AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BŞTİ "Paytaxt təhsili 2020-2021-ci tədris ilində" adlı hesabat təqdim etdi

  • + A
  • - A
  • 21-06-2021, 14:35


    2020-2021-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil sahəsində keyfiyyətin davamlılığının təmin edilməsi istiqamətində məqsədyönlü işlər görülüb. 2020-2021-ci tədris ili bir tərəfdən ciddi sınaqlar ili kimi yadda qalsa da, digər tərəfdən yeni imkanlar ili kimi səciyyələndirilə bilər.

    Bu tədris ilində, həmçinin müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən dəyişikliklərə və qarşıda duran vəzifələrin icrasına nail olmaq məqsədilə BŞTİ-nin və İdarənin tabeliyindəki ümumi təhsil məktəblərinin imkanları səfərbər edilib.


    Ümumi statistika

    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 309 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 317 məktəb və 5 Uşaq-Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərir.

    2020-2021-ci tədris ilində BŞTİ-nin tabeliyindəki məktəblərdə 456 076 şagirdin təlim-tərbiyəsi ilə 28 167 müəllim məşğul olub.

    BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərini 44 847, IX siniflərini 34 874, XI siniflərini 20 024, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 146 nəfər bitirib.



    I sinfə qəbul prosesi

    Paytaxt üzrə BŞTİ-nin tabeliyində olan ümumi təhsil müəssisələrinə və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I siniflərinə qəbul olmaq üçün elektron sistem vasitəsilə 45 791 müraciət edilib.

    Ümumi təhsil məktəblərinin I siniflərinə şagird qəbulu zamanı əvvəlcə elektron sistemdə qeydiyyat prosesi, daha sonra isə məktəb seçimi prosesi aktivləşdirilib. Bu yolla müəyyən səbəblərdən elektron sistemdən istifadə etməkdə çətinlik çəkən valideynlərin qeydiyyat prosesini bitirmək üçün əlavə vaxt qazanması və digər valideynlərlə eyni anda məktəb seçimi mərhələsində iştirak edə bilməsi təmin olunub.

    Ümumi təhsil məktəblərinin tədris digər dildə aparılan bölmələri üzrə uşaqların I sinfə qəbul zamanı şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün müsahibə təşkil edilib. Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar onlayn müsahibə prosesi “Microsoft Teams” platforması vasitəsilə valideynlə videobağlantı yaratmaqla, Komissiya üzvlərinin uşaqla ünsiyyəti şəklində həyata keçirilib. Müsahibə nəticəsi üzrə vətəndaşların müraciətlərinə baxılması üçün onlayn Apellyasiya komissiyası da fəaliyyət göstərib.

    Qeyd edək ki, 24 iyun tarixindən etibarən müsahibə nəticəsi məqbul hesab edilən uşaqlar üçün 2020-2021-ci tədris ili üzrə I sinfə elektron sistemdə məktəbə sorğu yerləşdirilməsi prosesi aktivləşdiriləcək.

    Müsahibə nəticəsi məqbul hesab edilməyən uşaqlar üçün isə Azərbaycan bölməsi üzrə məktəb seçimi imkanı yaradılıb.



    Paytaxtda I sinfə qeydiyyatla bağlı suallar cavablandırılıb

    Paytaxt məktəblərində I sinfə elektron qeydiyyatla bağlı vətəndaşları düşündürən məsələlərə daha geniş aydınlıq gətirmək üçün BŞTİ-nin “Facebook” səhifəsində müvafiq suallara cavab verilib. Suallar şərhlər vasitəsilə 28-30 aprel 2021-ci il tarixlərində cavablandırılıb.



    31 Alternativ qeydiyyat mərkəzi fəaliyyət göstərir

    Mövcud sanitar- epidemioloji vəziyyətlə əlaqədar ümumi təhsil müəssisələrinin I siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə 31 Alternativ qeydiyyat mərkəzi fəaliyyətdədir.

    Belə ki, özü elektron qeydiyyatdan keçə bilməyən valideynlərə paytaxtın 12 rayonu üzrə 27 məktəbdə yaradılmış işçi qrupları və 4 “Whatsapp” nömrəsi vasitəsilə zəruri köməklik göstərilir.



    26 754 uşaq məktəbəhazırlıq məşğələlərinə cəlb olunub

    2020-2021-ci tədris ilində paytaxt üzrə BŞTİ-nin tabeliyindəki 275 ümumi təhsil müəssisəsində 1083 məktəbəhazırlıq qrupu fəaliyyət göstərib. Məktəbəhazırlıq qruplarına 26 754 uşaq cəlb olunub.



    16 040 şagirdin elektron sistem vasitəsilə yerdəyişməsi aparılıb

    2020-2021-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 16 040 şagirdin elektron sistem (sy.edu.az) vasitəsilə yerdəyişməsi aparılıb.

    Qeyd edək ki, şagird yerdəyişməsinin elektronlaşdırılması məktəb-valideyn əlaqələrinin bu proses çərçivəsində daha da təkmilləşdirilməsinə və valideylərin təhsil müəssisələri ilə təmasının daha rahat və şəffaf təşkilinə xidmət edir.



    60 Bakı məktəblisi olimpiadada qalib olub

    Respublika Fənn Olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 8-i qızıl, 26-sı gümüş, 26-sı bürünc medal əldə edib. Respublika Fənn Olimpiadalarında ümumilikdə, 60 məktəbli uğur qazanıb.



    Məntiq Olimpiadasında 26 paytaxt məktəblisi qalib olub

    Lütfi Zadə adına Məktəblilərarası Məntiq Olimpiadasının final mərhələsində 26 paytaxt məktəblisi qalib olub. Belə ki, 4 nəfər I, 9 nəfər II, 13 nəfər isə III yerin sahibi olub.



    VI Respublika fənn müsabiqələrində 33 şagird qalib olub

    Ümumi təhsil məktəblərinin VI və VII sinif şagirdləri arasında VI Respublika fənn müsabiqələri keçirilib. Fizika, kimya, biologiya, riyaziyyat və informatika üzrə keçirilən fənn müsabiqələrinin final mərhələsinin nəticələrinə əsasən, Bakı şəhəri üzrə 3 nəfər riyaziyyat, 8 nəfər kimya, 3 nəfər fizika, 6 nəfər biologiya, 13 nəfər isə informatika fənni üzrə yüksək bal toplayaraq I, II və III yerlərə layiq görülüb.



    196 “Sağlam təhsil” sinfi təşkil edilib

    Paytaxtdakı ümumi təhsil müəssisələrində “Sağlam təhsil-sağlam millət” layihəsinin davamlılığı təmin edilib.

    Layihə çərçivəsində 2020-2021-ci tədris ilində paytaxtdakı 39 ümumi təhsil müəssisəsində 170 “Sağlam təhsil” sinfi fəaliyyət göstərib. Həmçinin paytaxtdakı 20 məktəbdə 26 “Sağlam təhsil” məktəbəhazırlıq qrupu təşkil olunub.



