Sumqayıtda məktəblilər zəhərlənib? – 14 nəfər xəstəxanaya yerləşdirilib

AQTA hadisə ilə bağlı araşdırma aparır
Sumqayıtda məktəblilər arasında zəhərlənmə şübhəsi ilə bağlı hadisə baş verib.
Sumqayıt Tibb Mərkəzindən verilən məlumata görə, oktyabrın 2-də 14 nəfər – 11 oğlan və 3 qız – zəhərlənmə şübhəsi ilə Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
Məlumata görə, şagirdlərə zəruri tibbi yardım göstərilib. Onların müalicəsi davam etdirilir və vəziyyətləri stabildir.
Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib ki, ilkin məlumata əsasən, şagirdlərdən biri evdən gətirdiyi qənnadı məmulatını sinif yoldaşları ilə bölüşüb. Məhsuldan istifadə etdikdən sonra şagirdlər özlərini pis hiss ediblər.
Hadisə ilə bağlı aidiyyəti qurumlarla birgə araşdırma aparılır.
AQTA da Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbdə baş verən hadisəni araşdırır. Qurumdan bildirilib ki, araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, ötən gün Gəncədə 6 nömrəli tam orta məktəbin 7 şagirdi də şirniyyatdan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.