“Rəqəmsal məktəb”in əhatə dairəsi genişlənir

Yeni tədris ilindən daha 194 məktəb platformaya qoşulacaq
2026-2027-ci tədris ilindən etibarən “Rəqəmsal məktəb” platformasının tətbiq coğrafiyası genişləndiriləcək.
Yeni tədris ilindən platformadan Abşeronda 47, Gəncədə 50, Mingəçevirdə 29, Sumqayıtda 48, Naxçıvanda isə 20 məktəbdə istifadə olunacaq. Beləliklə, ümumilikdə daha 194 məktəb platformaya qoşulacaq.
Layihənin əsas məqsədi təhsil prosesinin rəqəmsallaşdırılmasını sürətləndirmək, məktəb idarəetməsində müasir texnologiyaların tətbiqini genişləndirmək, şagird, müəllim, valideyn və məktəb rəhbərliyi arasında kommunikasiyanı daha çevik və səmərəli təşkil etməkdir.
Platformanın genişləndirilməsi ilə müəllimlər dərs jurnallarını elektron qaydada aparacaq, tədris məlumatları vahid rəqəmsal mühitdə idarə olunacaq. Bu, kağız daşıyıcılardan istifadənin mərhələli şəkildə azaldılmasına da imkan verəcək.
Bundan əlavə, istifadəçilər süni intellekt əsaslı rəqəmsal həllərdən yararlana biləcəklər. Bu imkanların müəllimlərin gündəlik fəaliyyətinin optimallaşdırılmasına və tədrisin fərdiləşdirilməsi imkanlarının genişləndirilməsinə xidmət edəcəyi gözlənilir.
Şagirdlər platforma vasitəsilə tədris resurslarına çıxış əldə edəcək, dərs cədvəlləri ilə tanış olacaq və qiymətlərini elektron qaydada izləyə biləcəklər.
Valideynlər isə şəxsi kabinetləri üzərindən övladlarının davamiyyəti, qiymətləri və nizam-intizam göstəriciləri barədə məlumat əldə edə biləcəklər.
Beləliklə, “Rəqəmsal məktəb”in regionlarda tətbiqi rəqəmsal təhsil imkanlarının ölkə üzrə genişləndirilməsinə və vahid rəqəmsal təhsil ekosisteminin formalaşdırılmasına xidmət edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.