    Təntənəli açılış mərasimləri

    2020-2021-ci tədris ili ərəfəsində BŞTİ-nin tabeliyindəki əsaslı təmir edilmiş təhsil müəssisələrinin təntənəli açılış mərasimləri keçirilib. Bakı şəhəri 154, 216, 251 nömrəli tam orta məktəblərin açılış mərasimlərində ölkə Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva iştirak ediblər.

    Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 28-də paytaxtın Sabunçu rayonunda yenidən inşa olunan 90 nömrəli və Suraxanı rayonundakı 97 nömrəli tam orta məktəblərdə yaradılan şəraitlə tanış olub.



    Təhsil üçün vaksinasiya

    Paytaxtda təhsil işçilərinin 24 978 nəfəri vaksinasiya prosesinə qoşulub.

    “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq paytaxtdakı təhsil müəssisələrində çalışanların vaksinasiya prosesi həyata keçirilir.

    Bu məqsədlə Bakı şəhərində yerləşən ümumi təhsil məktəblərində 10 peyvənd məntəqəsi fəaliyyət göstərir.

    Qeyd edək ki, BŞTİ-nin kollektivi də vaksinasiya prosesində iştirak edib.



    Tədris ilinin ilk dərsləri

    2020-2021-ci tədris ilində ilk dərslər ibtidai siniflərdə “Gigiyena qaydalarına necə əməl edirəm?”, V-IX siniflərdə “Müstəqil öyrənmə bacarıqlarına yiyələnmək zamanın tələbidir”, X-XI siniflərdə isə “Məsuliyyətli vətəndaş qüdrətli dövlət deməkdir” mövzularına həsr olunub.



    Paytaxtdakı 187 məktəbdə 709 təmayül sinif təşkil olunub

    Ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşmənin miqyası genişləndirilib.

    BŞTİ-nin tabeliyindəki 187 məktəbdə 709 təmayül sinif təşkil olunub.

    Təmayülləşmə ümumi təhsildə keyfiyyətin artırılmasına xidmət edir.



    86 şagird inklüziv təhsilə cəlb edilib

    Bakı şəhəri üzrə 4 ümumi təhsil müəssisəsində 86 şagird inklüziv təhsilə cəlb edilib. Həmçinin “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”na əsasən, məqsədyönlü işlər görülüb, bu sahədə müəllimlərin üzərinə düşən vəzifələr müəyyənləşdirilib.

    Bu, sağlamlıq imkanları qismən məhdud uşaqlarla tam sağlam uşaqların eyni sinifdə oxuduğu siniflərdir. Layihə həmin uşaqların cəmiyyətə daha rahat inteqrasiyasına xidmət edir.



    İşə qəbul üzrə 1 739 vakansiya təqdim olunub

    Müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə BŞTİ tərəfindən 2020-2021-ci tədris ili üçün 1 739 vakansiya təqdim olunub.



    1 600 nəfər işə qəbul olunub

    Müsabiqə və müsahibələr nəticəsində 1 600 nəfər işə qəbul olunub.

    Bunlardan:

    760 nəfər müəllimlərin işə qəbulu müsabiqəsinin müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində;

    580 nəfər müddətli müqavilə əsasında çalışan müəllimlərin daimiləşmə prosesi nəticəsində;

    260 nəfər isə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul olunub.



    901 nəfər çalışmanın yaş həddinə çatmış müəllimlə müddətli müqavilə bağlanıb

    2020-2021-ci tədris ili ərzində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində çalışmanın yaş həddinə çatmış 901 nəfərlə müddətli müqavilə bağlanıb.



    66 nəfər müxtəlif vəzifələrə təyin edilib

    2020-2021-ci tədris ili ərzində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə 43 nəfər, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə 23 nəfər təyin olunub.



    İşə qəbul müsabiqəsi keçirilir

    BŞTİ tərəfindən tabeliyindəki ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqə keçirilir.

    Qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən 1 146 şəxs http://musabiqe.baku.edu.az/ portalı vasitəsilə qeydiyyatdan keçib. Qeydiyyatdan keçmiş şəxslərin elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra 778 namizədin müsabiqənin test imtahanı mərhələsində iştirakı mümkün hesab edilib.



    Məktəb idarəçiliyi

    2020-2021-ci tədris ili ərzində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə 8 nəfər direktor vəzifəsinə işə qəbul edilib, 21 direktorun iş yeri dəyişdirilib.

    İdarə tərəfindən 25 məktəb direktoru Fəxri Fərmanla təltif edilib.

    118 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb.

    Çalışmanın yaş həddinə çatmış 36 direktorla müqavilənin müddəti 2020-2021-ci tədris ili çərçivəsində uzadılıb.

    20 direktorla bağlanmış əmək müqaviləsi ləğv edilib.

    1 ümumi təhsil məktəbinin (304) fəaliyyəti dayandırılıb.

    1 ümumi təhsil məktəbinin (152) fəaliyyəti bərpa edilib.



    TDM-ə işə qəbul müsabiqəsi

    BŞTİ-nin nəzdindəki Təlimə Dəstək Mərkəzinə (TDM) işə qəbul müsabiqəsinin onlayn qaydada imtahan mərhələsi keçirilib. Üç mərhələdən ibarət müsabiqənin imtahan mərhələsində TDM-də Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, ingilis dili, ibtidai sinif, fizika, kimya, biologiya, tarix, coğrafiya və informatika ixtisasları üzrə metodist (mentor) kimi çalışmaq arzusunda olan 62 nəfər iştirak edib. Müsabiqənin nəticələrinə əsasən 8 nəfər işə qəbul edilib.



    Orta aylıq əmək haqqı 702 manat təşkil edib

    BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 2020-2021-ci tədris ili üçün 702 manat təşkil edib.



    BŞTİ əməkdaşları təltif olunub

    BŞTİ-nin əməkdaşları Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının 100 illik yubiley döş nişanı ilə təltif ediliblər.



    Şagirdlərin hazırlıq səviyyəsi yoxlanılıb

    BŞTİ tərəfindən tədris ili ərzində iki dəfə IX siniflər üzrə sınaq qiymətləndirmə keçirilib.

    Mövcud epidemioloji vəziyyətlə əlaqədar onlayn şəkildə təşkil olunan ilk qiymətləndirmədə 35 667, ikinci qiymətləndirmədə isə 30 730 şagird iştirak edib.

    Riyaziyyat, ingilis dili və təlim dili üzrə keçirilmiş sınaq qiymətləndirmənin əsas məqsədi şagirdlərin buraxılış imtahanlarına hazırlıq səviyyəsinin müəyyənləşdirilməsindən ibarətdir. Qiymətləndirmə bitdikdən sonra şagirdlərin topladığı bal ümumi təhsil müəssisələrinə göndərilib.



