Ramin Məmmədov: Milli kimlik və dünyəvilik bir-birini tamamlayır

Komitə sədri gənclərin milli-mənəvi tərbiyəsi və informasiya təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb
Milli-mənəvi dəyərlərin qorunması, müasir düşüncənin inkişafı və vətəndaşlıq məsuliyyətinin gücləndirilməsi Azərbaycanın gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov açıqlamasında bildirib ki, dövlətin davamlı inkişafı milli kimliyini dərk edən, tarixini bilən və müasir çağırışları düzgün qiymətləndirən vətəndaşların yetişdirilməsini tələb edir.
O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin gənclərin milli ruhda və milli-mənəvi dəyərlər əsasında tərbiyə olunması ilə bağlı müəyyənləşdirdiyi prinsiplər bu gün də aktuallığını qoruyur. Prezident İlham Əliyev həmin siyasəti müasir dövrün tələblərinə uyğun davam etdirir, təhsil, bilik və vətənpərvərliyin gənclərin zərərli təsirlərdən qorunmasındakı rolunu önə çəkir.
Komitə sədrinin sözlərinə görə, gənclərin tərbiyəsində ailə və məktəblə yanaşı, informasiya mühiti də mühüm rol oynayır. İnternet və sosial media geniş imkanlar yaratmaqla yanaşı, yanlış məlumatların və manipulyativ ideyaların yayılmasını da sürətləndirir.
Ramin Məmmədov bildirib ki, bu şəraitdə gənclərin informasiya savadlılığının artırılması xüsusi əhəmiyyət daşıyır. Onlar məlumatları təhlil etməyi, etibarlı mənbələri müəyyənləşdirməyi və qərarlarını müstəqil mühakimə əsasında verməyi bacarmalıdırlar.
Komitə sədri dini biliklərin düzgün mənbələrdən öyrənilməsinin vacibliyini də vurğulayıb. O bildirib ki, dini dəyərlər insan ləyaqətinə, mərhəmətə, ədalətə, qarşılıqlı hörmətə və sülhə xidmət etməlidir.
Ramin Məmmədovun fikrincə, Azərbaycanın dünyəvi dövlət modeli ilə dini-mənəvi dəyərlər arasında ziddiyyət yoxdur. Dünyəvilik vətəndaşların hüquq bərabərliyinin, dini etiqad azadlığının və qanunun aliliyinin təmin olunmasına əsaslanır.
O qeyd edib ki, milli kimliklə müasirlik bir-birinə qarşı qoyulmamalıdır. Milli dəyərlərə bağlılıq elmi biliklərə, texnoloji yeniliklərə və müasir düşüncəyə açıq olmağı istisna etmir.
Komitə sədri əlavə edib ki, müxtəlif dini və mədəni mənsubiyyətə malik insanların qarşılıqlı hörmət və qanun qarşısında bərabərlik prinsipləri əsasında birgə yaşaması ictimai sabitliyin mühüm şərtidir.
Onun sözlərinə görə, milli-mənəvi tərbiyənin əsas məqsədi öz tarixini və ənənələrini anlayan, müstəqil düşünən, düzgün qərarlar verən və dövlət qarşısında məsuliyyətini dərk edən vətəndaş yetişdirməkdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.