“Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “İctimai nəzarətin təşviqinə yönələn təşəbbüslərdə qadınların fəallığının gücləndirilməsi” layihəsi çərçivəsində 16 iyul 2026-cı il tarixində Masallı rayonunda “Qadınların ictimai iştirakçılıq proseslərində fəallığının artırılması və ictimai nəzarət mexanizmlərinin tətbiqi” mövzusunda dəyirmi masa keçirilib.
Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, tədbirin əsas məqsədi iştirakçıları Azərbaycan Respublikasının “İctimai iştirakçılıq haqqında” Qanununun yaratdığı imkanlar, ictimai iştirakçılığın formaları, vətəndaşların qərar qəbuletmə proseslərində iştirakı və ictimai nəzarət mexanizmlərinin tətbiqi sahəsində mövcud təcrübələr barədə məlumatlandırmaq, qadınların bu proseslərdə rolunun gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparmaq olub.
Dəyirmi masada vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, qadın fəallar, gənclər, yerli icma üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıların fəal iştirakı ilə interaktiv formatda təşkil olunub. Müzakirələr zamanı ictimai iştirakçılığın hüquqi əsasları, ictimai şuraların fəaliyyəti, vətəndaş təşəbbüslərinin əhəmiyyəti, ictimai nəzarətin effektiv mexanizmləri və qadınların yerli idarəetmədə iştirak imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.
Tədbir çərçivəsində “Real problemlərin xəritəsi” adlı praktiki sessiya keçirilib. Sessiya zamanı iştirakçılar yaşadıqları ərazilərdə mövcud olan sosial və infrastruktur problemlərini müəyyənləşdirərək onların həlli yolları ilə bağlı təkliflər hazırlayıblar. Toplanmış təkliflər layihə çərçivəsində ümumiləşdirilərək yekun hesabatda öz əksini tapacaq.
Tədbirdə qeyd olunub ki, qadınların ictimai iştirakçılıq mexanizmlərindən fəal istifadə etməsi yerli problemlərin həllində və ictimai maraqların müdafiəsində mühüm rol oynayır. Eyni zamanda, qadınların qərar qəbuletmə proseslərində daha geniş təmsil olunması dövlət-vətəndaş əməkdaşlığının güclənməsinə, şəffaflığın və hesabatlılığın artmasına müsbət təsir göstərir.
Layihənin əsas məqsədi qadınların ictimai nəzarət təşəbbüslərində iştirakını təşviq etmək, “İctimai iştirakçılıq haqqında” Qanunun tətbiqinin səmərəliliyinə töhfə vermək, ictimai nəzarət mexanizmlərinin inkişafı üzrə təkliflər hazırlamaq və qadınların ictimai həyatda, eləcə də qərar qəbuletmə proseslərində rolunun gücləndirilməsinə dəstək göstərməkdir.
Fotolar
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.