AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Məclisin plenar iclasında

  • + A
  • - A
  • 29-03-2024, 18:11

    Milli Məclisin plenar iclasında

    Martın 29-da spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.
    İclasın əvvəlində spiker Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyətinin martın 22-dən 26-dək İsveçrənin Cenevrə şəhərinə işgüzar səfəri barədə qısa məlumat verib.
    Milli Məclisin sədri bildirib ki, səfərdə məqsəd Parlamentlərarası İttifaqın 148-ci Assambleyasında, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Üçüncü Konfransında və Asiya Parlament Assambleyasının koordinasiya iclasında iştirak etmək idi.
    Spiker qeyd edib ki, Parlamentlərarası İttifaqın 148-ci Assambleyasında "Parlament diplomatiyası: sülh və qarşılıqlı anlaşma üçün körpülərin salınması" mövzusunda müzakirələr aparılıb və o, öz çıxışında beynəlxalq qaydalara əməl olunmaması, ikili standartların və müəyyən dövlətlərin maraqlarının üstünlük təşkil etməsi nəticəsində dünyanın daha parçalanmış və təhlükəli hala gəldiyini qeyd edib. Həmin iclasda o, parlament diplomatiyasının artan əhəmiyyətindən danışıb, sülh və qarşılıqlı anlaşma yaradılmasında parlamentlərin rolu barədə fikirlərini bölüşüb. Bildirib ki, xalqın nümayəndələri olaraq parlamentlər etimad, təhlükəsizlik və sülh şəraitində dinc birgəyaşayış məsələlərinin həllinə mühüm töhfələr verə bilərlər.
    Milli Məclisin sədri diqqətə çatdırıb ki, bildiyiniz kimi, hazırda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə və Asiya Parlament Assambleyasına Azərbaycan Milli Məclisinin sədri rəhbərlik edir. Spiker qeyd edib ki, Cenevrədə onun sədrliyilə bu iki təşkilatın iri miqyaslı tədbirləri keçirilib.
    Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Üçüncü Konfransında üzv parlamentlər, habelə beynəlxalq təşkilatların 56 nümayəndə heyəti iştirak edib.
    Toplantıda söylədiyi giriş nitqində Milli Məclisin sədri Qoşulmama Hərəkatına ölkəmizin sədrliyi dövründə Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin, Gənclər Təşkilatının və Qadınlar Platformasının yaradılması istiqamətində atılan addımların Hərəkatın institusional inkişafı üçün əhəmiyyətini qeyd edib.
    Eyni zamanda, o, Hərəkatın Parlament Şəbəkəsinin fəaliyyətinin gücləndirilməsi və institusional potensialının artırılması, digər parlamentlərarası təşkilatlar ilə dialoq və əməkdaşlığının inkişafı üçün görülən işlər barədə də məlumat verib.
    Konfransda “İqlim dəyişikliyi ilə mübarizədə parlament fəaliyyətinin canlandırılması” mövzusu ətrafında müzakirələr aparılıb. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi yanında beynəlxalq təşkilatlara müşahidəçi statusunun verilməsi haqqında qərarlar qəbul olunub, tədbirin yekunlarına dair Cenevrə Bəyannaməsi qəbul edilib. Həmçinin, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə Parlamentlərarası İttifaq arasında Anlaşma Memorandumu da imzalanıb.
    Sonra Milli Məclisin sədri bildirib ki, Asiya Parlament Assambleyasının koordinasiya iclası Parlamentlərarası İttifaq çərçivəsində Azərbaycanın sədrliyi ilə keçirilən Assambleyanın ilk koordinasiya iclası olub.
    Spiker oradakı çıxışında bildirib ki, parlamentlərarası təşkilatların fəaliyyətinin genişlənməsinə yönələn qlobal tendensiyalar, parlamentlərin ikitərəfli və çoxtərəfli əməkdaşlığını tənzimləyən normativ hüquqi bazanın inkişafı, qlobal qərarların qəbulu proseslərində parlamentlərin daim artan iştirakı parlamentlərarası əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini göstərir.
