AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mamoy Mansurov: Azərbaycanın Şanlı Zəfəri: 44 Günə Bərpa Olunan Ədalət və Qürur

  • + A
  • - A
  • Bu gün, 08:30

    Mamoy Mansurov: Azərbaycanın Şanlı Zəfəri: 44 Günə Bərpa Olunan Ədalət və Qürur


    Mamoy Mansurov,
    Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin dekanı


    Azərbaycan tarixində 2020-ci il 27 sentyabr günü yeni bir mərhələnin başlanğıcı oldu. Məhz həmin gün Ermənistanın növbəti təxribatlarına cavab olaraq Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə “İrəli” əmri aldı. Bu əmrlə başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın gücünü, xalq-ordu birliyini və milli iradəsini bütün dünyaya nümayiş etdirdi. Ermənistan silahlı qüvvələrinin Qazax, Tərtər, Goranboy, Ağdam və Gədəbəy istiqamətlərindəki mövqelərimizi atəşə tutması Azərbaycanı hərbi cavab verməyə məcbur etdi. Mülki əhali və əsgərlər arasında itkilərin qarşısını almaq məqsədilə ordumuz əks-hücum əməliyyatına başladı. Azərbaycan xalqı 30 ilə yaxın bir müddət ərzində bu əmri – “İrəli!” çağırışını – səbrlə gözləmişdi.

    “Dəmir yumruq” əməliyyatı cəbhənin hər istiqamətində Azərbaycan əsgərinin qəhrəmanlığı ilə yadda qaldı. Hər gün irəliləyən ordu yeni şəhər və kəndləri azad edirdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut, Şuşa və yüzlərlə kəndin azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpasında mühüm mərhələ oldu. 44 gün ərzində 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi.

    Azərbaycan xalqı bu müharibədə misilsiz həmrəylik göstərdi. On minlərlə insan könüllü olaraq orduya yazıldı, yaralanan əsgərlər isə tez sağalıb yenidən döyüşə qayıtmaq istədilər. Bu, xalqın yüksək mənəvi dəyərlərini, ordusuna olan inamını və Vətən sevgisini nümayiş etdirdi. Bu qələbə bizim tarixi qələbəmizdir. Hər zaman qürurla qeyd edəcəyimiz qələbə.

    Bu zəfər, xalq, ordu və dövlətin bir yumruq kimi birləşməsinin parlaq təcəssümüdür. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi, Ordumuzun peşəkarlığı və xalqımızın sarsılmaz dəstəyi bu tarixi qələbəni mümkün etdi.

    Bu beş ildə Azərbaycan təkcə regionda deyil, bütün dünyada sülhün və inkişafın tərəfdarı olan güclü dövlət kimi tanındı. Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən layihələr, eyni zamanda “yaşıl enerji” zonalarının yaradılması, ölkəmizin gələcəyinin necə parlaq olacağını göstərir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR