Qənirə Ataş sosial media hesabında çox ciddi faktlara, araşdırma mövzulara toxunub.
Qənirə xanım doğru olaraq qeyd edib bütün faktları. Hadisə Nizami rayonunda olub, işi Nəsimidə aparırlar. Təcili yardım və başqa həkim məsləhətilə evdə iynələr vurulub, immun salan, şok verən iynələr və Bona-Deaya nasılkada yox, özü gedib. Ortada bu qədər araşdırmalı fakt varkən, istintaq gedişində əməliyyat edib, xəstəni öz ayağıyla evə göndərən həkimi atıblar içəri...
Azadmedia.az Qənirə Ataşın sözügedən yazısını təqdim edir:Ağıllı, gözəl, nəzakətli, savadlı Nəzrin Mansurlunun ölümündən danışacağam. 29 yaşlı gəncin rinoplastika əməliyyatından sonra həyatını itirməsi həm kədər, həm də narahatlıq doğurur. Geridə hər gün anasını axtaran körpə balası qalan bu faciə bir daha göstərir ki, tibbi xidmətlərdə məsuliyyət və peşəkarlıq insan həyatını qorumağın əsas şərtləridir. Bu hekayəni danışmağımızın məqsədi həm ailənin acısını bölüşmək, həm də gələcəkdə belə faciələrin qarşısını almaq üçün bir çağırış etməkdir.
Əməliyyatından 9 gün sonra vəfat edən Nəzrin Mansurlunun ölümü ilə bağlı cərrah Sənan Mehdiyev Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs olunub. Nəzrin Mansurlu yanvarın 12-də müalicə aldığı Bona Dea xəstəxanasında həyatla vidalaşıb. Ölümdən sonra Nəsimi Rayon Prokurorluğu araşdırma aparıb və faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci maddəsi (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) ilə cinayət işi başladıb. İbtidai istintaq, rinoplastika əməliyyatından sonra xəstənin vəziyyətinin kəskin ağırlaşması və yerləşdirildiyi klinikada ölməsinə əsaslı şübhələr müəyyən etdiyini iddia edir. Ölüm faktı Nizami rayonunda baş verdiyi halda istintaqın Nəsmi rayonunda araşdırılması sizdə hansı sual yaradır?
İndi gəlin hadisəyə tam başdan yanaşaq. Çünki sosial mediada şayiələrə əsaslanan, amma faktlara söykənməyən informasiyalar dolaşır. Görək, burada səhv həqiqətən Sənan Mehdiyevdədir, yoxsa səhiyyə sistemində buraxılan səhvlər savadlı gənc bir qızı ölümə, peşəkar həkimi isə həbsxanaya göndərib. Əvvəla deyim ki, Nəzrinin ölümü hamı kimi məni də ağrıdır, ailəsinin acısını başa düşürəm. Nəzrin niyə dünyasını dəyişdi? Çünki Nəzrin həyatını itirənədək üç mərhələni keçib:
1. Rinoplastika;
2. Təcili tibbi yardım həkiminin ev şəraitində venadaxilinə vurduğu dərmanlar;
3. Bona Dea klinikasında baş verənlər.
Addım-addım gedək və yaşananları görməyə çalışaq. Bu mərhələlərin hansında baş verən səhv Nəzrini ölümə aparıb?