    Paytaxt məktəbliləri buraxılış imtahanlarında uğura imza atıb

    BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanlarında uğura imza atıb.

    Belə ki, 2020-2021-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin şagirdləri (IX sinif) üçün keçirilmiş buraxılış imtahanlarında Bakı şəhəri 291 nömrəli Ekologiya liseyinin şagirdi Zöhrə Tağıyeva, Texniki-humanitar liseyin şagirdləri Aysel Sadıqova və Aysel Səfərzadə, 47 nömrəli tam orta məktəbin şagirdi Həcər Sadıxova, 251 nömrəli tam orta məktəbin şagirdi Validə Ağazadə 300 bal toplayaraq maksimum nəticə göstəriblər.



    “Direktorlar klubu” yaradılıb

    Ümumi təhsil məktəbləri direktorlarının vacib mövzular üzrə ictimaiyyətə açıqlığını və kommunikasiyasını təmin etmək məqsədilə “Direktorlar klubu” yaradılıb.

    Təhsil Nazirliyinin dəstəyi, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının və Təhsil İdarəçiləri Assosiasiyasının təşkilatçılığı, “Kapital Bank”ın baş sponsorluğu ilə yaradılmış klubun əsas məqsədi ümumi təhsil məktəbi direktorlarının təcrübə mübadiləsini təmin etmək, onlar arasında əməkdaşlığı inkişaf etdirmək, bu yolla onların bacarıqlarını təkmilləşdirmək və təhsilin idarəetməsində keyfiyyətin artırılmasına töhfə verməkdən ibarətdir.



    Paytaxt üzrə 308 məktəbdə “Yay məktəbi” təşkil olunub

    BŞTİ-nin tabeliyindəki 308 ümumi təhsil müəssisəsində “Yay məktəbi” təşkil edilib.

    16-30 iyun tarixlərini əhatə edən “Yay məktəbi”nə ümumi təhsil müəssisələrinin I-X sinif şagirdləri ödənişsiz və könüllü əsaslarla qoşulublar.

    “Yay məktəbi” şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə təşkil edilib.



    4 ümumi təhsil müəssisəsində inspeksiya və monitorinq təşkil olunub

    2020-2021-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə birlikdə 2 ümumi təhsil müəssisəsində inspeksiya keçirib.

    Eyni zamanda BŞTİ-nin müvafiq əmrinə əsasən, 2 ümumi təhsil müəssisəsində kompleks monitorinq təşkil olunub.



    Qabaqcıl ölkələrin təhsil sistemi araşdırılıb

    Polşa, Böyük Britaniya, Estoniya, Kanada kimi qabaqcıl ölkələrin təhsil sistemləri, qiymətləndirmə və inspeksiya aparılması qaydaları, distant təhsilin effektivliyi, distant təhsil zamanı vaxtın idarə olunması kimi məsələlər araşdırılıb, bu kimi təcrübələrin paytaxt təhsilinə tətbiqi imkanları müzakirə olunub.



    “Məktəblinin dostu” layihəsinin əhatə dairəsi genişlənir

    Pandemiya dövründə “Məktəblinin dostu” layihəsinin əhatə dairəsi genişləndirilib və ilkin olaraq şagird sayı çox olan məktəblərə şamil edilib.

    Belə ki, “Məktəblinin dostu” layihəsi Bakı, Abşeron və Sumqayıt üzrə 226 ümumi təhsil müəssisəsində fəaliyyət göstərib.

    Layihə BŞTİ-nin tabeliyindəki 186 ümumi təhsil müəssisəsini əhatə edib.

    Sözügedən layihə çərçivəsində şagirdlər arasında “Əsgərə salam” aksiyası təşkil olunub. Həmçinin məktəblilər Vətən Müharibəsində rəşadətli ordumuza dəstək olmaq üçün maraqlı videoçarxlar hazırlayıblar.

    “Məktəblinin dostu” layihəsinin təşkilatçılığı ilə mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, məktəblilər arasıda bir sıra onlayn yarışlar təşkil olunub.

    Bundan başqa, təhlükəsizlik və sağlamlığa dair biliklərin artırılması, şagirdlər üçün xüsusi günlərə həsr olunmuş təlimlərin təşkili, sosial-emosional, vətənpərvərlik mövzularında tədbirlər həyata keçirilib.



    211 layihə qeydiyyatdan keçib

    Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi çərçivəsində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələri üzrə 211 layihə qeydiyyatdan keçib.

    Onlardan 147-si fərdi, 64-ü isə ümumi təhsil kateqoriyası üzrə müəyyən olunub.



    “Virtual məktəbdə bir gün” layihəsi

    BŞTİ tərəfindən “Virtual məktəbdə bir gün” layihəsi həyata keçirilib.

    Layihə çərçivəsində ümumi təhsil müəssisələrində təşkil edilən distant dərslər BŞTİ rəhbərliyi və İdarənin əməkdaşları tərəfindən dinlənilib, “Virtual məktəb” platformasında tədris və təlim-tərbiyə prosesinin təşkilinin daha da təkmilləşdirilməsi, distant təhsilə cəlbolunma səviyyəsinin təhlili istiqamətində müəllim və məktəb rəhbərlərinin iştirakı ilə müzakirələr aparılıb.



    “Onlayn dərs” müsabiqəsi keçirilib

    BŞTİ tərəfindən “Onlayn dərs” müsabiqəsi keçirilib.

    “Virtual məktəbdə bir gün” layihəsinin davamı kimi təşkil edilən müsabiqəyə ümumilikdə 193 onlayn dərs nümunəsi təqdim olunub. Onlardan 12-si qalib olub, 11-i isə fərqlənən dərs kimi qiymətləndirilib. Qaliblər BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb.



    Tədrisin təşkilinə dair birgə layihə

    BŞTİ və AzEduAz Təhsil Portalı tərəfindən məktəb direktorları üçün “Tədrisin təşkili: yeni şərait, yeni qaydalar” layihəsi həyata keçirilib.

    Məktəb direktorları layihə çərçivəsində yeni tədris mühitində ümumi təhsil müəssisələrində dərslərin təşkili ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarı, Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrlərinin icrası çərçivəsində həyata keçirilən işlərə dair məqalələrlə çıxış ediblər.

    Layihə ümumi təhsil müəssisələrində xüsusi karantin rejimi dövründə məktəb direktorlarının tədris və təlim-tərbiyə prosesinin təşkilinə dair pedaqoq və idarəedici kimi praktik təcrübəsini, müvafiq təklif və tövsiyələrini bölüşmək məqsədilə keçirilib.



    “Qəhrəman müəllimlərimizi tanıyaq” layihəsi

    BŞTİ tərəfindən “Qafqazinfo” saytı ilə birgə “Qəhrəman müəllimlərimizi tanıyaq” layihəsi həyata keçirilir.