    Bu baxımdan o, Asiya Parlament Assambleyasının rolunu diqqətə çatdırıb. Qeyd edib ki, təşkilat Asiyada və dünyada əməkdaşlığın, sülh və sabitliyin möhkəmlənməsinə nail olmaq üçün cari məsələlərin və çağırışların həlli üçün ümumi səyləri birləşdirən parlament diplomatiyasının mühüm platformasıdır. Spiker oradakı çıxışında Asiya Parlament Assambleyası ilə Parlamentlərarası İttifaqın ümumi məqsədlər naminə fəaliyyətini və səylərini əlaqələndirməyin zəruriliyini də vurğulayıb.
    Spiker qeyd edib ki, o, hər üç toplantıda bu ilin noyabrında Bakı şəhərində keçiriləcək COP29 konfransına hazırlıq işlərindən danışıb. Bildirib ki, ölkəmizdə 2024-cü il “Yaşıl Dünya Uğrunda Həmrəylik İli” kimi qeyd olunur. Bu gün Azərbaycanın çox ciddi yaşıl enerjiyə keçid gündəliyi mövcuddur və ölkəmizdə bərpa olunan enerjinin həm istehsalına, həm də ixracına böyük investisiyalar qoyulur. O, iqlim dəyişikliyinə qarşı mübarizə tədbirlərini təşviq etmək və hədəflərimizə çatmaq üçün bütün tərəflərin iştirakının vacibliyini bildirib.
    Spiker Sahibə Qafarova bildirib ki, Cenevrədə bir sıra ikitərəfli görüşlər də keçirilib. ICESCO-nun Baş direktoru, Serbiya, Əlcəzair, Qayana, Syerra-Leone, Qazaxıstan, Özbəkistan, Kot-Divuar parlamentlərinin sədrləri ilə görüşlərdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın müxtəlif aspektləri nəzərdən keçirilib. Qarşılıqlı maraq doğuran bir sıra məsələlər barəsində fikir mübadiləsi aparılıb.
    Parlamentlərarası İttifaqın təşəbbüsü və vasitəçiliyi ilə Azərbaycan və Ermənistan parlament sədrlərinin ikitərəfli görüşü də baş tutub. Aparılmış müzakirələr zamanı Azərbaycan ilə Ermənistan arasında davam edən sülh danışıqları şəraitində iki ölkə parlamentinin sülh prosesinə hansı formada dəstək göstərə biləcəyi ilə bağlı məsələlər nəzərdən keçirilib.
    Spiker Cenevrə şəhərinə işgüzar səfərin uğurlu keçdiyini deyib və bununla əlaqədar Milli Məclisin nümayəndə heyətinin hər bir üzvünə minnətdarlığını bildirib.
    Sonra Milli Məclisin sədri diqqətə çatdırıb ki, iki gündən sonra ölkəmizdə Azərbaycanlıların soyqırımı günü qeyd ediləcək. Xalqımız erməni şovinistlərinin vəhşiliyinin qurbanı olmuş on minlərcə günahsız insanın xatirəsini daim ehtiramla yad edir.
    Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində və antiterror tədbirlərində əldə etdiyi tarixi qələbələr, dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi son iki yüz ilə yaxın dövrdə məruz qaldığımız torpaq itkiləri, etnik təmizləmələr və soyqırımları silsiləsinə son qoyub. Azərbaycan xalqına çoxsaylı milli fəlakətlər gətirən erməni şovinizminə və ekspansionizminə sarsıdıcı zərbə endirilib. Bütün bunlar xalqımıza qarşı yeni soyqırımı cinayətlərinin baş verməməsinə ən yaxşı təminatdır.
    Sonra iclasın gündəliyi təsdiqlənib və gündəlikdəki məsələlərin müzakirəsinə başlanıb.
    Spiker Sahibə Qafarova bildirib ki, gündəliyə 21 məsələ daxil edilib. O, ilk iki məsələnin cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-birinə bağlı olduğunu deyib. O, qeyd edib ki, birinci məsələ “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsidir, ikinci məsələ isə “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsidir. Qanun layihələri ikinci oxunuşda müzakirəyə çıxarılır.
    Qanun layihələrini təqdim edən Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli hər iki məsələ ilə əlaqədar birinci oxunuşda geniş məlumat verildiyini, təklif edilən dəyişikliklərin “Media haqqında” qanunun icrası ilə bağlı olduğunu bildirib.
    Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, Mədəniyyət komitəsinin sədri Fazil Mustafa, Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli bu komitələrin ikinci məsələyə dair rəyini diqqətə çatdırıblar.
    Deputatlar Etibar Əliyev və Aydın Mirzəzadə məsələ ilə bağlı fikir və qeydlərini diqqətə çatdırdıqdan sonra, qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
    Milli Məclisin sədri Sahibə Qafarova növbəti 7 məsələnin üçüncü oxunuşda qanun layihələri olduğunu deyib.
    Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, sənədin uşaq hüquqlarının daha səmərəli müdafiəsinin təmin edilməsinə yönəldiyini, layihə ilə bağlı ikinci oxunuşda heç bir əlavə təklifin daxil olmadığını söyləyib və onun səsə qoyulmasını xahiş edib.
    Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, İnsan hüquqları komitəsinin üzvü Bəhruz Məhərrəmov məsələ barədə bu komitələrin rəyini diqqətə çatdırdıqdan sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
    Sonra Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, ikinci oxunuşdan sonra layihə ilə bağlı komitəyə əlavə heç bir təklifin daxil olmadığını deyib və məsələyə üçüncü oxunuşda münasibət bildirilməsini xahiş edib.
    Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
    Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. O, layihədə heç bir dəyişikliyin olmadığı bildirib və onu dəstəkləməyi xahiş edib.
    Sənəddə tikinti obyektlərinin su təchizatı və kanalizasiya sisteminə qoşulması mexanizminin təkmilləşdirilməsi ilə bağlı dəyişikliklər nəzərdə tutulur.
    Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
    İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) barədə danışıb. O, ikinci oxunuşdan sonra layihəyə əlavə heç bir təklifin daxil olmadığını deyib və olduğu kimi səsə qoyulmasını xahiş edib.
    Sənəddə təklif edilən dəyişiklik "İcra haqqında" Qanunun 50.2-ci maddəsində nəzərdə tutulmuş borclunun əmlakı üzərinə həbs qoyulması barədə icra məmurunun təqdimatına məhkəmələr tərəfindən baxılmasının prosessual əsaslarının müəyyən edilməsi və Mülki Prosessual Məcəllənin 231-ci maddəsinin təkmilləşdirilməsi zərurətindən irəli gəlir.
    Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.
    Parlamentin birinci vitse-spikeri, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. Komitə sədri təklif edilən dəyişikliklərdə üzərinə həbs qoyulmuş əmlakın dəyərinin qaytarılması qaydasının tənzimləməsinin nəzərdə tutulduğunu bildirib. O, sənədlə bağlı heç bir təklifin daxil olmadığını deyib və səsə qoyulmasını xahiş edib.
    Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
    Sonra komitə sədri Əli Hüseynli "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, sənədin mahiyyətinin məhkəmə hakimiyyəti ilə ədliyyə orqanları arasında səlahiyyətlərin dəqiqləşdirilməsi ilə bağlı olduğunu qeyd edib.
    Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
    Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin növbəti iki məsələsinin cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu deyib. O, bildirib ki, 9-cu məsələ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) qanun layihəsidir, 10-cu məsələ “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında qanun layihəsidir. Spiker Milli Məclisin fevralın 23-də keçirilmiş iclasında gündəliyin 10-cu məsələsi olan qanun layihəsinin bir oxunuşda qəbul ediləcəyini və onun müzakirəsinin 9-cu məsələdə olan qanun layihəsinin üçüncü oxunuşu ilə eyni gündə keçiriləcəyini bildirdiyini xatırladıb və hər iki sənədin bu gün birlikdə müzakirəyə təqdim olunduğunu qeyd edib.
    Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov bu qanun layihələri barədə məlumat verib. O, bu sənədlər barədə əvvəlki oxunuşlarda geniş məlumat verildiyini, hər hansı əlavə bir dəyişikliyin edilmədiyini deyib və olduğu kimi səsə qoyulmasını xahiş edib.
    İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı davranış qaydalarına riayət edilməməsinə görə inzibati məsuliyyəti nəzərdə tutur. Digər layihədə isə uyğunlaşdırma xarakterli dəyişikliklərin edilməsi təklif olunur.
    Parlamentin vitse-spikeri, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Aqrar siyasət komitəsinin üzvü Azər Badamov, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc 10-cu məsələyə dair bu komitələrin rəylərini diqqətə çatdırıblar.
    Komitə sədri Siyavuş Novruzov da fikirlərini bildirdikdən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.
