Ürək dayanması diaqnozu ilə Yeni Klinikanın Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunan 43 yaşlı pasiyent kardio-pulmonar (ürək-ağ ciyər) reanimasiya (KPR) tədbirlərindən sonra həyata qaytarılıb.
Müdaxilə Təcili yardım şöbəsinin həkimləri - Aysel Həsənova, Rəsul Mehdi, Coşqun Piriyev və həkim-rezident Anar Kərimxanov tərəfindən həyata keçirlib. Dərhal icra edilən kardio-pulmonar reanimasiya tədbirləri və operativ müdaxilələr nəticəsində pasiyentin ürək fəaliyyəti 35 dəqiqə sonra tam bərpa olunub.
Ətrafı müayinədən sonra pasiyentə miokardın ön divarının kəskin infarktı diaqnozu təyin olunaraq təcili angioqrafiya müayinəsinə cəlb olunub. Müdaxilə anestezioloq-reanimatoloq Xəyalə Eminovanın nəzarəti altında invaziv kardioloq Gülay Məmmədova tərəfindən uğurla icra edilən koronar angioplastika proseduru ilə tamamlanıb.
Vəziyyətinin ağırlığı nəzərə alınaraq, pasiyentin müalicəsi İntensiv terapiya və reanimasiya şöbəsində həkim İlahə Məcidova tərəfindən dinamik nəzarət altında davam etdirilib.
Sonrakı mərhələdə pasiyentin stasionar müalicəsi Kardiologiya şöbəsində həkim və rezident heyətinin müşahidəsi ilə davam etdirilib.
Görülən tədbirlər nəticəsində vəziyyəti qənaətbəxş qiymətləndirilən pasiyent ambulator müalicə üçün evə buraxılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.