AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vəkildən həyəcan təbili: "Mühafizə orderi var, amma qadın yenə zorakılığa məruz qalır"

  • + A
  • - A
  • Dünən, 10:15

    Vəkildən həyəcan təbili: "Mühafizə orderi var, amma qadın yenə zorakılığa məruz qalır"

    Vəkil Səbuhi Axundov məişət zorakılığı ilə bağlı narahatedici bir hadisəni ictimailəşdirərək aidiyyəti dövlət qurumlarını təcili tədbirlər görməyə çağırıb.

    Onun sözlərinə görə, qadın keçmiş əri tərəfindən dəfələrlə fiziki zorakılığa məruz qalıb. Hər hadisədən sonra polisə müraciət edilsə də, yalnız qısa müddətli sakitlik yaranıb və bir neçə aydan sonra şiddət yenidən təkrarlanıb.

    Vəkilin bildirdiyinə görə, sonuncu hadisə zamanı kişi qadını ictimai yerdə döyməyə başlayıb. Qadın canını qurtarmaq üçün yaxınlıqdakı mağazaya sığınıb. Bu zaman kişinin zərbəsi nəticəsində mağazanın şüşəsi qırılıb. Polis hadisə yerinə gələrək qadını xilas etsə də, vəkil iddia edir ki, keçmiş ər barəsində təsirli tədbirlər görülməyib. Üstəlik, qırılan mağaza şüşəsinin dəyərinin zorakılığa məruz qalan qadından tələb edildiyi qeyd olunur.

    Vəkilin sözlərinə görə, qadın qanunvericiliyə uyğun olaraq Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edib və ona qısamüddətli mühafizə orderi verilib. Lakin orderin dərhal icraya yönləndirilməsi tələb olunsa da, 10 gündən artıq vaxt keçməsinə baxmayaraq sənədin icra şöbəsinə göndərilmədiyi iddia edilir.

    Vəkil bildirir ki, bu müddətdə qadın yenidən atasının evində keçmiş ərinin hücumuna məruz qalıb. O, Binəqədi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarından birinin vətəndaşa laqeyd münasibət göstərdiyini də iddia edərək, bu cür məsuliyyətsizliyin ağır nəticələrə səbəb ola biləcəyini vurğulayıb.

    Səbuhi Axundov həmçinin Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin bəzi əməkdaşlarının məsələyə "ailə söhbətidir" yanaşmasının məişət zorakılığı hallarının daha da ağırlaşmasına şərait yaratdığını bildirib.

    Vəkil qeyd edib ki, bu hadisəni sosial şəbəkədə paylaşmasının səbəbi qadının həyatına real təhlükənin mövcud olmasıdır. O, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini, Binəqədi Rayon İcra Hakimiyyətini və Daxili İşlər Nazirliyini məsələyə operativ müdaxilə etməyə çağıraraq, mümkün faciənin qarşısının alınmasının vacibliyini vurğulayıb.
    https://www.facebook.com/share/p/19Ewb7CiPD/


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR