Azərbaycan və Özbəkistan arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi, sahibkarlar arasında işgüzar əlaqələrin genişləndirilməsi və yeni tərəfdaşlıqların təşviqi məqsədilə Daşkənd şəhərində “Özbəkistan-Azərbaycan İş Adamları Biznes Klubu"nun (UZAZ Biznes Klubu) rəsmi təqdimat mərasimi keçirilib.
Tədbir Networkstan, ASR Distribution and Development Group, Azərbaycan Sahibkarlar Konfederasiyası və Özbəkistan Ticarət və Sənaye Palatasının tərəfdaşlığı ilə təşkil olunub.
Təqdimat mərasimində Azərbaycan və Özbəkistanın dövlət qurumlarının nümayəndələri, sahibkarlar, investorlar, biznes assosiasiyalarının rəhbərləri, diplomatik korpusun təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı investisiya imkanlarının artırılması və biznes dairələri arasında birbaşa əməkdaşlığın inkişafı baxımından mühüm platforma kimi qiymətləndirilib.
Tədbiri giriş nitqi ilə açan UZAZ Biznes Klubunun İdarə Heyətinin sədri Elxan Mikayılov klubun yaradılmasının əsas məqsədləri, klubun fəaliyyət istiqamətləri və gələcək planları barədə ətraflı məlumat verib. O vurğulayıb ki, klub Azərbaycan və Özbəkistan sahibkarlarını vahid platformada birləşdirərək yeni əməkdaşlıqların formalaşmasına və biznes əlaqələrinin sistemli şəkildə inkişafına xidmət edəcək.
Daha sonra Networkstan şirkətinin icraçı direktoru Vüqar Mirzəyev Özbəkistanda biznes qurmaq istəyən xarici sahibkarlar üçün təqdim olunan xidmətlər, biznesin təşkili, dövlət qurumları ilə əməkdaşlıq mexanizmləri və UZAZ Biznes Klubunun sahibkarlar üçün yaradacağı imkanlardan danışıb.
Tədbirdə həmçinin Özbəkistan Ticarət və Sənaye Palatasının nümayəndəsi Əlişer Şayxov, Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyinin nümayəndəsi Bekzod Erjigitov və Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndəsi Elvin Ali çıxış edərək Azərbaycan–Özbəkistan iqtisadi münasibətlərinin inkişaf perspektivləri, özəl sektor arasında əməkdaşlığın genişləndirilməsi və biznes platformalarının əhəmiyyəti barədə fikirlərini bölüşüblər.
Tədbir çərçivəsində "UZAZ Biznes Klubu”nun fəaliyyəti, üzvlük imkanları, sahibkarlara təqdim ediləcək xidmətlər və qarşıdakı dövr üçün nəzərdə tutulan layihələr təqdim olunub. İştirakçılara klubun təşkil edəcəyi biznes forumları, investisiya missiyaları, B2B görüşlər, dövlət qurumları ilə biznes nümayəndələri arasında dialoq platformaları və digər təşəbbüslər barədə məlumat verilib.
Rəsmi hissədən sonra keçirilən B2B görüşlər və networking sessiyası iştirakçılar arasında yeni işgüzar əlaqələrin qurulmasına, potensial tərəfdaşlıqların müzakirəsinə və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə şərait yaradıb.
"UZAZ Biznes Klubu” Azərbaycan və Özbəkistan arasında biznes körpüsü rolunu oynayaraq sahibkarlar, investorlar və dövlət qurumları arasında davamlı əməkdaşlığın inkişafına, qarşılıqlı investisiyaların təşviqinə və iki ölkənin iqtisadi münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verməyi qarşısına əsas məqsəd kimi qoyur.
Təqdimat mərasimi iştirakçılar tərəfindən yüksək qiymətləndirilib və gələcəkdə Azərbaycan–Özbəkistan biznes əməkdaşlığının inkişafı istiqamətində atılan mühüm addımlardan biri kimi dəyərləndirilib.