Təəssüflə etiraf etməliyik ki, Azərbaycan da daxil olmaqla dünya ölkələrinin əksəriyyətində ailədaxili məişət zorakılığının qarşısnın alınması ən aktual məsələlərdən birinə çevriilib. Bu xüsusda statistika sadəcə, insanı dəhşətə gətirir.
Ümumdünya Səhiyyə Təşkilatının statistikasına əsasən, həyatlarında ən azı bir dəfə partnyoru tərəfindən fiziki və ya cinsi zorakılığa məruz qalmış qadınların ümumi sayı dünya üzrə 736 milyondan çoxdur. Məişət zorakılığının qurbanlarının 90 faizindən çoxu iqtisadi zorakılığın hansısa formasını yaşayıb. Eləcə də belə zorakılığa məruz qalan zərif cinsin nümayəndələrinin 60 faizi partnyorun təzyiqi nəticəsində işini itirib. Fiziki zorakılıqdan istifadə edən kişilərin 95 faizinin isə həm də psixoloji zorakılıqdan istifadə etdiyi yenə Ümumdünya Səhiyyə Təşkilatının araşdırmalarında öz əksini tapıb. Qadınlara qarşı aqressivlik göstərən kişilər çox vaxt uşaqlara qarşı da eyni davranış sərgiləyirlər. Bir qayda olaraq da, qətl törədən qadınlar uzun illər partnyorlarının hədələrinə, döyülmələrinə, təhqirlərinə məruz qalanlar olub.
Gündəmi izləyərkən Azərbaycanda da məişət zorakılığı ilə bağlı statistika xoş olmayan mənzərəni üzə çıxarır. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycanda 51 qadın məişət zorakılığının qurbanı olub. 2021-ci ildə 46, 2020-ci ildə 41 qadın belə zorakılıq üzündən həyatını itirib. Beləliklə, bəlli olur ki, təkcə son iki ildə məişət zorakılığı üzündən həyatını itirən qadınların sayı 25 faiz artıb. Bundan əlavə 2022-ci ildə qeydə alınmış cinayətlər nəticəsində zərərçəkən 25449 nəfərin 1475-i və ya 5,8 faizi məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərərçəkənlərdir.
Qısqanclıq, anlaşılmazlıq - Səhv düşəndə yerimizStatistika ilə yanaşı, konkret hadisələr də məişət zorakılığının dəhşət dolu miqyasını və başlıca səbəblərini daha yaxşı təsəvvür etməyə imkan verir. Bu xüsusda bir neçə hadisəyə nəzər salaq. Cari ilin aprelin 13-də Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən gözəllik salonlarından birində 1986-cı il təvəllüdlü Aygün Yusifova qətlə yetrilib. İlkin araşdırma zamanı 1980-ci il təvəllüdlü İsrafil Yusifovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Aygün Yusifovaya kəsici-deşici alətlə xəsarət yetirməklə qəsdən öldürdüyü üzə çıxıb. Yenə bu ilin mayın 7-nə keçən gecə Abşeron
rayonu Novxanı qəsəbəsində yerləşən bağ evində həyat yoldaşı, tanınmış cərrah Türkan Gündüz həyat yoldaşı Muhammet Gündüz tərəfindən qısqanclıq və qarşılıqlı ittihamlar zəminində qətlə yetirilib. Mayın 10-də paytaxtın Sabunçu rayonunda Zöhrab Quliyev həyat yoldaşı Sevinc Quliyevanın həyatına son
qoyub.
İyunun 20-si saat 19 radələrində Abşeron rayonu Qobu qəsəbəsində 2003-cü il təvəllüdlü Hüseynli Leyla Əlişan qızı və 8 aylıq körpəsinin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Abşeron rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla 1993-cü il təvəllüdlü Hüseynli Fərid Firdövsü oğlu arvadı Leyla Hüseynliyə və övladına kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürüb.
Bu qəbildən olan cinayət hallarının sayı heç də az deyil. Araşdırmalar göstərir ki, onların böyük əksəriyyəti qısqanclıq, qarşılıqlı ittihamlar səbəbindən baş verib. Məişət zorakılığı zəmində sonu qətllə bitməyən cinayətlərin sayı da xeyli çoxdur və araşdırmalardan üzə çıxır ki, qadınlar ən çox fiziki və psixoloji zorakılığa məruz qalırlar. Azərbaycanda qadınlara qarşı ən çox qeydə alınan fiziki zorakılıq halları sillələmək, yumruqlamaq, təpikləmək, saçlardan dartmaq, müxtəlif ev əşyalarından istifadə etməklə vurmaqdır. Psixi zorakılığın ən geniş yayılmış üsulları təhqir, təhdid və qadağalardır.
Bəs bunların qarşısının alınması üçün nələr olunmalıdır?
Mühafizə orderi işə yarayırmı?Məişət zorakılığından əziyyət çəkən, lakin adının açıqlanmasına israrla şəkildə etiraz edən qadılardan biri olan V.T. bizimlə söhbətində həyat yoldaşının şiddətindən yaxa qurtarmaq üçün mühafizə orderi aldığını qeyd edir. Amma bildirir ki, bu mühafizə orderi ilk günlərdə ona kömək edib. Daha sonra yoldaşı yenə polislərin xəbərdarlığına, nə də mühafizə orderinə məhəl qoymamağa başlayıb. Qeyd edək ki, mühafizə orderi məişət zorakılığının qarşısının alınması məqsədi ilə zorakılığa məruz qalmış şəxsin müraciəti əsasında onu gözlənilən təhlükələrdən qorumaq üçün verilir. Amma V.T. qeyd edir ki, içki aludəsi olan
həyat yoldaşı ona qarşı həm psixoloji, həm də fiziki təzyiqlərini davam etdirir. Bu səbəbədən bir neçə dəfə polisə müraciət etsə də hələ də həyat yoldaşının zorakılıqlarından xilas ola bilməyib. Çünki polis həyat yoldaşını bir neçə dəfə çağırıb xəbərdarlıq etdikdən sonra buraxıb və indi bu hal həyat yoldaşı üçün
adiləşib. Elə bu səbəbədən həyat yoldaşının V.T.-yə və üç övladına qarşı təqzyiq və zorakılıqları davam edir.
Bu cür halların qarşısının alınması üçün həm qanunvericiliyin sərtləşdirilməsi, həm də maarifçilik tədbirlərinin genişləndirilməsi vacib hesab olunur. Qeyd edək ki, Azərbaycanda “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun 2010-cu ildən qüvvədədir. Qanun yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşayışdan sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri müəyyən edir və tənzimləyir. Qanuna görə, məişət zorakılığı - yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurmasıdır. Amma Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı qeyd edir ki, məişət zorakılığı anlayışının genişləndirilməsinə ehtiyac var. O bildirir ki, hazırda məişət zorakılığı yaxın qohumlar tərəfindən qəsdən fiziki və ya mənəvi zərər vurma deməkdirsə, psixoloji və iqtisadi zərər vurmağın, eləcə də seksual
xarakterli hədələrin və məcburiyyətin zorakılıq kimi qiymətləndirilməsi vacibdir. Bundan başqa təhsilə qadağaya və digər iqtisadi xarakterli hüquqların pozulmasına yönələn hərəkətlər də məişət zorakılığına daxil edilməlidir. “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova da qeyd edir ki, qanunvericiliyin sərtləşdirilməsi vacib şərtlərdən biridir. O hesab edir ki, indiki qanunvericilik məişət zorakılığı ilə bağlı cəza halları barədə statistikanı kifayət qədər dəqiqləşdirməyə imkan vermir. Milli Məclisin deputatı Məlahət İbrahimqızı da dəyişikliyi vacib hesab edir. Onun sözlərinə görə, məişət zorakılığı ilə bağlı qanunda müəyyən yanaşmalar dəyişməlidir. Deputat qeyd edir ki, dünya dövlətlərində bununla bağlı işlər aparılır, dinləmələr keçirilir: “Məsələn, qardaş Türkiyədə zorakılıq törətmiş ailələr üçün müəyyən edilən cərimələr 100 faz həcmində qadına ödənilir. Azərbaycanda isə bu cərimə dövlətə ödənir. Bu da ailənin iqtisadi gücünə və qadının iqtisadi baxımdan səlahiyyətləndirilməsinə ciddi problem yaradır. Məsələyə yanaşma dəyişməlidir”.
Kişi hegemonluğu ailədaxili zorakılığa rəvac verir Bir çox qurumlarda kişi hegemonluğudur. Bəzi sahələrdə kişi hegemonluğu həmin sahədə işləmək istəyən qadınların ailəsində söz-söhbətə səbəb olur.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu fikrimizlə razıdıdırmı? Komitə etiraz etdibmi balansların pozulmasına?
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdir müavini Seymur Məmmədov açıqlamasında qeyd edir ki, 2022-ci ildə idarəetmənin müxtəlif sahələrində qadınların kişilərlə bərabər təmsilçiliyi tam təmin olunmasa da, bu sahədə müsbət inkişaf dinamikası mövcuddur. Gender bərabərliyinin, qadın liderliyinin təşviqi, qadınların məşğulluq imkanlarının artırılması, eləcə də məşğulluq sahələrində qadın təmsilçiliyinin artırılması ilə bağlı Komitə tərəfindən daim müxtəlif yönümlü tədbirlər həyata keçirilməkdədir. Bu tədbirlərin nəticəsi olaraq qadın hakimlərin sayı 2021-ci illə müqayisədə 2022-ci ildə 33 nəfər artaraq 124 nəfərə çatmış, Daxili İşlər Nazirliyi orqanlarında xidmət edən qadın əməkdaşların sayı 3973 nəfər təşkil etmiş, onlardan 63 nəfəri rəhbər vəzifələrdə çalışan qadınlar olmuşdur. Dövlət qulluğuna qəbul üzrə 2022-ci il ərzində keçirilmiş test imtahanında uğur əldə edən namizədlərin yaş və gender bölgüsünə əsasən qadın namizədlərin kişilərə münasibətdə göstəricisi 54.18% faizə yüksəlmişdir.
