Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Ekoloji Maarifçilik və Monitorinq" İctimai Birliyi tərəfindən həyata keçirilən "İsmayıllıda ekoloji maarifləndirmə tədbirləri" layihəsinin icrasına 1 iyun 2026-cı il tarixindən start verilib.
Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, layihə çərçivəsində ilk maarifləndirici tədbir İsmayıllı Rayon Peşə Kollecində keçirilib. Tədbirin əsas məqsədi ətraf mühitin mühafizəsi sahəsində ictimai məlumatlılığın artırılması, ekoloji problemlərə diqqətin cəlb olunması, gənclər və yerli icmalar arasında ekoloji məsuliyyət hissinin gücləndirilməsi, həmçinin yaşıl inkişaf prinsiplərinin təbliği istiqamətində maarifləndirmə işlərinin aparılmasıdır.
Tədbirdə İsmayıllı Rayon Peşə Kollecinin 20 nəfər tələbəsi, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, ictimai fəallar, müəllimlər və digər qonaqlar iştirak ediblər.
Çıxışlarda vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 2 fevral tarixində təsdiq etdiyi "Azərbaycan 2030: Sosial-iqtisadi İnkişafa dair Milli Prioritetlər" sənədində müəyyən edilmiş beş milli prioritetdən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" istiqamətidir. Həyata keçirilən layihə də bu prioritetin reallaşdırılmasına, ekoloji məsuliyyətin gücləndirilməsinə, ətraf mühitin mühafizəsinə ictimai dəstəyin artırılmasına və yaşıl inkişaf prinsiplərinin cəmiyyət arasında geniş təşviqinə xidmət edir.
Layihə rəhbəri Qəmzə Yusubova iştirakçıları salamlayaraq layihənin məqsəd və vəzifələri haqqında ətraflı məlumat verib. O bildirib ki, layihə çərçivəsində İsmayıllı rayonunda fəaliyyət göstərən kənd təsərrüfatı və turizm sektoru nümayəndələri, sahibkarlar, gənclər, yerli icma üzvləri və digər hədəf qrupları üçün silsilə ekoloji maarifləndirmə tədbirləri həyata keçiriləcək. Bu tədbirlər çərçivəsində təlimlər, seminarlar, dəyirmi masalar, maarifləndirici görüşlər və məlumatlandırma sessiyaları təşkil olunacaq.
Qəmzə Yusubova qeyd edib ki, layihənin əsas məqsədi əhalidə ekoloji mədəniyyətin formalaşdırılması, təbii sərvətlərdən səmərəli istifadə vərdişlərinin təşviqi, ətraf mühitin mühafizəsində vətəndaş məsuliyyətinin artırılması və yaşıl iqtisadiyyatın üstünlükləri barədə ictimai məlumatlılığın genişləndirilməsidir. Onun sözlərinə görə, ekoloji problemlərin həlli yalnız dövlət qurumlarının deyil, bütövlükdə cəmiyyətin fəal iştirakını tələb edir və bu baxımdan maarifləndirmə tədbirləri xüsusi əhəmiyyət daşıyır.
Daha sonra təlimçi-ekspert Rasim Məmmədov iştirakçılar qarşısında təqdimatla çıxış edib. O, yaşıl iqtisadiyyatın üstünlükləri, ekoloji məsuliyyətin artırılması, iqlim dəyişikliklərinin ətraf mühitə təsiri, təbii resurslardan səmərəli və qənaətlə istifadə, tullantıların düzgün çeşidlənməsi və idarə olunması, enerji və su ehtiyatlarına qənaət, alternativ enerji mənbələrinin tətbiqi, biomüxtəlifliyin qorunması və ekoloji baxımdan dayanıqlı inkişaf modelləri barədə ətraflı məlumat verib.
Ekspert çıxışında vurğulayıb ki, hər bir vətəndaş gündəlik həyatında ekoloji məsuliyyət nümayiş etdirməklə ətraf mühitin qorunmasına öz töhfəsini verə bilər. O qeyd edib ki, xüsusilə gənclərin ekoloji biliklərinin artırılması və onların yaşıl təşəbbüslərə cəlb edilməsi gələcəkdə dayanıqlı inkişafın təmin olunmasında mühüm rol oynayacaq.
Tədbir interaktiv müzakirələr şəraitində davam edib. İştirakçılar ekoloji problemlər, tullantıların idarə olunması, meşələrin və su ehtiyatlarının qorunması, yaşıl iqtisadiyyatın tətbiqi və ekoloji davranış qaydaları ilə bağlı ekspertə suallar ünvanlayıb, mövzu ətrafında fikir mübadiləsi aparıblar.
Sonda iştirakçılar layihənin aktuallığını yüksək qiymətləndirərək belə maarifləndirici tədbirlərin davamlı keçirilməsinin gənclərdə ekoloji düşüncənin formalaşmasına, cəmiyyətin ekoloji şüurunun yüksəldilməsinə və ətraf mühitin qorunmasına mühüm töhfə verəcəyini bildiriblər.
Qeyd edək ki, "İsmayıllıda ekoloji maarifləndirmə tədbirləri" çərçivəsində rayonun müxtəlif yaşayış məntəqələrində ekoloji maarifləndirmə təlimləri, dəyirmi masalar, görüşlər və məlumatlandırma tədbirlərinin keçirilməsi nəzərdə tutulur. Layihənin əsas məqsədi ətraf mühitin qorunmasına ictimai dəstəyin artırılması, yaşıl inkişaf prinsiplərinin təbliği və ekoloji məsuliyyətin cəmiyyət arasında daha da gücləndirilməsidir.
Fotolar