AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Daşbulaq məktəbinin bağlanması kəndin tam boşalmasına səbəb olacaq

  • + A
  • - A
  • Bu gün, 09:46

    Daşbulaq məktəbinin bağlanması kəndin tam boşalmasına səbəb olacaq

    Şəki rayonunun Daşbulaq kənd orta məktəbinin bağlanacağı və şagirdlərin distant təhsilə keçiriləcəyi ilə bağlı iddialar narahatlıq yaradıb. Problemi jurnalist Zülfiyyə Quliyeva ictimailəşdirərək məsələ ilə bağlı aidiyyəti qurumlara və ictimaiyyətə çağırış edib.

    Jurnalistin sözlərinə görə, Elm və Təhsil Nazirliyi şagird sayının az olmasını əsas gətirərək məktəbi bağlamağı planlaşdırır. Hazırda məktəbdə 29 şagird təhsil alır. Halbuki, 1990-cı illərin sonlarına qədər burada 100-dən çox şagird oxuyub və dövlət büdcəsindən təxminən 400 min manat vəsait ayrılaraq kənddə 80 yerlik modul tipli məktəb binası tikilib.

    Z.Quliyeva bildirib ki, Daşbulaq kəndində onsuz da işsizlik və içməli su problemi mövcuddur. Buna baxmayaraq, insanlar doğma yurdlarına bağlı olduqları üçün kəndi tam tərk etməyiblər. Onun fikrincə, məktəbin bağlanması kənddə qalan ailələrin də köçməsinə səbəb olacaq.

    Jurnalist qeyd edib ki, kənd yollarının əlverişsiz vəziyyətdə olması şagirdlərin digər kəndlərdə təhsil almasını çətinləşdirir. O, həmçinin məktəbin bağlanmasının yalnız müəllimlərə deyil, xadimə, gözətçi və digər texniki işçilərin də işsiz qalmasına gətirib çıxaracağını vurğulayıb.

    Zülfiyyə Quliyeva məktəbin sadəcə təhsil müəssisəsi olmadığını, kəndin elm, mədəniyyət və mənəviyyat mərkəzi kimi fəaliyyət göstərdiyini bildirib. Onun sözlərinə görə, kənd məktəbinin yaşaması həmin yaşayış məntəqəsinin gələcəyinin qorunması deməkdir.

    Jurnalist Elm və Təhsil Nazirliyini qərara yenidən baxmağa çağıraraq bildirib ki, regional inkişaf siyasətinin əsas məqsədlərindən biri kəndlərin yaşamasını təmin etməkdir və kənd məktəblərinin bağlanması bu məqsədə xidmət etmir, əksinə, yaşayış məntəqələrinin boşalmasını sürətləndirə bilər. O, həmçinin qənaət tədbirlərinin ilk növbədə nazirliyin inzibati strukturlarında aparılmasının daha məqsədəuyğun olacağını ifadə edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR