Səhiyyə Nazirliyi tərəfindən “Caspian İnternational Hospital”dan plandankənar yoxlama keçirilib.
Xitab24.az-ın əldə etdiyi məlumata görə, yoxlama zamanı sözügedən klinikada ciddi nöqsanlar üzə çıxıb.
Belə ki, yoxlama zamanı lisenziyadan kənar ginekoloji iş üzrə ekstakorqonal mayalandırma, dövlət qeydiyyatından keçməmiş, yararlılıq müddəti bitmiş və saxlama şəraitinə riayət etmədən dərman vasitələri aşkarlanıb.
Müəssisədə yoxlama baş direktor Cəbrayıl Abbasovun iştirakı ilə aparılıb. “Caspian İnternational Hospital”ın baş direktoru izahatında bildirib ki, xəbərdarlıqdan sonra müəssisədə sonsuzluqla bağlı prosedurların keçirilməsi saxlanılıb.
Nəticədə “Caspian İnternational Hospital” barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1-ci, 221.1-ci və 221.10-cu maddələri üzrə protokol tərtib edilib.
Protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən, “Caspian İnternational Hospital” 6 000 manat cərimələnib.
Qeyd edək ki, rəsmi məlumata görə, hazırda “Caspian İnternational Hospital”ın 29 154 912.6 AZN vergi borcu var.
Şirkətin qanuni təmsilçisi Cəbrayıl Abbasov qeyd olunsa da, səhiyyə müəssisəsinin real sahibinin Şamo Fərzəlibəyov olduğuna dair məlumatlar yayılıb.
Məlumata görə, o, əvvəllər səhiyyə nazirinin müavini olmuş Elsəvər Ağayevin qudasıdır. Şamo Fərzəlibəyov eyni zamanda, “Badam Medical Center” və “Arash Medical Company” tibb şirkətinin rəhbəri olaraq da göstərilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.