Bakı Slavyan Universitetində erməni dilinin tədrisinə başlanılması planlaşdırılır. Bu barədə universitetin Elmi Şurasının qərar qəbul etdiyi bildirilib.
Universitetin mətbuat katibi Sabina Hüseynzadənin sözlərinə görə, erməni dilinin öyrənilməsi ilə bağlı qərar qəbul edilib və fənnin tədrisinin növbəti illərdə də davam etdirilməsi nəzərdə tutulur.
Dərslərin konkret olaraq nə vaxt başlayacağı hələ açıqlanmayıb. Lakin universitetin rektoru Anar Nağıyev daha əvvəl erməni dilinin 2026/2027-ci tədris ilindən etibarən tədris olunmasının planlaşdırıldığını bildirmişdi.
Qeyd edək ki, Ermənistanda da azərbaycanlıların dilinin öyrənilməsi ilə bağlı imkan yaradılıb. Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin məlumatına görə, azərbaycan dili artıq ölkədə üç ümumtəhsil məktəbində yuxarı sinif şagirdlərinə tədris olunur.
Bu, regional dillərin tədrisi üzrə hazırlanmış kurs çərçivəsində həyata keçirilir. Bununla belə, azərbaycan və türk dillərinin yalnız 10-cu sinifdən başlayaraq yuxarı siniflərdə tədrisinə icazə verilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.