Emin Əmrullayev: Məktəblərin başlama saatlarının dəyişdirilməsi ilə bağlı qərar yoxdur

Məktəblərdə dərslərin başlama saatlarının dəyişdirilməsi ilə bağlı hazırda hər hansı qərar yoxdur.
Bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, dərslərin başlama saatının dəyişdirilməsi məsələsi mürəkkəbdir və burada valideynlərin iş qrafiki də nəzərə alınmalıdır.
“Valideynlər uşaqlarını məktəbə qoyub işə gedirlər. Amma ali təhsil müəssisələrində bu tətbiq olunur. Hazırda məktəblərin başlama saatlarının dəyişdirilməsi ilə bağlı əlimizdə belə bir qərar yoxdur ki, bunu elan edək”, - deyə nazir qeyd edib.
E.Əmrullayev valideynlərə övladları üçün evə yaxın məktəbləri seçməyi də tövsiyə edib.
“Ən yaxşı məktəb evə ən yaxın məktəbdir. Biz ən yaxın məktəbi ən yaxşı məktəbə çevirməliyik”, - nazir vurğulayıb.
O bildirib ki, uşaqların tıxac səbəbindən dərsə gecikməməsi və davamiyyət problemi yaşamaması üçün yaxın məktəblərə üstünlük verilməsi məqsədəuyğundur.
Nazir əlavə edib ki, övladlarını evdən uzaq məktəblərə aparan valideynlərin ictimai nəqliyyatdan istifadə etməsi daha yaxşı olar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.