Deməli, Nəzrin Mansurlu 3 yanvarda Mərcan klinikasında əməliyyat olunub, 4 yanvarda isə evə buraxılıb. Kamera görüntülərinə diqqət edək. Mərcan Klinikasından əldə olunan kadrlarda açıq görünür ki, səhər saat 9 radələrində bir tibb bacısı Nəzrinin qolundan tutaraq onu gözləyən yoldaşının yanına gətirir. Nəzrinin əlində ağ bükülü və gödəkçəsi var. Bükülünü və telefonu yoldaşına uzadır və gödəkçəsini rahatlıqla özü geyinir. Səhhəti normal olmasaydı, ən azından yoldaşı bunu hiss edər və onun geyinməsində yardımçı olardı. Yaxasını belə özü bağlayır və yoldaşının qoluna girib nəzakətlə qapıya doğru irəliləyirlər. İkinci kadrda onlar pilləkənin yanında görünürlər və çölə çıxmadan əvvəl yoldaşı öz geyimini ona vermək istəyir, sonra isə onun gödəkçəsinin papağını çıxararaq başını örtür. Nəzrin bu müddətdə qısa zamanda telefonuna baxır, sonra ekranı söndürür. Daha sonra özü papağını rahatlayır və sərbəst şəkildə qapıya doğru gedir. Hər şey anlaşılandır. Üçüncü kadrda isə Nəzrin və yoldaşı əsas qapıdan çıxışa doğru irəliləyirlər. Nəzrin yenə də nəzakətlə yoldaşının qoluna girir və maşına oturub ərazidən uzaqlaşırlar və biz bundan sonra Nəzrinlə bağlı yalnız sənədlər üzərindən xəbər tutacağıq. Ailənin verdiyi məlumata əsasən, xəstə ilk gecə narahat yatıb və gecə ərzində iki dəfə qaytarıb. Həkimlə məsləhətləşərək ona antibiotik verildiyi bildirilir, lakin məsləhətləşilən həkimin kim olduğu məlum deyil. Ev şəraitində xəstəyə müxtəlif sistemlər qoşulub və nəticədə təcili tibbi yardım çağırılıb. Bu vəziyyətdə sual budur, təcili tibbi yardım xəstənin vəziyyətin ciddi olduğunu düzgün qiymətləndiriblərmi? Təcili tibbi yardım pasiyentə ev şəraitində vena daxilinə “Demeton-T” və “Deksametazon” dərmanları yeridib. Bu dərmanların təyinatını Sənan həkim verməyib. Bəs hansı həkim verib? Təyinatı verən həkim niyə məsuliyyətə cəlb olunmur? Çünki baş ağrıları olan Nəzrinin vena daxilinə yeridilən bu preparatlardan sonra vəziyyəti daha da ağırlaşıb.Təcili yardımın həkimi pasiyentin vəziyyətinin ağır olduğunu dilə gətiribsə, niyə onu hospitalizasiya etməyib? Axı təcili yardım həkimi müstəqil həkimdir və verdiyi hər bir qərara özü məsuliyyət daşıyır. Təcili tibbi yardım Nəzrin Mansurludan imtina vərəqini nə zaman alıb? Onları günahlandırmaq istəmirəm. Amma ölkədə bu xidmət sahəsinə ciddi diqqət ayrılmalıdır. Təcili tibbi (Leyla Shixlinskaya həkim İlyas) yardıma güclü mütəxəsislər toplanmalı və maddi təminatları yüksəldilməlidir. Gəlin dərmanların tərkibinə baxaq. Deksametazon ödəmi aradan qaldırdığı bilinsə də, eyni zamanda immuniteti aşağı salmaq kimi təsiri var. Ehtimal var ki, xəstədə hansısa infeksion proses gedirmiş və Deksametazon vurulduğu anda immunitet düşdüyü üçün infeksion proses daha da şiddətlənib. Demeton-T isə multivitamindir və hətta şoka səbəb olan allergik reaksiya yarada bilər.
Əməliyyatın yan təsiri olduğu kimi dərmanlarında yan təsiri var və bu dərmanları təyin edən həkim məsuliyyət daşımalıdr. Ailəsindən aldığım məlumata görə, əməliyyatdan öncə xəstədən ən son analiz 35 gün əvvəl götürülüb. Azərbaycan insanına demək istəyirəm ki, analizlərinin tarixinin nəticəsinə əsasən planlı əməliyyatın olub-olmamasının cavabdehliyi anestezioloqdadır. Yəni bilin: cərrahi əməliyyat komanda işidir.
Xəstəxana isə iddia edir ki, əməliyyatdan əvvəl pasiyentdən ümumi qan analizi alıblar. Əgər o analizlərdə hər hansı bir narahatlıq görünsəydi, anestezioloqun planlı əməliyyatdan imtina etmək haqqı var idi. Amma analizlərdə bu da görünmür. Sizi bilmirəm, mən analizlərə də şübhə edirəm. Çünki inboxuma gələn məktublarda özəl klinikaların laboratoriya xidmətlərinin ixtisassız insanlar tərəfindən idarə olunduğu iddia olunur.
5 yanvar səhərə yaxın xəstə qeyri-adekvat davranıb. Vəziyyətinin daha da ağırlaşdığını görən yoldaşı onu Bona Dea xəstəxanasına çatdırıb. Kritik vəziyyətdə olan pasiyent öz ayağı ilə xəstəxanaya necə gələ bilər? Bizim görmədiyimiz kadrlarda deyilənə görə, Nəzrin xəstəxananın qəbul şöbəsinə oturacaq araba ilə daxil olub və huşsuz imiş. Huşsuz pasiyent arabada yox uzanmış şəkildə daxil olur. Bəs pasiyent maşından klinikanın girişinədək necə gəlibdir və bu görüntülər niyə ictimayyətə təqdim olunmur. Sənan doktor xəstənin yoldaşına istinadən istintaqa deyib ki, pasiyent maşından klinikanın qapısınadək yeriyərək gəlib.
Sizi Bona Dea xəstəxanasının qəbul şöbəsində baş verənlər düşündürürmür? Bona Dea klinikası müasir avadanlıqlarla təhciz olunan gözəl sistem qurulmuş bir klinikadır.Bəz belə bir gözəl klinikada səhlənkarlıq olubmu əgər olubsa kimlər tərəfindən olub. Məncə Bona Dea klinikasının rəhbərliyi özü bu barədə düşünməlidir. Şəxsən məndə suallar var. Bona Dea xəstəxanası nəyə görə Nəzrin Mansurlunun maşından klinikayadək gəlişinin kadrlarını ictimaiyyətə açıqlamır? Ölüm faktı ölkənin gündəmini zəbt edib, həkim barədə bircə “ölüm” hökmü verilməyib. Nəyə görə sanksiya verilmədən əvvəl onlar bu kadrları ictimailəşdirmədilər? Ölkə mətbuatı faktı verdi, amma faktın baş vermə səbəbini heç kim araşdırmadı.
Kadrları görmədiyimiz üçün yaranan suallar bunlardır: Pasiyent xəstəxanaya saat neçədə gəlib? Əgər o koma vəziyyətində gəlibsə, xəstəxanaya nəyə görə oturacaq arabada daxil olub? Əgər oturacaq arabada daxil olubsa, bu o deməkdir ki, xəstə komada deyilmiş. Həmən gün qəbul şöbəsində Rifah Həmidov, növbətçi reanimatoloq isə Məshəti Yusifova olub. Bu həkimləri şəxsən tanımıram, heş bir ədavətim də yoxdur. Amma ədalətlin araşdırma üçün bu həkimlər də məsuliyyət daşımalıdır. Həkim xəstəyə saat neçədə yaxınlaşıb, hansı həkim tərəfindən və hansı venadaxili dərmanlar daxil edilib? Çünki yayılan məlumatlarda deyilir ki, bu dərmanlardan sonra xəstənin vəziyyəti daha da pisləşib. Pasiyentin ürəyi saat neçədə dayanıbdır və hansı şöbədə? Qəbul şöbəsində yoxsa reanimasiyada. Ürək dayanandan sonra ürək massajı saat neçədə başlayıb və saat neçədə intubasiya olunubdur? Əgər xəstəxana iddia edirsə ki, xəstə onlara koma vəziyyətində gəlib, onda daha bir sual yaranır: nəyə görə həmən reanimasiyaya qaldırılmayıb?
Nəzrinin yoldaşı Fərid Mansurlu mənə bildirmişdi ki, xəstəxananın qəbul şöbəsində onun vəziyyəti qəflətən daha da ağırlaşıb və ona “toksik şok” diaqnozu qoyulub. Sənan Mehdiyev isə istintaqda ifadə verərək bildirib ki, həmin gecə xəstəxanaya gedib, Nəzrinin burnundakı tamponları yoxlayıb və orada Nəzrinin yoldaşı ilə söhbət edib. Fərid deyib ki, Nəzrin halsız olub, amma təcili yardım şöbəsində venadaxlinə qoşulan sistemdən sonra vəziyyəti daha da pisləşib. Daha sonra ailəyə xəstənin kəllə sümüklərində çat olduğu barədə məlumat verilib. Bu məlumatı mənə də Nəzrinin yoldaşı söyləyib. Lakin Bona Dea xəstəxanasının təqdim etdiyi sənədlərdə bu fakt əks olunmur.
Maraqlı məqamlardan biri isə ekspertizanın ilkin rəyi ilə Bona Dea xəstəxanasının kompüter tomoqrafiya nəticələrinin bir-birinə uyğun gəlməməsidir. Əldə etdiyim məlumata görə, ekspertizanın ilkin rəyinə əsasən, kəllə sümüklərində sınıq izlənilib. Halbuki, Bona Dea kimi müasir klinikada və müasir avadanlıqlarla təhciz olunan mərkəzin KT müayinəsində belə bir nəticə qeyd olunub: “Kəllə sümüklərində sınıq və destruksiya izləri müşahidə olunmur.” Əgər kəllə sümüklərində sınıq var idisə, KT bunu müəyyən etməli idi. Belə olan halda sual yaranır: Ekspertiza bu nəticəni nəyə əsasən yazıb?
Mərhum sonradan patoloji anatomiya müayinəsinə göndərilib. Tibb qaydalarına əsasən, həkim də bu prosesə cəlb edilməli idi. Lakin Sənan doktor bu müayinədə iştirak etməyib. Proses baş nahiyəsində getdiyi üçün hər hansı beyin cərrahının cəlb edildiyi bildirilmir. Dünyanın hər yerində ölüm səbəbini araşdıran həkim qruplarında müvafiq ixtisas sahibləri mütləq şəkildə iştirak edir.
Nəticədə, məhkəmə-tibbi ekspertizanın yekun rəyi olmadan Sənan həbs edilir. Sübut olmadan bir həkim əli-qolu bağlı şəkildə həbsxanaya göndərilir.
Təbii bu yerdə mən dünya təcrübəsinə istinad edirəm. Çünki social mediadan fərqli insanların İsrail və Almaniya həkimlərinə istinad edilən iddiaları var idi. Amma heç bir fikir sənədlə sübut olunmayıb. Buna baxmayaraq, mən araşdırmaçı olaraq öz vasitələrimlə Nəzrin Mansurluya məxsus tomoqrafiya görüntülərini və sənədlərini üç ayrı ölkədən bir professor olmaqla neyrocərraha və rinoplastik cərrahiyə ilə məşğul olan lor həkimə göndərdim. Almaniyadan aldığım cavabı sizə oxuyuram. Bildirilir ki, xəstənin son kritik vəziyyəti əldə olmadığı üçün bu hadisəyə nəticə vermək çətindir. Amma əldəki sənədlər göstərir ki, KT müayinəsinə görə hipoksik beyin ölümü baş verib, beyin ölümünün səbəbi isə təbii rinoplastika deyil.
Xəstədə niyə kardio arrest olub? Çünki hər ölüm sonda kardio arrestlə bitir – ürək dayanır və ölüm baş verir. Bu zaman sual yaranır: cardiac arrestə aparan səbəb nədir? Almaniyadakı mütəxəssisdə də bu suallar yaranıb. Kardio arrest nə vaxt qeydə alınıb? Saat neçədə, hansı dəqiqədə? Kardio CPR yəni ürək maşajı nə vaxt başlanıb, nə qədər davam edib, uğurlu olub və ya olmayıb? Bunları bilmədən vəziyyəti dəyərləndirmək çətindir.
Əgər kəllə əsasındakı qırığa əsaslanan meningit olubsa, ilk meningitdə nə baş verib? Normalda meningitdə lumbar punksiya edilir və onun nəticəsini gözləmədən antibiotik başlanılır. Nə vaxt antibiotik başlanıb, nəticə necə olub? Bu ağırlaşmaların hamısı olsa belə, bunlar rinoplastikanın gözlənilən ağırlaşmalarıdır. Mütəxəssis bildirdi ki, insanlar bunu bilməlidirlər. Bu hal təkcə Azərbaycanda yox,dünyanın hər yerində baş verə bilər.
Əgər xəstə sənədləri imzalayıb əməliyyata girirsə, bu ağırlaşmaları qəbul etmiş sayılır. Tibbi ağırlaşma həkim səhvi deyil, tibbin qaranlığıdır. Ən professional həkimin də professional əməliyyatından sonra bu cür ağırlaşma ola bilər. Ağırlaşması olmayan həkim ya əməliyyat etmir, ya da yalan danışır. Yekunda o da bildirilir ki, xəstənin kritik vəziyyətlə bağlı sənədləri əldə olunarsa, tam detallı nəticəyə gəlmək mümkün olar.