    Layihə çərçivəsində Vətən Müharibəsində iştirak edən müəllimlər barədə ətraflı məlumat verilir, onların döyüş yolunu, eləcə də mülki həyatdakı fəaliyyətini əks etdirən fotoşəkillər təqdim olunur.

    Layihənin əsas məqsədi Vətən Müharibəsində şanlı zəfərin qazanılmasında iştirak edən, yetirmələri olan keçmiş şagirdlərlə çiyin-çiyinə döyüşən paytaxt məktəblərində çalışan müəllimləri daha yaxından tanıtmaqdan və müəllim obrazını fərqli istiqamətdən təqdim etməkdən ibarətdir.



    “Mənim məktəbim” layihəsi həyata keçirilir

    BŞTİ və ASAN radionun birgə təşkilatçılığı ilə “Mənim məktəbim” layihəsi həyata keçirilir.

    Layihə çərçivəsində hazırlanan qısa radioçarxlarda məktəblərin inkişaf tarixinin maraqlı məqamları, uğurları və seçilən məzunları haqqında dinləyicilər məlumatlandırılır.



    Mütaliəyə dair sosial layihə

    “Hər kitab bir xəzinədir” adlı sosial layihə həyata keçirilib.

    BŞTİ tərəfindən təşkil edilmiş layihədə məktəbli, valideyn və pedaqoji işçilər iştirak edib. İştirakçılar mütaliə etdikləri kitabdan bəyəndikləri hissəni oxuyaraq 1 dəqiqəlik videogörüntü formatında #HərKitabBirXəzinədir həştəqi ilə “Facebook” sosial şəbəkəsində paylaşıblar.



    Paytaxt üzrə 5 məktəbdə peşə təmayüllü siniflər fəaliyyət göstərir

    BŞTİ-nin tabeliyindəki 5 ümumi təhsil müəssisəsində peşə təmayüllü siniflər fəaliyyət göstərir.

    Paytaxtdakı 117, 120, 234, 274, 293 nömrəli tam orta məktəblərdə fəaliyyət göstərən peşə təmayüllü siniflərin yaradılmasının əsas məqsədi ümumi təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsini təmin etmək, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasından ibarətdir.



    “Rəqəmsal bacarıqlar” layihəsi

    Paytaxtın 123 ümumi təhsil məktəbində “Rəqəmsal bacarıqlar” layihəsi həyata keçirilib. Layihədə Bakı şəhəri üzrə 950 müəllim və 83 700 şagird iştirak edib.
    Layihə çərçivəsində VI sinifdə təhsil alan 1 440 şagirdin informatika fənninə olan marağının müəyyənləşdirilməsi məqsədilə qiymətləndirmə imtahanı keçirilib.



    Paytaxtın 305 məktəbində “Kiçik akademiya” fəaliyyət göstərib

    2020-2021-ci tədris ilində BŞTİ-nin tabeliyindəki 305 ümumi təhsil müəssisəsində “Kiçik akademiya” fəaliyyət göstərib.

    “Kiçik akademiya”ların fəaliyyətinin gücləndirilməsinə dair BŞTİ-nin Tədbirlər Planına əsasən, paytaxtın bütün məktəblərində “Kiçik akademiya” yaradılması nəzərdə tutulur. Təcrübə mübadiləsini genişləndirmək üçün Bakı şəhərinin hər inzibati rayonunda 1 məktəb “Kiçik akademiya” üzrə mərkəz olaraq müəyyənləşdirilib.



    77 məktəbdə STEAM layihəsi tətbiq edilib

    Paytaxtın 77 ümumi təhsil məktəbində STEAM layihəsi tətbiq edilib.

    Təhsil Nazirliyi tərəfindən reallaşdırılan layihənin məqsədi müasir təhsil çağırışları əsasında inkişaf etmiş ölkələrdə tətbiq edilməyə başlanılan təhsil yeniliklərinin ölkəmizdə tətbiqi imkanlarının öyrənilməsi və tədrisindən ibarətdir.



    10 paytaxt məktəblisi ən yaxşı təqdimat müəllifi olub

    Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilib. Müsabiqənin nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin şagirdlərindən 2 nəfər I, 2 nəfər II, 3 nəfər III dərəcəli diplomla, 3 nəfər isə “Tərifnamə” ilə təltif olunub.



    “Sabahın alimləri” X Respublika Müsabiqəsi

    BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin 12 şagirdi “Sabahın alimləri” X Respublika Müsabiqəsinin qalibi olub.

    Müsabiqənin ölkə mərhələsinin nəticələrinə görə, paytaxt məktəblilərindən 1-i I yerə, 3-ü II yerə, 8-i isə III yerə layiq görülüb.

    “Sabahın alimləri” X Respublika Müsabiqəsinin nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 260 nömrəli tam orta məktəbin şagirdləri İntel ISEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində Azərbaycanı təmsil etmək hüququ qazanıb.



    “Qarabağ Azərbaycandır!” adlı intellektual müsabiqə

    BŞTİ-nin təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır!” adlı onlayn intellektual müsabiqə keçirilib. 294 şagirdin qatıldığı müsabiqənin əsas məqsədi şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin davamlı təşkilinə nail olmaq, Vətən Müharibəsində şəhid olanların xatirəsini ehtiramla yad etmək, Azərbaycan Ordusunun göstərdiyi şücaətə uşaq və gənclərin diqqətini cəlb etmək, habelə xüsusi istedada malik olan uşaqları üzə çıxarmaqdan ibarətdir.

    Müsabiqənin nəticələrinə əsasən, 2 şagird I, 2 şagird II, 3 şagird isə III yerə layiq görülüb. Müsabiqədə fərqlənən 2 məktəbli isə həvəsləndirici yeri tutub.



    Videotəqdimat müsabiqəsi keçirilib

    BŞTİ tərəfindən onlayn şəkildə videotəqdimat müsabiqəsi keçirilib.

    “Vətənin qəhrəman oğulları” adlı onlayn videotəqdimat müsabiqəsinə 250-dən artıq iş təqdim olunub.

    BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin VII-IX sinif şagirdləri arasında təşkil olunan müsabiqə şagirdlərdə Vətənin bütövlüyü uğrunda canından keçmiş Azərbaycanın igid oğullarının xatirəsini əbədiləşdirmək və xüsusi istedada malik olan uşaqların üzə çıxarılması məqsədilə keçirilib.

    Müsabiqənin nəticələrinə əsasən, 6 məktəbli “Təşəkkürnamə”yə, 5 məktəbli isə "Tərifnamə"yə layiq görülüb.



    İstedadlı şagirdlər üçün eksternat imtahanları keçirilib

    Ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan keçirilib. 1 (bir) şagird ibtidai təhsil səviyyəsi üzrə eksternat imtahanlarında müvəffəqiyyət qazanıb.



