İcbari tibbi sığorta çərçivəsində monitorinq gücləndirilib. 9 ayda 699 yoxlama olub. Bu barədə media üçün keçirilən təlimdə məlumat verən Agentliyin Monitorinq şöbəsinin baş məsləhətçisi Kamran İbrahimov çıxışında bildirib ki, monitorinq fəaliyyəti tibb müəssisələrində icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin keyfiyyətinə nəzarət, icranın qiymətləndirilməsi və xidmət yükünün təhlili məqsədilə həyata keçirilir. Onun sözlərinə görə, aparılan monitorinqlər tibbi xidmətlərin təşkilində mövcud vəziyyətin real mənzərəsini ortaya qoyur və proseslərin təkmilləşdirilməsi üçün əsas baza rolunu oynayır.
K.İbrahimov qeyd edib ki, cari ilin ilk 3 rübündə ölkə üzrə 147 tibb müəssisəsində ümumilikdə 699 monitorinq keçirilib. Monitorinqlər əsasən vətəndaşların tibb müəssisələrinə qəbulu və qeydiyyatının təşkili, laboratoriya xidmətlərinin fəaliyyəti, həmçinin sığorta çərçivəsində tibbi xidmətlər üçün göndəriş vərəqələrinin düzgün verilməsi istiqamətlərini əhatə edib.
Onun sözlərinə görə, monitorinqlərin nəticələri xidmət prosesinin daha səmərəli təşkili və keyfiyyətin artırılması ilə bağlı qərarların qəbulunda mühüm rol oynayır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.