    Parlamentin spikeri Sahibə Qafarova gündəliyin digər üç məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu, növbəti iki məsələnin cənab Prezidentin bir məktubu ilə Milli Məclisə təqdim edildiyini və mahiyyətcə bir-birinə yaxın olduğunu söyləyib. O, həmin iki məsələnin “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələri olduğunu diqqətə çatdırıb.
    Sonra Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bu iki sənədi iclasda təqdim edib. “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Qanunda nəzərdə tutulan dəyişikliklərlə əlaqədar bildirilib ki, sənəddə əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələrin digər bələdiyyələrlə birləşdirilməsi nəzərdə tutulur. Birləşmə və ya ayrılma nəticəsində əhalisinin sayı 3000 nəfərdən və ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələrin yaradılmasına onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla yol verilir. Layihəyə əsasən, birləşən hər bir bələdiyyə birləşmə ilə bağlı rəyini baxılmaq üçün Milli Məclisə təqdim edir. Milli Məclis həmin bələdiyyənin digər bələdiyyə ilə birləşdirilməsi ilə bağlı qanunvericiliyə müvafiq surətdə qərar qəbul edir.
    “Bələdiyyələrin statusu haqqında” Qanunda nəzərdə tutulan dəyişikliklərin uyğunlaşdırma xarakteri daşıdığı qeyd olunub.
    Komitə sədri Fazil Mustafa və deputat Qüdrət Həsənquliyev məsələ ilə bağlı bəzi qeyd və təkliflərini söyləyiblər. Siyavuş Novruzov səsləndirilən fikirlərə münasibət bildirib.
    Müzakirələrin sonunda qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
    Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O, bildirib ki, təklif edilən dəyişiklikdə geostasionar orbitlərdəki peyk rabitəsi vasitələrinin özəlləşdirilməsi qadağan edilən dövlət əmlakının sırasından çıxarılması nəzərdə tutulur.
    Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
    Sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin qalan 8 məsələsi birinci oxunuşda olan qanun layihələridir. O, növbəti iki məsələnin ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olduğunu, məzmun və mahiyyətcə bir-birinə yaxın olduğunu söyləyib. Spikerin təklifi ilə layihələrin təqdimatları və müzakirəsi birlikdə keçirilib. Layihələr haqqında məlumatı Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev təqdim edib.
    Bəxtiyar Əliyev bildirib ki, müzakirəyə çıxarılan “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində (birinci oxunuş) təklif edilən dəyişikliklər sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi məqsədilə hazırlanıb və qanunun yeni redaktədə təqdim olunan 14.8-1-ci maddəsində bu şəxslərin tam dairəsi müəyyən edilib.
    Komitə sədri bildirib ki, 15-ci məsələdə - “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Veteranlar haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Peşə təhsili haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsində (birinci oxunuş) isə sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin ödənişli əsaslarla təhsil aldıqları müddətdə onların təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsinin digər qanunlarda da təsbit olunması təklif olunub.
    Bəxtiyar Əliyev layihələrin komitədə müzakirəsi zamanı deputatların səsləndirdikləri təklifləri də diqqətə çatdırıb. Komitə sədri həmçinin, şəhid ailələri üzvlərinin, müharibə əlili olan gənclərin, qazilərin ali təhsil almaları üçün qanunvericilikdə nəzərdə tutulan ali təhsil müəssisələrinə hazırlıq kurslarına cəlb olunması ilə bağlı fikirlərini bölüşüb.
    Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Əmək və sosial siyasət komitəsinin üzvü Əziz Ələkbərov təmsil etdikləri komitələrin layihələrlə bağlı müsbət rəylərini səsləndirəndən sonra sənədlərin müzakirəsi aparılıb.
    Müzakirələrdə deputatlardan Razi Nurullayev, Musa Quliyev, Bəhruz Məhərrəmov, Hikmət Məmmədov, Emin Hacıyev, Fazil Mustafa, Musa Qasımlı, Azər Badamov, Sabir Rüstəmxanlı və Sədaqət Vəliyeva təklif olunan dəyişikliklərlə bağlı fikirlərini bildiriblər. Sonra qanun layihələri ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul olunub.
    Gündəliyin 16-cı məsələsi olan Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumatı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov təqdim edib.