    Eksternat imtahanlarında 250 nəfər müvəffəq olub

    Müxtəlif səbəblərdən əvvəlki illərdə ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələrini başa vura bilməyən şəxslər üçün 2020-2021-ci tədris ilində təşkil edilən onlayn eksternat imtahanlarında ümumilikdə 316 nəfər iştirak edib. Onlardan 250 nəfəri imtahanın nəticələrinə görə müvəffəq olub.



    Paytaxt məktəbliləri beynəlxalq arenada

    Paytaxt məktəbliləri ölkəmizi beynəlxalq arenada uğurla təmsil ediblər.

    Rumıniyada təşkil olunan 37-ci Balkan Riyaziyyat Olimpiadasında Bakı şəhəri 2 nömrəli texniki-humanitar liseyin şagirdi Elçin Musazadə və 220 nömrəli məktəb-liseyin şagirdi Yusif Qasımov bürünc medal qazanıblar.

    Sankt-Peterburqda keçirilən 61-ci Beynəlxalq Riyaziyyat Olimpiadasında 220 nömrəli məktəb-liseyin şagirdi Yusif Qasımov həvəsləndirici sertifikata layiq görülüb.

    Qazaxıstanın Almatı şəhərində fizika, riyaziyyat və informatika fənləri üzrə onlayn XVII Beynəlxalq Jautıkov olimpiadasında (IZhO) paytaxt məktəbliləri ölkəmizi uğurla təmsil ediblər. Belə ki, riyaziyyat fənni üzrə 220 nömrəli məktəb-liseyin XI sinif şagirdi Yusif Qasımov gümüş medal, 72 nömrəli məktəb-liseyin X sinif şagirdi Cavad İsmayılzadə və 117 nömrəli tam orta məktəbin XI sinif şagirdi Rüstəm Təhməzov bürünc medal qazanıb. İnformatika fənni üzrə isə 269 nömrəli tam orta məktəbin XI sinif şagirdi Amin Cəlilov bürünc medalın sahibi olub.

    Bakı şəhəri 249 nömrəli tam orta məktəbin şagirdi Aydın Süleymanlı Monteneqronun Nikşiç şəhərində keçirilən “Vladimir Bato Kontiç” turnirində böyük uğura imza atıb. A.Süleymanlı 9 turdan 6,5 xal toplayaraq yarışın qalibi adını qazanıb. İstedadlı məktəbli bu nəticə ilə həm də qrossmeyster balını toplayıb.

    82 nömrəli tam orta məktəbin IX sinif şagirdi Selcan Əbdürəhmanlı Latviyanın paytaxtı Riqa şəhərində üzgüçülük idman növü üzrə keçirilən "Tokio 2021" Yay Olimpiya Oyunlarına lisenziya xarakterli beynəlxalq yarışda II yeri tutub və gümüş medala layiq görülüb.

    Paytaxtın 265 nömrəli tam orta məktəbinin XI sinif şagirdi Nicat Hüseynov Polşanın Keltse şəhərində keçirilən gənc boksçular arasında dünya birinciliyində bürünc medala layiq görülüb.

    “Microsoft” şirkəti tərəfindən təşkil olunmuş “Imagine Cup Junior” virtual süni intellekt hakatonunda ölkəmizi Bakı şəhəri 267 nömrəli məktəb-liseyin informatika müəllimi Sənubər Məmmədovanın rəhbərliyi ilə 5 nəfərlik komanda - 27 nömrəli tam orta məktəbdən Elnur Məmmədli, Fizika, riyaziyyat və informatika təmayüllü liseydən Rza Hüseynov və Səid Süleymanov, 287 nömrəli “Zəkalar liseyi”ndən Fərid Əzizov və Şahmar Ağayev təmsil ediblər. Yunanıstan, Xorvatiya, Bolqarıstan, Rumıniya və Rusiyadan olan şagirdlərin iştirak etdiyi tədbirdə komandamız II yerə layiq görülüb.

    189-190 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Musa Məmmədov “SASMO” (Sinqapur Beynəlxalq Riyaziyyat Olimpiadası) Olimpiadasında ölkə üzrə 12-ci yeri, dünya üzrə 128-ci yeri tutub.



    2 850 şagird PISA tədqiqatının pilot mərhələsində

    PISA (Program for International Student Assessment) - Şagird nailiyyətlərinin beynəlxalq qiymətləndirmə tədqiqatının pilot mərhələsi keçirilib.

    Tədqiqatın pilot mərhələsində, ümumilikdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (Organisation for Economic Co-operation and Development) təsadüfi seçimlə müəyyənləşdirdiyi paytaxtdakı 63 məktəb üzrə təxminən 2 850 şagird iştirak edib.

    Qeyd edək ki, PISA qiymətləndirilməsi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən 3 ildən bir keçirilir. PISA şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə məktəbdə qazandığı biliklərdən həyatda, məişətdə qarşılaşdıqları problemlərin həlli üçün istifadə etmək bacarığını ölçür.



    Təhsil işçiləri üçün təlimlər

    Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən paytaxt məktəblərində fəaliyyət göstərən 3 662 müəllim üçün inklüziv sinifdə təlimin təşkili, 506 müəllim üçün məktəbəhazırlıq qruplarında işin təşkili metodikası, 863 müəllim üçün ibtidai təhsil səviyyəsində şagirdlərdə oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi metodikası, 76 müəllim üçün isə yerlərdə metodistlərin hazırlanması mövzusunda ixtisasartırma təlimləri təşkil edilib.

    Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi ilə “Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi” MMC tərəfindən Bakı şəhəri üzrə ümumi təhsil müəssisəsinin pedaqoji və inzibati heyəti üçün onlayn kommunikasiya, İKT savadlılığının artırılması, elektron məktəb platformasından istifadə qaydaları, riyaziyyat müəllimlərinin beynəlxalq “PolyUp” platformasından istifadə qaydaları və informatika müəllimlərinin Python proqramlaşdırma dili üzrə bacarıqlarının artırılması istiqamətində ixtisasartırma təlimləri və Microsoft TEAMS platformasının öyrənilməsi üzrə təlimlər keçirilib.

    Həmçinin BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin müəllimləri üçün təbiət elmlərinə dair onlayn təlim təşkil olunub. Bakı və İzmir Təhsil idarələrinin birgə əməkdaşlığı nəticəsində reallaşan təlim Ege Universitetinin dosentləri Hasan Ali Dal və Esin Sipahi tərəfindən həyata keçirilib. Təlim zamanı təbiət elmlərinin tarixi, strukturu, predmetləri, tədqiqat üsulları barədə geniş məlumatlar verilib. “Ulduzlar və göy üzü” mövzusunda keçirilən təlimdə 300-ə yaxın müəllim iştirak edib.



    “Teledərs”lərdə paytaxt müəllimləri də fəal iştirak edib

    Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Teledərs” layihəsində paytaxt müəllimləri də fəal iştirak ediblər.

    Ümumi təhsil müəssisələrində tədris prosesinin dayandırılması səbəbindən dərslərin məsafədən təşkili üçün həyata keçirilən teledərslər “Mədəniyyət” və “ARB Günəş” telekanallarında həftənin 5 günü şagirdlərə təqdim olunub. Teledərslər bütün sinifləri əhatə edib, dərs mövzularına dair qısa izah və təlimatlar verilib.



    Müəllimlər distant tədris prosesində fəallıq göstərib

    Koronavirus pandemiyası dövründə Azərbaycan məktəbi, Azərbaycan müəllimi yüksək hazırlıq səviyyəsini göstərə bildi. Bu dövr ərzində müəllimlərin fədakarlığı, peşəkar yanaşması və distant tədrisin təşkilində fəal iştirakı xüsusilə qeyd olunmalıdır.

    Qeyd edək ki, mövcud vəziyyətlə bağlı təhsil müəssisələrində tədris ili ərzində dərslər hibrid və distant formada keçirilib. Müəllimlər pandemiyanın gətirdiyi bütün bu çətinliklərə baxmayaraq öz peşələrinin öhdəsindən layiqincə gəliblər.



    “Virtual məktəb” layihəsi üzrə paytaxtda 470 000-dən çox istifadəçi qeydiyyatdan keçib

    Ölkədə təhsilin əlçatanlığının təmin edilməsi məqsədilə həyata keçirilən “Virtual məktəb” layihəsi çərçivəsində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəbləri üzrə 447 843 şagird və 29 293 müəllim qeydiyyatdan keçib.

    Teledərslərin interaktivliyini təmin etmək və məsafədən tədris imkanlarını genişləndirmək məqsədilə həyata keçirilən “Virtual məktəb” layihəsinin üzrə səmərəli fəaliyyətinə, müəllim və şagirdlərə göstərdiyi dəstəyə görə İdarə tərəfindən 9 müəllim “Təşəkkürnamə”yə layiq görülüb.



    Onlayn görüşlər keçirilib

    BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri ilə mütəmadi olaraq onlayn görüşlər keçirilib.

    Görüşlərdə 2020-2021-ci tədris ilində ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili, həmçinin tədris planları barədə danışılıb. Eyni zamanda təhsil sahəsində aparılan islahatlar, qazanılmış uğurlar və perspektiv məsələlər, “2020-2021-ci tədris ilində ümumi təhsillə bağlı aktual məsələlər və hədəflər barədə” Təhsil nazirinin əmrində müəyyən edilmiş əsas prioritet istiqamətlər müzakirə olunub.



    BŞTİ tərəfindən 5 mart-Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş onlayn görüş keçirilib.

    Görüşdə çıxış edən fiziki tərbiyə müəllimləri və idman nailiyyətləri ilə fərqlənən məktəblilər müxtəlif idman növləri üzrə keçirilən yerli və beynəlxalq yarışlarda yüksək nəticələr əldə edən, ölkəmizin idman şərəfini layiqincə qoruyan şagirdlərin bundan sonra da üzərlərinə düşən vəzifələri layiqincə doğruldacağına və idmanın kütləviliyinin daha da artacağına əminliklərini bildiriblər.



    İdarə tərəfindən 23 aprel-Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş onlayn görüş təşkil olunub.

    Görüşdə iştirak edən qonaqlar və məktəblilər “Mütaliə-mənəvi zənginliyə aparan yol”, “Mütaliənin şagirdlərin nitq qabiliyyətinin inkişafına təsiri”, “Rəqəmsal əsrdə kitab və mütaliə”, “Şagirdlərdə mütaliə vərdişlərinin formalaşdırılması, oxu və yazı bacarıqlarının inkişafı” mövzuları ətrafında fikir mübadilələri aparıblar.



    Paytaxt məktəblərində “Nizami Gəncəvi İli”

    BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində “Nizami Gəncəvi İli”nə həsr olunmuş dərslər keçirilib.

    Dərslərin keçirilməsinin əsas məqsədi Prezident İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi barədə imzaladığı Sərəncamın icrası, şagirdlərə dahi Nizami Gəncəvi irsinin öyrədilməsi və tanıdılmasından ibarətdir.



    Paytaxtın ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilmiş rus dili və ədəbiyyatı üzrə onlayn olimpiada Nizami Gəncəvinin yaradıcılığına həsr olunub. Təhsil Nazirliyinin dəstəyi ilə “Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı nümayəndəliyi tərəfindən təşkil olunmuş olimpiadada VII-IX sinif şagirdləri dahi şairin həyat və yaradıcılığına dair sualları “Microsoft Teams“ platforması vasitəsilə onlayn formada cavablandırıblar.



    BŞTİ tərəfindən təhsil müəssisələrinin dərnək rəhbərləri arasında Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Ən yaxşı videotəqdimat” müsabiqəsi keçirilib. Müsabiqə Nizami Gəncəvinin 880 illik yubileyinin qeyd edilməsi, eyni zamanda dərnək rəhbərləri ilə aparılan işlərin daha da gücləndirilməsi məqsədilə təşkil edilib.

    Müsabiqəyə 150-dən çox videotəqdimat təqdim olunub. Müsabiqənin qiymətləndirmə mərhələsi yekunlaşdıqdan sonra qaliblərə BŞTİ tərəfindən diplom və hədiyyələr təqdim olunacaq.



    Məktəblərdə dezinfeksiya işləri aparılıb

    Paytaxtın ümumi təhsil müəssisələrində tədris ili ərzində mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar mütəmadi olaraq dezinfeksiya işləri və qabaqlayıcı tədbirlər həyata keçirilib.

    Həmçinin bütün təhsil müəssisələrində xüsusi karantin rejiminin tələblərindən irəli gələn qaydaların tətbiqinə nəzarət gücləndirilib.



    İdman sahəsində 298 medal qazanılıb

    2020-2021-ci tədris ili ərzində Bakı məktəbliləri idman sahəsində də ciddi nailiyyətlərə imza atıblar. Paytaxt məktəbliləri idmanın müxtəlif növləri üzrə beynəlxalq və respublika yarışlarında 112 qızıl, 89 gümüş, 97 bürünc olmaqla, ümumilikdə 298 medal əldə ediblər.



    Ulu öndərə həsr olunmuş onlayn tədbirlər

    BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar onlayn tədbirlər təşkil olunub.



    Tarixi şəxsiyyətlərin yubileyləri qeyd olunub

    Paytaxtın ümumi təhsil müəssisələri tərəfindən ölkə Prezidentinin sərəncamlarına əsasən, yubileyləri qeyd edilən ziyalıların və tarixi şəxsiyyətlərin həyat və fəaliyyətinə həsr olunmuş onlayn tədbirlər keçirilib.



