11 fevral – Beynəlxalq Təhlükəsiz İnternet Günü ilə bağlı “Tut Əlimdən” Sosial Reabilitasiya Mərkəzinin əməkdaşları Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Xəzər rayonu, Buzovna qəsəbəsi, Emin Əliyev adına 234 saylı tam orta məktəbdə valideynlərlə görüş keçirib.
Görüşün əsas məqsədi məktəb-ailə-mərkəz əməkdaşlığının gücləndirilməsi, risk qrupuna aid uşaqların vaxtında müəyyən olunması və onların sosial-psixoloji reabilitasiyasına kompleks yanaşmanın təmin edilməsidir. Tədbir zamanı Mərkəzin fəaliyyət istiqamətləri, göstərilən sosial və psixoloji xidmətlər, reabilitasiya prosesinin əhəmiyyəti, erkən müdaxilənin vacibliyi və uşaq psixologiyasının əsas məqamları barədə ətraflı məlumat verilib.
Görüşdə müasir dövrün rəqəmsal çağırışlarına xüsusi diqqət yetirilib.İnternet və texnologiyalar uşaqların inkişafı üçün geniş imkanlar yaratsa da, nəzarətsiz və həddindən artıq istifadə etmək psixoloji gərginlik, sosial təcrid, asılılıq davranışları və akademik göstəricilərin zəifləməsi ilə nəticələnməsi baş verə biləcəyi bildirilib. Sosial şəbəkələrin təsiri, kiberqısnama(cyber bullying), onlayn istismar riskləri, zərərli və manipulativ məzmun, eləcə də şəxsi məlumatların qorunması və rəqəmsal təhlükəsizlik qaydaları geniş şəkildə müzakirə olunub.
Uşaqlarla açıq və etibarlı ünsiyyət qurmağın, ailə daxilində “rəqəmsal davranış qaydaları”nın müəyyən edilməsinin, ekran vaxtının balanslaşdırılmasının və təhlükəsiz internet istifadəsi vərdişlərinin formalaşdırılmasının vacibliyi valideyinlərə izah edilib. Rəqəmsal savadlılığın artırılması və erkən profilaktik yanaşma uşaqların onlayn risklərdən qorunmasında əsas amillərdən biri olduğu bildirilib.
Eyni zamanda valideynlərə uşaqlarda emosional gərginlik, davranış dəyişiklikləri, aqressiya və sosial təcrid kimi halların erkən aşkarlanmasının əhəmiyyəti, xüsusilə imtahan dövründə uşaqlara düzgün psixoloji dəstəyin göstərilməsi ilə bağlı praktik tövsiyələr təqdim edilib. Yeniyetməlik dövrünün xüsusiyyətləri, ailədaxili ünsiyyətin gücləndirilməsi və uşaqların təhlükəsiz inkişaf mühitinin təmin olunması məsələlərinə də toxunulub.Onlara çətin və riskli hallarla qarşılaşdıqları zaman müraciət edə biləcəkləri aidiyyəti qurumlar, o cümlədən 116 111 – Uşaq Qaynar Xətt xidmətinin fəaliyyəti barədə məlumat təqdim edilib.
Görüş interaktiv formada davam edib, valideyinlərin sualları cavablandırılıb, real situasiyalar əsasında müzakirələr aparılıb və qarşılıqlı fikir mübadiləsi həyata keçirilib.
Tədbirin sonunda məktəbə yeni təyin olunmuş direktor ilə görüş keçirilib, gələcək əməkdaşlıq perspektivləri, maarifləndirici tədbirlərin davamlı təşkili və risk qrupuna aid uşaqlarla sistemli işin aparılması istiqamətində əməkdaşlıq imkanları müzakirə edilib.
“Təhlükəsiz və sağlam mühitdə böyümək hər bir uşağın hüququdur” prinsipi əsas götürülərək bu kimi maarifləndirici görüşlərin davamlı təşkili nəzərdə tutulub.