Göyçayda 67 illik məktəb binası yenidən tikiləcək

Mərkəzi Aran Regional Təhsil İdarəsi layihə sənədlərinin təqdim edildiyini açıqlayıb
Göyçay rayonunun Qızılağac kəndində yerləşən tam orta məktəbin binasının vəziyyəti ilə bağlı narazılıq yaranıb.
1959-cu ildə inşa edilən binada hazırda məktəblə yanaşı, bağça və mədəniyyət evi də fəaliyyət göstərir.
Məktəbin müəllim və şagirdləri APA TV-yə bildiriblər ki, təhsil müəssisəsində yarasa və müxtəlif həşəratların olması ilə bağlı problemlər yaşanır. Kənd sakinləri isə yay aylarında ilanların da məktəbin ərazisində göründüyünü deyiblər.
Şagirdlərin sözlərinə görə, məktəbin istilik sistemi ilə bağlı da çətinliklər var. Bəzi hallarda odun gətirilərək sobadan istifadə olunur. Pəncərə və taxtaların bir qisminin yararsız olduğu, siniflərdə müxtəlif həşəratların olduğu bildirilib.
Kənd sakinləri məktəbin qapı və pəncərələrinin, döşəmə və tavanının vəziyyətindən də narazıdırlar. Onlar idman zalının istifadəyə yararsız olduğunu bildiriblər.
Sakinlərin sözlərinə görə, məktəbin mövcud vəziyyəti səbəbindən bəzi valideynlər övladlarını şəhər məktəblərinə göndərirlər.
Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib ki, Qızılağac tam orta ümumi təhsil məktəbinin mövcud vəziyyətindən xəbərdardırlar.
Qurumun açıqlamasına görə, məktəbin yenidən tikilməsi nəzərdə tutulur. Bununla bağlı layihə sənədləri artıq aidiyyəti üzrə təqdim edilib.
İdarədən əlavə olaraq bildirilib ki, hazırda tabelikdə olan 40-dan çox ümumi təhsil müəssisəsində cari təmir, bir məktəbdə isə əsaslı təmir işləri aparılır.
[video=]
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.