    Paytaxt məktəbliləri üçün maarifləndirici təlimlər

    BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri tərəfindən şagirdlərin zərərli vərdişlərin fəsadları barədə məlumatlandırılması, sağlam həyat tərzinin formalaşdırılması, QİÇS, talassemiya ilə mübarizə, yol hərəkəti qaydaları, fövqəladə hallarda davranış, peşə seçimi, reproduktiv sağlamlıq və digər mövzularda sağlam həyat tərzini təbliğ edən maarifləndirici onlayn tədbirlər keçirilib.



    Risk qrupuna daxil olan şagirdlərlə bağlı sorğu keçirilib

    Bakının 6 rayonunda - Səbail, Xətai, Nərimanov, Nəsimi, Yasamal və Nizami rayonlarında risk qrupuna daxil olan şagirdlərin müəyyən olunması ilə bağlı sorğu keçirilib.

    Sorğunun keçirilməsində əsas məqsəd risk qrupuna daxil olan şagirdləri vaxtında müəyyənləşdirmək, onlarla profilaktik işlər görmək və daha ciddi problemlərin başvermə ehtimalını azaltmaqdan ibarətdir.



    Dərs dinləmələri davam etdirilib

    Təhsilverənlərin peşə ehtiyaclarını müəyyənləşdirmək üçün ümumi təhsil müəssisələrində dərs dinləmələri davam etdirilib.

    Belə ki, BŞTİ-nin nəzdindəki Təlimə Dəstək Mərkəzinin metodistləri tərəfindən paytaxtın ümumi təhsil məktəblərində 195 dərs dinlənilib və məktəblərdə monitorinqlər aparılıb.

    Dərs dinləmələri və monitorinqlərin nəticəsində təhsilverənlərin peşə ehtiyacları ümumiləşdirilərək bu ehtiyacların qarşılanması üçün təlim və resursların hazırlanmasına başlanılıb.



    Azərbaycanın şanlı qələbəsi təbliğ edilib

    "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” Təhsil Nazirliyinin 2020-2021-ci tədris ili üçün Fəaliyyət Planına əsasən, paytaxt məktəbliləri arasında Azərbaycan Ordusunun şanlı qələbəsi barədə onlayn maarifləndirmə tədbirləri keçirilib. Belə ki, şagirdlərə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycanı şanlı qələbəyə aparan daxili və xarici siyasəti barədə ətraflı məlumatlar verilib, məktəblilər Azərbaycan Ordusunun Vətən Müharibəsindəki zəfər yürüşü və dünya hərb tarixində açdığı yeni səhifə ilə bağlı maarifləndirilib.



    Vətən Müharibəsinə həsr olunmuş onlayn dərslər

    Paytaxtdakı ümumi təhsil müəssisələri tərəfindən "Azərbaycan Ordusunun Vətən Müharibəsindəki zəfər yürüşü və dünya hərb tarixində açdığı yeni səhifə" mövzusunda onlayn dərslər keçirilib.

    Onlayn dərslərdə xalqımızın Ali Baş Komandanın qətiyyəti, ordumuzun əzmi sayəsində tariximizin ən parlaq və unudulmaz zəfərlərindən birini yaşaması, müzəffər Azərbaycan Ordusunun qüdrəti, yenilməz Azərbaycan əsgərinin qəhrəmanlığı məktəblilərin diqqətinə çatdırılıb.



    Paytaxt məktəblilərindən Azərbaycan Ordusuna dəstək aksiyaları

    Vətən Müharibəsi dövründə paytaxt məktəblilərinin təşəbbüsü ilə Azərbaycan Ordusuna dəstək aksiyaları keçirilib.

    Mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq onlayn keçirilən dəstək aksiyalarında BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri evdə çəkdikləri videoçarx və fotogörüntülərdən ibarət təqdimatlarda qəhrəman Azərbaycan Ordusuna dəstəklərini və Vətənə məhəbbətlərini nümayiş etdiriblər.

    Eyni zamanda paytaxt məktəbliləri böyük həvəs və ruh yüksəkliyi ilə əsgərlərə məktublar yazıblar.



    127 təhsil işçisi Vətən Müharibəsində iştirak üçün müraciət edib

    Qarabağ tarixini şagirdlərinə öyrədən, vətənpərvərlik tərbiyəsi verən müəllimlərin Vətən Müharibəsində öz keçmiş şagirdləri ilə çiyin-çiyinə döyüşməsinin şanlı zəfərin qazanılmasında rolu əvəzedilməzdir.

    Qeyd edək ki, Vətən Müharibəsinin ilk günlərindən BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində çalışan 122 müəllim və 5 direktor müavini olmaqla, ümumilikdə 127 təhsil işçisi Azərbaycan Ordusu sıralarına qoşulmaq üçün müraciət edib.



    Paytaxt məktəblilərindən fərqli təşəbbüs

    BŞTİ-nin təşəbbüsü əsasında paytaxt məktəblilərinin iştirakı ilə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününə həsr olunmuş maraqlı videoçarx hazırlanıb.

    Belə ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri şagirdlərinin ifasında Səməd Vurğunun “Azərbaycan” şeiri fərqli üslubda səsləndirilib.



    Paytaxtda 166 məktəb Milli Qəhrəman və şəhid adı daşıyır

    BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrindən 129-u şəhid, 37-si Milli Qəhrəman adını daşıyır.

    Məktəblərə Milli Qəhrəmanların və şəhidlərin adının verilməsi şagirdlərin vətənpərvərlik tərbiyəsi işinin səmərəli təşkili baxımından rəmzi məna daşıyır və gələcəyimiz olan gənclərə milli ruhun aşılanmasında mühüm əhəmiyyət kəsb edir.



    Paytaxt məktəbində “Zəfər tarixi” muzeyi

    BŞTİ-nin tabeliyindəki 192 nömrəli tam orta məktəbdə “Zəfər tarixi” muzeyi yaradılıb.

    Muzeydə Azərbaycanın Milli Qəhrəmanları, şəhid təhsil işçiləri, ermənilərin təcavüzü nəticəsində həlak olan məktəblilər haqqında stendlər və tariximizin ayrı-ayrı dövrləri ilə bağlı eksponatlar yer alır.



    Paytaxt məktəbində Xarıbülbül yetişdirilib

    Bakı şəhəri 120 nömrəli tam orta məktəbin peşə təmayüllü sinfinin şagirdləri tərəfindən Vətən Müharibəsindəki qələbəmizin rəmzinə çevrilmiş Xarıbülbül yetişdirilib.

    Peşə təmayüllü sinfin kənd təsərrüfatı ixtisası üzrə mütəxəssisi Hicran Kərimovanın şagirdlərlə bərabər yetişdirdiyi Xarıbülbül bitkisi böyük zəhmət hesabına başa gəlib.



    Hərbi-vətənpərvərlik tərbiyəsi mövzusunda onlayn tədbirlər

    BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri tərəfindən gənclərin çağırışaqədərki hazırlıq fənninin tədrisi və şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi mövzusunda onlayn tədbirlər keçirilib.

    Həmçinin “Vətənpərvər Azərbaycan gəncliyi” devizi altında “Zabit olmaq, hərbi vəzifə daşımaq gənclərimizin ən müqəddəs vəzifələrindəndir” mövzusunda vebinar keçirilib. Vebinar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX), BŞTİ və Azərbaycan Gənclər Fondunun birgə təşkilatçılığı, Binəqədi rayonundakı ümumi təhsil məktəblərinin Gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin iştirakı ilə təşkil edilib.



    Tarix unudulmur

    Yanvarın 19-da ümumi təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərində ilk dərs və məşğələlər 20 Yanvar hadisələrinin ildönümünə həsr edilib.

    Onlayn dərsləri tədris edən müəllimlər Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə söhbət açıblar.

    Həmçinin fevralın 26-sı ümumi təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərində ilk dərs və məşğələlər Xocalı soyqırımının ildönümünə həsr edilib. Müəllimlər dərs zamanı məktəblilərə Xocalı soyqırımı haqqında ətraflı məlumat veriblər.



    Vətən Müharibəsində iştirak etmiş müəllimlərlə görüş keçirilib

    BŞTİ tərəfindən Vətən Müharibəsində iştirak etmiş müəllimlərlə görüş keçirilib.

    İdarə rəhbərliyi və qazi müəllimlərin iştirak etdiyi görüşdə qazi müəllimlərin həm cəbhədəki, həm də məktəbdəki əməli fəaliyyətləri ilə şagirdlər və yetişməkdə olan nəsillər üçün örnək olduqlarından danışılıb.



    Şəhid övladları ilə görüş keçirilib

    BŞTİ tərəfindən ümumi təhsil məktəblərində təhsil alan şəhid övladları ilə onlayn görüş keçirilib.

    Görüşdə Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin hər kəs üçün əziz olduğu vurğulanıb. Dövlətimiz tərəfindən müharibə iştirakçıları olan qazilər və şəhid ailələrinin hərtərəfli qayğı ilə əhatə olunmasından və ölkəmizdə hər bir əsgərin əməyinin yüksək dəyərləndirilməsindən danışılıb.

    İdarə tərəfindən şəhid övladlarına hədiyyələr göndərilib.



    “Fibonacci” intellektual oyunu

    BŞTİ-nin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə təhsil işçiləri arasında 28 May - Respublika Gününə həsr olunmuş “Fibonacci” intellektual oyunu keçirilib. İntellektual oyunda İdarənin əməkdaşlarından ibarət “İnkişaf” komandası II yerin sahibi olub.

    “İnkişaf” komandası, həmçinin Təhsil Nazirliyi tərəfindən keçirilən onlayn "Fibonacci" intellektual oyununda III yerə layiq görülüb.



    Təmir, tikinti, təchizat

    2020-2021-ci tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 22 məktəbdə tikinti, əsaslı və cari təmir işləri yerinə yetirilib.

    Belə ki, 6 məktəb üçün yeni bina və ya əlavə tədris korpusu inşa olunub.

    Ehtiyac olan ərazilərdə 3 yeni məktəbin (Hövsan qəsəbəsi, Binə qəsəbəsi, Yeni Yasamal Yaşayış Massivi) tikintisi tamamlanıb. Eyni zamanda ehtiyac olan arazilərdə 4 yeni məktəbin (Binə qəsəbəsi və Binəqədi rayonu ərazisində) tikintisi davam etdirilir.

    1 məktəbin sökülərək yenidən tikintisi tamamlanmaq üzrədir.

    2 məktəbin əsaslı təmiri və əlavə korpusunun tikintisi, 1 məktəbin bərpa-gücləndirilməsi və əsaslı təmiri davam etdirilir.

    Həmçinin 2 məktəbin köhnə korpuslarının sökülərək yenidən tikintisi, 2 məktəbin qəzalı binasının sökülərək yeni korpusun inşası və 1 məktəbin əsaslı təmiri nəzərdə tutulur.



    Pedaqoji təcrübə ilə bağlı müqavilələr

    Ali təhsil müəssisəsi tələbələrinin BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində pedaqoji təcrübə keçmələri ilə bağlı 65 ümumi təhsil müəssisəsini əhatə edən 3 ikitərəfli müqavilə imzalanıb.



    22 mindən çox müraciət daxil olub

    2020-2021-ci tədris ili ərzində BŞTİ-yə 22 123 müraciət daxil olub. Müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub.

    Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 9 339 zəng qəbul edilib.

    9 098 sənəd (vətəndaşlar tərəfindən 3 170 ərizə, Təhsil Nazirliyindən 1 045, digər qurumlardan 1 612, məktəblərdən 2 131 məktub, 279 strukturdaxili yazışma və 861 kadr ərizəsi) qəbul olunub. Həmçinin 3 589 elektron müraciətə baxılıb.

    Xüsusi karantin rejimi dövrünün tələblərinə uyğun olaraq, İdarə tərəfindən vətəndaş qəbulu prosesi videoqəbul formatında həyata keçirilib.

    Videoqəbulda iştirak edən 97 vətəndaşın müraciəti İdarənin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinlənilib, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görülüb.



    İctimaiyyətlə əlaqələr genişləndirilir

    BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində baş verən yeniliklər və İdarənin fəaliyyəti haqqında məlumatların operativ şəkildə ictimaiyyətə çatdırılması istiqamətində işlər 2020-2021-ci tədris ilində də müvafiq qaydada yerinə yetirilib.

    BŞTİ-nin və təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı dolğun məlumatlar ictimaiyyətə təqdim olunub, media ilə səmərəli əməkdaşlığın genişləndirilməsi məqsədilə KİV-dən daxil olan sorğular cavablandırılıb.

    Televiziya kanallarına və digər KİV-lərə reportajların hazırlanması üçün əlverişli şərait yaradılıb. Onlayn mətbuat konfransları təşkil olunub. Müvafiq hüquqi-normativ sənədlər ictimaiyyət üçün şərh edilib, İdarə rəhbərliyinin və əməkdaşlarının çıxışları və müsahibələri təşkil olunub.

    Kütləvi informasiya vasitələri üçün BŞTİ-nin tədris ili və təqvim ili üzrə ümumi fəaliyyətini əks etdirən qısa hesabatlar hazırlanıb.

    Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar müəllim, şagird və valideynlər üçün sosial-maarifləndirmə layihələri həyata keçirilib, müxtəlif aktual mövzular üzrə onlayn müsahibələr təşkil olunub, xüsusi karantin rejiminin tələblərinə əməl olunması istiqamətində görülən işlərə dair ictimaiyyətə məlumatlar verilib.

    Həmçinin paytaxt məktəblərinin uğurları, pandemiya vəziyyətində tədrisin təşkili və Vətən Müharibəsində iştirak etmiş müəllimlər barədə layihələr də həyata keçirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR