Masallı Rayon Polis Şöbəsinin və Masallı rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə rayonun Qodman kənd tam orta məktəbində narkomaniya və erkən nikahın fəsadları mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirin əsas məqsədi məktəblilər arasında sağlam həyat tərzinin təbliği, gənclərin zərərli vərdişlərdən qorunması, eləcə də erkən nikahın yaratdığı sosial və hüquqi problemlər barədə məlumatlılığın artırılması olub.
Tədbirdə Masallı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azay Ağayev, Masallı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Abbas Abbaszadə, rayon polis şöbəsinin rəis müavini, polis mayoru İxtiyar Talıbov, Masallı rayon təhsil sektorunun aparıcı məsləhətçisi Hörmət Balakişiyev, məktəbin direktoru, müəllim və şagird kollektivi iştirak ediblər.
Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda gənclər arasında narkomanlığın qarşısının alınması, şagirdlərin qadağan olunmuş əşyaları (kəsici və deşici alətlər, təhlükəli, zəhərli və tez alışan maddələr, kibrit və alışqanlar, siqaret və elektron siqaretlər, spirtli içkilər, təsbeh və zinət əşyaları kimi aksesuarlar, qanunla istifadəsi qadağan olunmuş maddələr) məktəbə gətirməmələri, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin hüquqi nəticələri barədə ətraflı məlumat verilib.
Bununla yanaşı, yetkinlik yaşına çatmayanların təzyiqə və məişət zorakılığına məruz qalması, cinsi və əmək istismarına təhrik olunması, erkən nikaha cəlb edilməsi kimi halların qarşısının alınması istiqamətində maarifləndirici tövsiyələr səsləndirilib. Tədbir çərçivəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təhsil imkanları barədə də şagirdlərə məlumat verilib və gənclər bu istiqamətdə təşviq olunublar.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb və tədbirin maarifləndirici əhəmiyyəti xüsusi vurğulanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.