Xarici təcrübələr diqqət mərkəzində olmalıdırBaşqa bir məsələ odur ki, məişət zorakılığı hallarının artmasına baxmayaraq, cəmiyyətin bu zorakılığa fəal etirazı hələ də müşahidə olunmur. Cəmiyyətin bu hallara qarşı davranışı dəyişməli, digər preventiv addımlar atılmalıdır. Xarici ölkələrin də təcrübəsindən istifadə olunmalıdır. Belə ki, əksər ölkələr məişət
zorakılığı ilə mübarizənin vacibliyini dərk edir və yeni əks tədbirlər tətbiq edir, həmçinin onun aşkarlanması və qarşısının alınması üçün aşkarlanması və qarşısının alınması üçün metodlar hazırlayır. Məsələn, Hollandiyada elm adamları məişət zorakılığı hallarının aşkarlanması üçün kompüter proqramı ilə fəal işləyirlər. Rumıniyada məişət zorakılığının diaqnostikasında “İnsanın çəkilməsi” proyektiv metodundan istifadə edilməsi təklif edilir. Bu texnika uşaqlara qarşı məişət zorakılığı hallarının müəyyən edilməsi və onların psixi sağlamlığının vaxtaşırı monitorinqi vasitəsilə onların nəticələrinin qarşısının alınması üzrə daha geniş səylərin bir hissəsidir. Uşaqdan cizgi filmi personajını deyil, hər hansı bir şəxsi çəkməyi xahiş edirlər. Proyektiv üsullar şərti müayinə ilə müəyyən edilə bilməyən mühüm şəxsi xüsusiyyətlərə çıxış əldə etmək imkanı verir. Meksikalı ekspertlər hesab edirlər ki, “uşaqlara qarşı zorakılıq” bütün dünyada tibb fakültələrinin tədris proqramına həm bakalavr, həm də magistratura tələbələri üçün ayrıca fənn kimi daxil edilməlidir. Hazırda Meksikada bu fənn artıq tibb universitetlərinin yeddi ixtisasının təhsil proqramlarının tərkib
hissəsidir. İsveçrədə zorakılıq epizodları əksər hallarda tibb işçiləri tərəfindən xəstənin xəstəlik tarixi ilə tamamlanan strukturlaşdırılmış sorğu vərəqəsi əsasında anamnestik məlumatların toplanması yolu ilə aşkar edilir. Anketdə sui-istifadə faktının özü, fərdin ailə və sosial vəziyyəti, keçmişdə məişət zorakılığına məruz qalma və sair məqamlar yer alır. İspaniyadan olan mütəxəssislər məişət zorakılığının aşkarlanmasına sistemli yanaşmada israr edirlər: sənədlərin öyrənilməsi, anamnezin toplanması, müayinə, fərdin psixoloji qiymətləndirilməsi və psixoloji testlərdən istifadə. Psixoloji tədqiqat şəxsiyyətin ünsiyyət, emosional, davranış, cinsi və sosial sferalarını öyrənmək məqsədi daşıyır. Məhkəmə ekspertizasının rəyi yuxarıda göstərilən bütün məlumatlara əsaslanmalı və xəsarətlərlə toplanmış məlumatlar arasında mümkün səbəb əlaqəsi qurulmalıdır. Azərbaycan da belə təcrübələrdən istifadə etməldir. Ağırlaşan sosial durumun da məişət zorakılığına təkan verməsinin qarşısı alınmalıdır. Problemin həlli toplumun gələcəyi üçün vacibdir. Ən azı o səbəbdən ki, məişət zorakılığı ailə münasibətlərinin alt-üst olmasına gətirib çıxarır və sonda bu cəmiyyətin özündə böyük problemlərə yol açır. Axı, ailə istənilən cəmiyyətin özülü, fundamentidir. Elə bu səbəbdən də ailənin yaşadığı problemlər, xüsusən də məişət zorakılığı səbəbindən üzləşdiyi çətinliklər, bəzi hallarda dağılması sonda cəmiyyətə sirayət edir, bütöv bir toplumda qeyri-sabitliyə səbəb ola bilir.
Ailədaxili məişət zorakılığı hər birimiz - həm uşaq, həm böyük, həm yaşlı, həm qadın, həm də kişi yaşaya bilər. Həyat yoldaşı öz həyat yoldaşına, əksinə, valideynlər uşaqlara, uşaqlar isə valideynlərə, qardaş və bacılar biri-birlərinə qarşı təcavüzkar davranış göstərə bilər. Məişət zorakılığı gizlədiləcək, susacaq, dözüləcək və ya əziyyət çəkiləcək bir şey deyil. Ailədə zorakılığa məruz qalanlar susmamalıdır. Susmaq hər zaman qızıl deyil.
Elnurə Abuşova,
“Ailə, qadın və uşaq məsələləri mediada” mövzusunda müsabiqəyə təqdim olunur