“Milli Dəyərlər üzrə Maarifləndirmə” ictimai birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentiyinin dəstəyi ilə həyata keçirilən “Dəyərlərə rəqəmsal baxış” – milli irs nümunələrinə virtual səyahətin təşkili adlı layihəsinin növbəti fəaliyyətləri 01-02 iyul 2026-cı il tarixlərində İsmayıllı rayonunda davam etdirilib.
Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, layihə üzrə İsmayıllıda çəkilişlər üçün təqdim olunan məkanlardan bir neçəsi seçilib və bu maddi-mədəniyyət abidələrində çəkilişlər aparılaraq, video təqdimatlar hazırlanıb.
Layihə rəhbəri Gülşən Behbudun rəhbərliyi ilə İsmayıllı Rayon Tarix və Diyarşünaslıq Muzeyi, Basqal Kəlagayı Muzeyi, Basqal Dövlət Tarix-Mədəniyyət Qorugu, Basqal Hamamı, Xan qalası, Pirəbülqasım Piri, Həzrə Piri, Lahıc Tarix-Diyarşünaslıq Muzayi, Lahıc Dövlət Tarix-Mədəniyyət Qorugunda aparılan çəkilişlərdə bu maddi-mədəniyyət nümunələri haqqında tarixi məlumatlar təqdim olunub, mütəxəssislərdən müsahibələr alınıb. Aparılan çəkilişlər əsasında video çarxın hazırlanaraq sosial şəbəkələrdə geniş təbliğ olunması planlaşdırılır.
Layihənin məqsədi gənc nəslin milli mənəvi dəyərlərlə tanışlığını müasir, mənbə əsaslı, əlçatan texnoformatlarda təqdim etmək, onların milli kimliyə, tarix və mədəni irsimizə maraq və diqqətini artırmaq, maddi-mədəni abidələrimiz, muzeylərimizə virtual səyahət təşkil edərək dəyərlərimizə sahiblənmək, mədəniyyətimizi təbliğ etməkdir.
Layihə 01 may 2026-cı il tarixindən başlayaraq 31 iyul 2026-cı il tarixədək 3 ay ərzində icra olunacaq. Layihə çərçivəsində 5 rayonda – Gəncə, Şamaxı, İsmayıllı, Qəbələ və Şəkidə milli irs nümunələrimizin xülasəsi əks olunan video təqdimatların hazırlanması, bu rayonlarda yerləşən maddi mədəniyyət abidələri, görməli yerlər və muzeylərdən birbaşa çəkilişlər təşkil etməklə virtual ekskursiyanı təmin etmək və görülən işlərin media, sosial şəbəkələrdə yayılması nəzərdə tutulur.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə yanaşı, layihənin icrasında tərəfdaşlarımız Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Mərkəzi və yerli İcra Hakimiyyətləri, Regional Mədəniyyət İdarələri ilə əməkdaşlıq nəzərdə tutulub.
Layihə üzrə növbəti çəkilişlər Qəbələ rayonunda olacaq.
Fotolar