Elə burda sizə Almaniyanın rinoplastika ilə bağlı standart formunu təqdim edirəm. Xəstə əməliyyatdan əvvəl bunu oxuyur və imzalayır. Sənəddə açıq yazılır ki, rinoplastika zamanı kəllə sahəsinin zədələnməsi və yaxud beyin axması ilə bağlı meningit gözlənilən bir ağırlaşmadır. Əgər bu rinoplastika əməliyyatında yarana biləcək xəstəlik olmasaydı, Almaniya kimi dövlət bunu aydınlaşdırma formunda açıq şəkildə qeyd etməzdi. Bu, onu göstərir ki, xəstədə hətta kəllə qırığı olsa belə, həkimin həbs olunması düzgün qərar deyil. Bunu mən yox, tibb elmi deyir. Almaniyada renoplastik cərrah olaraq çalışan Cavid Hüseynzadənin bu barədə paylaşımını təqdirm edirəm.
İndi gəlin görək mərhum Nəzrinə belə bir sənəd verillmişdi? Bəli Mərcan klinikasından əldə etdiyim sənədi təqdim edirəm. Mansurlu Nəzrin Aydın qızı, anestezioloq və ya həkimi tərəfindən əməliyyata giriş, əməliyyat və əməliyyatdan sonra reanimasiyada baş verə biləcək ağırlaşmalar haqqında məlumatlandırılmışam və bütün məsuliyyəti öz üzərimə götürərək əməliyyatın icrasına razılıq verirəm. Bizi məlumatlandırırlarki cərrahi əməliyyat və anesteziya zamanı, eləcə də əməliyyatdan sonrakı dövrdə xəstə ağırlaşmalarının (o cümlədən ölümlə nəticələnəcəyi istisna olmayan) olması mümkündür. Yazılanları qəbul edərək cərrahi əməliyyata yazılı şəkildə razılıq verirəm.
Mənim qənaətim budur. Biz, azərbaycanlılar sənədə və imzamıza kifayət qədər dəyər vermirik. Təəssüf ki, çox vaxt imzaladığımız sənədlərdə qanun qarşısında təsirsiz və hüquqi çəkisiz qalır. Bununla yanaşı, cərrah dostlarımdan eşitdiklərimə əsasən, Azərbaycanda cərrahi əməliyyat zamanı məsuliyyətin yalnız operator cərrahın üzərinə düşməsi adi bir haldır. Halbuki əməliyyat komanda işidir və nəticənin həm uğuru, həm də riski bütün iştirakçılar – anestezioloq, tibb personalı və digərləri ilə bölüşülməlidir.Şöhrəti anestezioloqla paylaşmayan cərrahlar, işlər çətinləşdikdə meydanda tək qalmağa məhkum olurlar.
Cavid Hüseynzadə deyir ki, Almaniyada hər bir cərrah əməliyyat zamanı ağırlaşmaların baş verə biləcəyini və bəzən ölümlə nətəcələnə biləcəyini bilir. Buna baxmayaraq həkimlər əməliyyatlardan yayınmırlar çünki həkimlərin hüquqlarını qoruyan möhkəm sistem mövcuddur. Həkim Almaniyada nə zaman həbs oluna bilər? Tam araşdırma aparılmalı və həkimin tibbi standartları bilərəkdən pozuduğu sübut edilərsə və ya onun hərəkətləri məqsədli olubsa. Hətta belə hallarda, qərar çıxana qədər həkim nəzarət altında və ya məhdudiyyətlə işləməyə davam edə bilər.
Səhiyyə sisitemimiz əməliyyatdan sonra xəstələrin hospitalda qalma müddəti haqqında protokolları dəyişdirilməidir. Laboratoriyalardakı mütəxəsislər ixtisaslı omalıdır. Sanitar qaydalara əməl olunmalıdır. Klinika aşmaq şərt deyil, həm də reanimassiya sistemi qurulmalıdır. Beləliklə, bir gənc qız axsaq səhiyyə sisteminin qurbanı oldu, bir həkim isə məhkəmə olmadan, istintaqın ilkin rəyinə əsasən həbs edildi. Bu addım isə cəmiyyətin ədalət prinsiplərinə olan inamını sarsıdır. Ancaq bundan da təəccüblüsü, həkim həmkarlarının bu hadisəyə səssiz qalmasıdır. Bu səssizlik bir çox suallar doğurur: Bundan sonra həkimlərin hüquqlarını, peşə ləyaqətini kim qoruyacaq? Əslində, bu hadisə hər bir həkim üçün xəbərdarlıqdır. Əgər bu gün susursunuzsa, sabah növbə sizə çataçaq. Ədalət tələb etmək yalnız fərdin deyil, bütün peşə icmasının vəzifəsidir. Ədalət bir gün hər birimizin qapısını döyəcək. Həmin gün üçün hazırıqmı?