AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakı Dəmir Yolu Vağzalında turizm sorğuları aparılır: tələbələr statistik müşahidələrə cəlb olunub

  • + A
  • - A
  • Bu gün, 13:35

    Bakı Dəmir Yolu Vağzalında turizm sorğuları aparılır: tələbələr statistik müşahidələrə cəlb olunub

    Dövlət Statistika Komitəsi turizmə dair seçmə statistik müşahidələrin əhatə dairəsini genişləndirib. Artıq gəlmə və getmə turizmi üzrə sorğular yalnız Heydər Əliyev Beynəlxalq Hava Limanında deyil, Bakı Dəmir Yolu Vağzalında da həyata keçirilir.

    Komitənin mütəxəssisləri ilə əməkdaşlıq çərçivəsində müxtəlif ali təhsil müəssisələrinin tələbələri də sorğuların keçirilməsinə cəlb olunublar. Vağzalda aparılan müşahidələr dəmir yolu nəqliyyatından istifadə edən yerli və xarici sərnişinlərin səfərlərinin daha ətraflı öyrənilməsinə imkan yaradır.

    Sorğu zamanı respondentlərə səfərin məqsədi və müddəti, səfər zamanı istifadə etdikləri yerləşmə vasitələri, nəqliyyat və digər xidmətlərə çəkdikləri xərclər, eləcə də turizm statistikasının hazırlanması üçün zəruri olan digər məlumatlarla bağlı suallar ünvanlanır.

    Yeni məkanın statistik müşahidələrə daxil edilməsi ölkəyə gələn və ölkədən gedən turist axınlarının müxtəlif nəqliyyat növləri üzrə daha dolğun qiymətləndirilməsinə şərait yaradır. Toplanan məlumatlar əsasında turizmin inkişaf dinamikası, səfərlərin məqsədləri, turistlərin davranışları və xərcləri barədə daha əhatəli statistik göstəricilərin formalaşdırılması mümkün olacaq.

    Tələbələrin bu prosesə cəlb edilməsi isə həm onların nəzəri biliklərini praktikada tətbiq etmələrinə, həm də real statistik məlumatların toplanması və emalı prosesi ilə yaxından tanış olmalarına imkan yaradır. Müşahidələrdə iştirak edən tələbələr əvvəlcədən müvafiq təlimlərə cəlb olunaraq sorğuların aparılması, respondentlərlə düzgün ünsiyyət qurulması və məlumatların toplanması qaydaları barədə məlumatlandırılıblar.

    Bu təcrübə tələbələrin praktiki bacarıqlarının, xüsusilə respondentlərlə ünsiyyət və məlumat toplama vərdişlərinin inkişafına da töhfə verir. Eyni zamanda gənclərin rəsmi statistikanın hazırlanması prosesini yaxından müşahidə etməsinə şərait yaradır.

    Dövlət Statistika Komitəsi tərəfindən aparılan sorğular zamanı əldə edilən məlumatlar yalnız statistik məqsədlərlə istifadə olunur. Respondentlər tərəfindən təqdim edilən fərdi məlumatların məxfiliyi isə qanunvericiliyin tələblərinə uyğun olaraq qorunur.

    Bakı Dəmir Yolu Vağzalında sorğuların keçirilməsi turizm statistikası üzrə müşahidələrin coğrafi və nəqliyyat əhatəsinin genişləndirilməsi baxımından mühüm addım olmaqla, ölkədə turizm axınlarının daha dəqiq və hərtərəfli qiymətləndirilməsinə xidmət edir.


    #DövlətStatistikaKomitəsi #Turizm #Statistika #BakıDəmirYoluVağzalı


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR