ilə Əsgər ağa Goraninin fəal iştirakı ilə M.F.Axundovun “Hacı Qara” və “Lənkəran xanının vəziri” komediyaları tamaşaya qoyulub. Zəhmətkeş kütlələrin tərəqqisini təhsildə, elmdə görən, elmin, təhsilin həyatla sıx bağlarına böyük önəm vermiş Həsən bəy geniş ictimai fəaliyyət göstərib, Azərbaycan Müəllimlərinin I Qurultayının işində yaxından iştirak edib (1906-cı il, Bakı).
Həsən bəy Azərbaycan qadınlarının maariflənməsinə də həssaslıqla yanaşaraq, 1901-ci ildə Bakıda azərbaycanlı qızlar üçün ilk məktəbin açılmasına böyük kömək göstərib. Gündəlik həyatında və işində xalqla sıx bağlı olub, asudə vaxtını sadə xalq kütlələri arasında keçirib, uşaqları, yeniyetmələri təhsilə, elmə, maarifə həvəsləndirib. Bu həvəsləndirmələrin, ümumən öz işini nə qədər sevgi və peşəkarlıqla, inandırıcılıqla aparmasının bir örnəyi: Həsən bəyin təbliğatı ilə Bakı gimnaziyasında oxuyan tələbələrin sayı az bir zamanda xeyli çoxalıb.
Zərdabi hüquq, müəllimlik, teatr və Xeyriyyə Cəmiyyəti yolu ilə xidmət etdiyi dogma xalqına daha çox xidmət etmənin yollarını axtarırdı. Çətin də olsa, doğma dildə qəzet açmaq istəyi olan Həsən bəy öz istək və xalqcanlı həyəcanını bu sözlərlə ifadə edirdi: “…Elmsiz bu dövrdə yaşamaq mümkün deyildir. Nə etməli? Hər kəsi çağırıram gəlmirlər, göstərirəm görmürlər, deyirəm anlamırlar. Sonunda başa düşdüm ki, səs-küy salaraq, məcburi başa salmaqdan başqa çarəm yoxdur. Mütləq bu izah etdiklərimi bir gün başa düşən olacaqdır. Axan bir suyun altına nə qədər sərt daş qoyursan qoy, zamanla o daş əriyib yox olacaqdır. Əgər elədirsə, doğru söz də bir gün başa düşüləcəkdir. Onun üçün mütləq qəzet nəşr etdirmək gərəkdir. Hər il qəzet oxuyanlardan 10 nəfər anlasa, onların sayı hər il artacaqdır. Suyun önünü kəsən o bənd sonunda dayana bilməyib yıxılacaqdır!”
Rəsmi orqanlardan çətinliklə də olsa, qəzet nəşri üçün razılıq alan Həsən bəy İstanbuldan hürufat gətizdirib və nəhayət, xeyli zəhmətdən, əzab-əziyyətdən sonra 22 iyul 1875-ci ildə Bakıdakı qubernator mətbəəsində Azərbaycan dilində “Əkinçi” qəzetinin nəşrinə nail olub.
“Əkinçi” Azərbaycan, həmçinin də bütün Rusiyada nəşr olunan ilk türkdilli qəzet idi. 29 sentyabr 1877-ci ilədək çapını davam etdirən “Əkinçi”nin 56 sayı işıq üzü görüb. “Əkinçi”nin dəsti-xətti əsasən bir ideya üzərində qurulmuşdu: Zərdabi və onunla birlikdə bu qəzetdə çalışan maarifçi, demokratik yazarlar, Şərqin haqq etmədiyi bir gerilik işində olmasını, ətalət və süstlüyünü həqiqi azadlığın olmamasında görürdü; onlar öz sözlərini dolayı yolla olsa belə, “Əkinçi” üzərindən xalqa çatdıra bilirdi. O dövrdə xalqın başa düşəcəyi sadə dildə yazılan bu qəzetdə belə fikirlərin səslənməsi Azərbaycanı əsarət altında saxlayan imperiya məmurlarını ciddi narahat etməsi təsadüfi deyildi... Maarifçi və demokratik ideyaların carçısı olan “Əkinçi” realist Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətlər göstərdi.
Azərbaycan tarixində ilk qız məktəbinin açılmasında, bu məktəbin qurucusu Hacı Zeynalabdin Tağıyevlə yanaşı, Həsən bəy Zərdabi və həyat yoldaşı Hənifə xanımın böyük zəhmətləri olub.
1880-cı ildən etibarən Həsən bəy Zərdabi doğma Zərdabda yaşayıb. O, kənd təsərrüfatı sahəsində kəndlilərə məsləhətlər verir, məqamı yetişəndə yerli camaata öz maarifçi, demokratik ideyalarını çatdırırdı. Bakıdan kənarda yaşamasına baxmayaraq, o, yenə də mətbuatda fəal şəkildə görünür, öz maarifçi-demokrat ideyalarını xalqa yayırdı.
1880-1890-cı illərdə naşirin Bakıda və Tiflisdə çıxan “Ziya”, “Kəşkül”, “Kaspi”, “Novoye obozreniye” və s. qəzetlərdə Azərbaycan və rus dillərində çoxlu elmi-kütləvi məqaləsi çap edilib.
Həyatının son illərində Həsən bəy Zərdabi Bakı Şəhər Dumasında maarif şöbəsində rəsmi vəzifədə çalışaraq Bakı və ətraf kəndlərdəki məktəblərə başçılıq edib. Gərgin zehni fəaliyyətlə məşğul olan Həsən bəy Zərdabi fiziki ömrünün sonuna yaxın iflic keçirib, danışa bilməyib; lakin o, bu əngələ də fikir verməyərək, “Kaspi” qəzetindəki vəzifəsini davam etdirib. 28 may 1907-ci ildə haqqın rəhmətinə qovuşan fədakar ziyalının cənazəsi çox böyük insan selinin müşayiəti ilə dəfn edilib. Çar Rusiyasının, demək olar, hər bir bölgəsində oxucular onun vəfatı haqqında məlumatlar yayıb.
Həsən bəy köhnə Bibiheybət məscidinin yaxınlığında dəfn olunsa da, 1937-ci ildə həmin ərazi dağıdılıb, bundan sonra mərhumun sümükləri bir neçə il ailəsi tərəfindən hifz olunub; 1957-ci ildə Həsən Bəy Zərdabinin vəfatının 50 illiyi qeyd olunarkən sümükləri Fəxri Xiyabanda dəfn olunub.
Həsən bəy Azərbaycanın istiqlala qovuşduğunu görməsə də, bir qədər sonra Xalq Cümhuriyyətinin qurulması, həm də Həsən bəy və fikirdaşlarının öz əkinçi ömürləri ilə səpib-böyütdüyü ideyaların – milli davanın təntənəsi idi…
Həsən bəy və fikirdaşlarının ömrü – milli dövlət olmayan dövrlərdə, sanki dövlətin funksiyalarını, missiya-mandatını öz üzərlərinə götürmək ərdəmi, fədakarlıq və cəsarətiydi! Həsən bəyin ömrü adı – imzası kimidir: gözəl və bəyəfəndi ömrü!
Xatirəsi həmişə əziz olan Həsən Bəy Zərdabinin İçərişəhərdə (Milli Ensiklopediyanın keçmiş binası qarşısında) heykəli ucaldılıb, Azərbaycan Təbiət Tarixi Muzeyi onun adını daşıyır. Bu il isə Qubada xatirə kompleksi yaradılıb. Haqqında onlarla bədii, elmi əsər yazılıb və yazılacaqdır.
Hər il 22 iyul – “Əkinçi”nin nəşrə başladığı gün Azərbaycan Milli Mətbuat Günü olaraq qeyd edilir.
Ruhu şad olsun!
Qənirə Paşayeva,
Milli Məclisin Mədəniyyət komitəsinin sədri