    Kamal Cəfərov təklif edilən dəyişiklikləri bir neçə istiqamət üzrə qruplaşdırıb.
    Komitə üzvü bildirib ki, birinci qrupa vergi orqanına xidmətə qəbul olan şəxslərin staj və sınaq müddətinin müəyyən edilməsi, onun xidmət illərinə daxil edilməsi, eyni zamanda staj və sınağın keçmə qaydalarının əsasının müəyyən edilməsi məsələləri aiddir.
    İkinci qrup uyğunlaşdırmalara xüsusi rütbələrin verilməsi və dövlət qulluğunun digər xüsusi növü olan rütbələrlə uyğunlaşdırılması məsələsi daxildir. Rütbələrin verilməsində sui-istifadə hallarının qarşısının alınması məqsədi ilə digər sahəvi qurumların təcrübəsinə uyğun olaraq növbədənkənar rütbənin verilməsi, digər rütbəyə keçirilməsi, onların dövlət qulluğu və onun xüsusi növündə olan rütbələrlə qarşılıqlı uyğunlaşdırılması ilə bağlı bəzi müddəaların təkmilləşdirilməsi təklif edilir.
    Üçüncü qrup təsnifata həvəsləndirmə və intizam tədbirlərini aid etmək olar. Vergi orqanlarının vəzifəli şəxslərinin həvəsləndirmə qaydasının təkmilləşdirilməsi, habelə bu çərçivədə onlara “fəxri vergi orqanı işçisi” adının verilməsi, həmçinin vergi orqanı işçilərinin məsuliyyətinin gücləndirilməsi məqsədilə intizam tənbehi tədbirinin tətbiqi ilə bağlı tənzimləmələrin təkmilləşdirilməsi təklif edilib.
    Dördüncü qrup təsnifata isə sosial müdafiə və maddi təminatla bağlı müddəalar daxildir. Misal üçün elmi dərəcələrə görə eyni əlavənin verilməsi təklif edilir. Eyni zamanda vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələrə görə verilən maaşların “Dövlət qulluğu haqqında” Qanunda müəyyən edilmiş məbləğlərə identik uyğunlaşdırılması təklif edilir.
    Kamal Cəfərov bildirib ki, təklif edilən dəyişikliklər vergi xidmətinin keyfiyyətini daha da artıracaq, qurum daxilində rəqabət mühitinin daha da təkmilləşməsi üçün yeni imkanlar yaradacaq və bu sahədə kadr siyasətinin sabitliyinə mühüm töhfələr verəcək.
    İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili və Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev sənədlə bağlı təmsil etdikləri komitələrin müsbət rəylərini səsləndirəndən sonra qanun layihəsi birinci oxunuşda qəbul olunub.
    Sonra Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) nəzərə çatdırıb.
    Sənəddə qanunun uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxslərlə bağlı 8-ci maddəsi yeni redaksiyada təqdim olunur. Dəyişikliyə əsasən, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Bununla yanaşı, bu hüquq kişilərə münasibətdə qadın vəfat etdiyi (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildiyi), habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən valideynlik hüququndan məhrum edildiyi və ya nikaha xitam verildiyi üçün uşağın (uşaqların) kişinin himayəsinə verildiyi hallarda tətbiq edilir.
    Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova təklif edilən dəyişiklikdə əmək pensiyalarının tətbiqində gender bərabərliyinin təmin olunmasını vətəndaşların konstitusion hüquqlarının müdafiəsi kimi dəyərləndirib. O, məsələnin komitədə müzakirə olunduğunu və müsbət rəy verildiyini diqqətə çatdırıb.
    Məsələ ilə bağlı müzakirələrdə komitə sədri Siyavuş Novruzov, deputatlar Razi Nurullayev, Aydın Hüseynov, Sabir Rüstəmxanlı bəzi qeydlərini səsləndiriblər.
    Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev qaldırılan məsələlərə aydınlıq gətirdikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.
    Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) təqdim edib. Bildirilib ki, layihə inzibati icraat zamanı həyata keçirilən tədbirlərə kənar şəxslərin (hal şahidlərinin) cəlb edilməsinin aradan qaldırılmasını nəzərdə tutur.
    Qeyd olunub ki, İnzibati Xətalar Məcəlləsinə görə şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama, nəqliyyat vasitəsinə baxış və bir sıra digər tədbirlər hal şahidlərinin iştirakı ilə həyata keçirilir. Layihədə hal şahidlərinin iştirakı aradan qaldırılaraq, həmin hallarda fasiləsiz videoçəkiliş aparılmaqla icraatın həyata keçirilməsi təklif edilir. Digər dəyişikliyə əsasən barəsində inzibati icraat aparılan şəxsin və zərər çəkmiş şəxsin razılığı olmadan inzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin, yaxud səsyazma materiallarının media subyektinə təqdim olunması inzibati məsuliyyətə səbəb olacaq.
    Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
    Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında”, “Gömrük tarifi haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib.
    Bildirilib ki, "Reklam haqqında" qanunun 26.8-ci maddəsi reklam qurğuları hesab edilməyən və bu səbəbdən də yerləşdirilməsinə icazə tələb olunmayan məlumat lövhələri, plakatlar və elanların dairəsini müəyyən edir. Hazırda birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr, həmçinin dövlət orqanlarına aid olan lövhələr bu sıraya aid edilmişdir. Təklif olunan dəyişikliyə əsasən, sənaye parklarına, sənaye məhəllələrinə və aqroparklara münasibətdə bu tələb 20 kvadratmetrədək müəyyən ediləcəkdir. Qeyd olunub ki, sənəddə texniki və dəqiqləşdirici xarakterli bir sıra dəyişikliklər də nəzərdə tutulur.
    Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev sənəd barədə rəhbərlik etdiyi komitənin müsbət rəy verdiyini diqqətə çatdırıb.
    Deputat Fəzail Ağamalı məsələ barədə fikirlərini və bəzi qeydlərini bildirdikdən sonra, qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
    Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “İpoteka haqqında”, Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.
    Bildirilib ki, dəyişikliklərdə ipotekaya xitam verilməsinin əsasları sırasına yeni bir halın - ipoteka saxlayanın tələbdən və ya ipotekadan imtina etməsi halının daxil edilməsi təklif olunur. Bu müddəa xüsusilə ipoteka qoyan şəxslə borclunun ayrı-ayrı şəxs olduğu hallarda meydana çıxan məsələlərin daha operativ tənzimlənməsinə imkan yaradacaq. Eyni zamanda, Mülki Məcəllənin 316-cı maddəsində müvafiq dəqiqləşdirici düzəlişin edilməsi həyata keçirilir.
    Qeyd olunub ki, Mülki Məcəlləyə əsasən, zaminlik müqaviləsi üzrə zaminin borclu ilə birgə məsuliyyəti, eyni zamanda, zaminin subsidiar məsuliyyəti mövcud ola bilər. Zaminlik müqaviləsi ilə təmin edilmiş öhdəlik üzrə zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmuşdursa və müqavilə qüvvədə olduğu müddətdə borclu şəxs vəfat edirsə, bu halda zaminin məsuliyyətinin tənzimlənməsi zərurəti yaranırdı. Təklif olunan dəyişikliyə əsasən, bu halda borclunun öldüyü gündən mirasın qəbul edildiyi günədək müddətdə zaminin məsuliyyəti dayandırılacaq.
    Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov sənədlə bağlı bu komitənin rəyini səsləndirib.
    Parlamentin komitə sədri Siyavuş Novruzov və deputat Rüfət Quliyev məsələ barədə fikirlərini bildirdikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.
    Gündəliyin sonuncu məsələsi olan “Media haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) müzakirəyə təqdim edən spiker Sahibə Qafarova bildirib ki, layihə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə daxil olub. O, məsələyə dair məlumat vermək üçün İnsan hüquqları komitəsinin sədri Zahid Oruca söz verib.
    Komitə sədri diqqətə çatdırıb ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 59.2-ci maddəsinə əsasən çap mediası subyekti ola bilən dövlət orqanlarının (qurumlarının) dairəsi dəqiq müəyyən edilib. Təklif olunan dəyişiklik Naxçıvan Muxtar Respublikası Ali Məclisinin “Şərq qapısı” qəzetinin təsisçisi statusunun hüquqi əsaslarının qanunvericilikdə təsbit edilməsini nəzərdə tutur.
    Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli sənədlə bağlı təmsil etdiyi komitənin müsbət rəyini səsləndirəndən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
    Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR