“Həzi Aslanov” stansiyasındakı yenidənqurma işləri noyabrda tamamlanacaq

Bakı Metropoliteninin “Həzi Aslanov” stansiyasının dalanında aparılan əsaslı yenidənqurma işlərinin cari ilin noyabr ayının sonunda başa çatdırılması planlaşdırılır.
Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Məlumata əsasən, təmir və yenidənqurma işləri təxminən 280 metrlik sahədə üç mərhələ üzrə həyata keçirilir. Hazırda layihənin son mərhələsi icra olunur.
Əvvəlki mərhələlərdə təmir-bərpa işləri başa çatdırılıb, yan divarlar və döşəmə boyunca məhlulvurma-hamarlama prosesi aparılıb. Bundan başqa, döşəmə, divar və tavan hissələrində gücləndirmə işləri görülüb.
Orta yolların arakəsmə divarlarının yenidən inşası da tamamlanıb.
Qeyd edilib ki, layihə “Həzi Aslanov” stansiyasının dalanının və stansiyanın dayanıqlılığının artırılması məqsədilə 2025–2030-cu illər üzrə Dövlət Proqramının icrasına dair tədbirlər planına uyğun həyata keçirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.