“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına” layihəsi başa çatmaq üzrədir. Layihə çərçivəsində bir sıra tədbirlər həyata keçirilib. Bu tədbirlərdən biri də rəsm müsabiqəsi olub. Artıq müsabiqə başa çatıb, qaliblər və fərqlənən iştirakçılar müəyyənləşib.
Bu barədə CASCFEN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, rəsm müsabiqəsində iştirak etmək üçün ilkin olaraq 37 nəfər müraciət edib. Onlardan 35 nəfər rəsmi qeydiyyatdan keçib. Qeydiyyatdan keçən iştirakçılardan 7-nin təqdim etdiyi əsərlər müsabiqənin qaydalarına uyğun olmadığı üçün qiymətləndirməyə buraxılmayıb.
Beləliklə, 28 əsər münsiflər heyəti tərəfindən qiymətləndirilib. Müsabiqə qaydalarına əsasən ilkin mərhələdə 15 əsərin finala buraxılması nəzərdə tutulsa da, təqdim olunan əsərlərin rəngarəngliyi, iştirakçıların müsabiqəyə böyük maraq göstərməsi nəzərə alınaraq, münsiflər heyəti 22 əsərin final mərhələsinə keçirilməsinə qərar verib.
Lakin həmin əsərlərdən birinin müəllifi sonrakı mərhələdə prosesdə iştirak edə bilmədiyinə görə yekun olaraq 21 əsər finalçı olaraq sərgilənməyə buraxılıb.
Həmçinin 21 əsər arasından 6 əsər fərqləndiyi üçün xüsusi mükafata layiq görülüb. Daha 3 əsərin müəllifi isə - Bakı şəhəri, Səbail rayonu 180 nömrəli klassik gimnaziyanın 8-ci sinif şagirdi Safiya Əliyeva, Binəqədi rayonu Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdi Aynur Əkbərli və Səbail rayonu Məmməd Rahim adına 7 nömrəli orta məktəbin 5-ci sinif şagirdi Həcər Dadaşzadə müsabiqənin qalibi elan olunaraq mükafatlandırılıb.
Mükafatların təqdimatı müsabiqə qaydalarına və layihədə nəzərdə tutulan müddəalara uyğun olaraq oktyabrın 3-də keçirilən CASCFEN konfransı çərçivəsində baş tutub.
Beləliklə, CASCFEN “Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına” layihəsi çərçivəsində nəzərdə tutulan daha bir mərhələni uğurla başa çatdırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.