Milli Məclisin İnsan hüquqları komitəsinin iyunun 16-da keçirilən növbəti iclasında media sahəsində geniş islahatlar, uşaqların rəqəmsal təhlükəsizliyinin gücləndirilməsi və məcburi köçkünlərin mənzil hüquqlarına dair mühüm qanun layihələri müzakirəyə çıxarılıb.
Komitə sədri Zahid Oruc bildirib ki, gündəlikdə üç məsələ yer alıb. Birinci oxunuşda müzakirə edilən "Dövlət qulluğu haqqında" və "Media haqqında" qanunlara dəyişiklik layihəsi milli informasiya məkanının hibrid təhdidlərdən qorunması, media institutlarının gücləndirilməsi və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsini hədəfləyir.
Qeyd olunub ki, təklif olunan dəyişikliklərə əsasən, hazırda fəaliyyət göstərən Audiovizual Şura və Medianın İnkişafı Agentliyinin (MEDİA) bazasında kollegial idarəetmə prinsipinə malik vahid Media və Yayım Şurası yaradılacaq. Yeni qurumun media və yayım sahəsində səlahiyyətli dövlət orqanı kimi fəaliyyət göstərməsi, medianın müstəqilliyinin möhkəmlənməsinə, ictimai etimadın artırılmasına, milli informasiya təhlükəsizliyinin təmininə və yerli medianın inkişafına töhfə verəcəyi vurğulanıb.
Müzakirələr zamanı komitə üzvləri qanun layihəsini mütərəqqi addım kimi qiymətləndirərək onun qəbulunun vacibliyini qeyd ediblər.
Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzov və MEDİA-nın icraçı direktorunun müavini Natiq Məmmədov çıxışlarında süni intellekt və digər yeni texnologiyaların media mühitində yaratdığı dəyişikliklərə diqqət çəkiblər. Onlar bildiriblər ki, dezinformasiyaya qarşı effektiv mübarizə, milli informasiya təhlükəsizliyinin qorunması və media subyektlərinin dayanıqlılığının artırılması üçün yeni idarəetmə modelinə ehtiyac yaranıb.
İclasda ikinci oxunuşda baxılan digər qanun layihəsi isə İnzibati Xətalar Məcəlləsinə, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", eləcə də "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlara dəyişiklikləri əhatə edib. Bildirilib ki, layihədə sosial şəbəkələrdə fərdi rəqəmsal hesabların açılması üçün yaş həddinin müəyyən edilməsi nəzərdə tutulur. Dəyişikliklərin məqsədi uşaqların rəqəmsal məkanda təhlükəsizliyinin daha etibarlı şəkildə təmin edilməsidir.
Komitə üzvləri həmçinin Mənzil Məcəlləsinə, "Qaçqınların və məcburi köçkünlərin statusu haqqında" və "Məcburi köçkünlərin sosial müdafiəsi haqqında" qanunlara dəyişiklikləri də ikinci oxunuşda müzakirə ediblər. Layihənin əsas məqsədinin işğaldan azad edilmiş ərazilərə köçürülən məcburi köçkünlərin mənzil və mülkiyyət hüquqlarının təmin olunması, eləcə də bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi olduğu bildirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.