BDU-nun müəllimləri Autizm Mərkəzində olub

Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Psixologiya kafedrasının müəllimləri – professor Elnarə Şəfiyeva, dosent Məryəm Mustafayeva və müəllim Emiliya İgidovanın müşayiəti ilə Klinik psixologiya ixtisaslaşması üzrə I kurs Azərbaycan və rus bölmələrinin magistrantları Birgə və Sağlam İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Autizm Mərkəzində olublar.
Ziyarətin əsas məqsədi tələbələrin nəzəriyyədə əldə etdikləri bilikləri praktik mühitdə tətbiq etmələrinə şərait yaratmaq, klinik müşahidə və peşəkar bacarıqlarını inkişaf etdirmək olub. Təcrübə səfəri çərçivəsində magistrantlar autizm spektr pozuntusu olan uşaqlarla aparılan diaqnostik və korreksiyaedici iş prosesi ilə yaxından tanış olublar.
Mərkəzin rəhbəri Aytən Eynalova müəllim və tələbələri salamlayaraq rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri, həyata keçirilən reabilitasiya proqramları, valideynlərlə iş mexanizmi və sosial inteqrasiya layihələri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, mərkəzin əsas prioriteti autizmli uşaqların cəmiyyətə adaptasiyası, onların potensialının üzə çıxarılması və ailələrə psixoloji dəstəyin göstərilməsidir.
Daha sonra mərkəzin ümumi koordinatoru, klinik psixoloq Milana Həsənova magistrantları dərs otaqları, fərdi terapiya kabinetləri və “Kaşalata” kafesi ilə tanış edib. Bildirilib ki, mərkəzdə tətbiq olunan müasir psixoloji yanaşmalar və fərdi inkişaf proqramları uşaqların sosial bacarıqlarının formalaşmasına, ünsiyyət və davranış sahəsində irəliləyiş əldə etmələrinə yönəlib.
Tələbələr praktiki müşahidələr zamanı mütəxəssislərin iş prinsipləri, istifadə olunan metodikalar və multidissiplinar komanda fəaliyyətinin xüsusiyyətləri ilə bağlı suallarını ünvanlayıb, real klinik halların təhlilində iştirak ediblər. Bu kimi səfərlərin gələcək klinik psixoloqların peşəkar formalaşmasında mühüm rol oynadığı vurğulanıb.
Sonda universitet nümayəndələri mərkəzin kollektivinə göstərilən səmimi qəbula və faydalı əməkdaşlığa görə təşəkkürlərini bildiriblər. Qeyd edilib ki, ali təhsil müəssisələri ilə ixtisaslaşmış reabilitasiya mərkəzləri arasında qurulan əməkdaşlıq tələbələrin praktik hazırlığının gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.