AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dünyəviliklə mənəviyyat arasında deyil, onların vəhdətində

  • + A
  • - A
  • Bu gün, 15:34

    Dünyəviliklə mənəviyyat arasında deyil, onların vəhdətində

    Elnarə Akimova

    Milli Məclisin deputatı,
    YAP İdarə Heyətinin üzvü,
    Filologiya elmləri doktoru

    Bugünkü müzakirələrin arxasında daha geniş suallar dayanır: biz hansı cəmiyyətdə yaşamaq, hansı dəyərlərlə gələcəyə getmək, övladlarımızı necə yetişdirmək istəyirik? Təhsil yalnız bilik ötürən, diplom verən, peşə qazandıran bir sistemdirmi, yoxsa həm də insanın dünyagörüşünü, vətəndaşlıq mövqeyini, dövlətinə və cəmiyyətinə münasibətini formalaşdıran mühüm institutdur? Azərbaycanın dövlətçilik təcrübəsi bu suallara aydın cavab verir: güclü dövlətin təməlində savadlı, milli kimliyinə bağlı, azad düşüncəli və məsuliyyətli vətəndaş dayanır. Bu vətəndaşın yetişdiyi məktəb isə dünyəvilik, bərabərlik, qarşılıqlı hörmət və milli-mənəvi dəyərlər üzərində qurulmalıdır.
    Dövlət ümumi təhsil müəssisələrində təhsilalanların və təhsilverənlərin geyimi ilə bağlı tələblərin müəyyənləşdirilməsinə də məhz bu geniş yanaşma çərçivəsində baxmaq lazımdır. Məsələni yalnız məktəbli formasına, müəllimin necə geyinməsinə və ya ayrı-ayrı geyim elementlərinə müncər etmək düzgün olmazdı. Burada söhbət məktəbin daxili nizam-intizamından, təhsil mühitinin təşkilindən, uşaqlar arasında bərabərliyin qorunmasından, dünyəvi təhsilin mahiyyətindən və gənc nəslin sağlam dünyagörüşünün formalaşdırılmasından gedir. Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir.
    Azərbaycanın müasir inkişaf modelində ideoloji təhlükəsizlik məsələsi xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII qurultayında səsləndirdiyi fikirlər bu baxımdan prinsipial məzmun kəsb edir: “İdeoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir”. Dövlət başçısının bu yanaşması təhlükəsizliyin yalnız sərhədlərin qorunması, hərbi gücün möhkəmləndirilməsi və xarici təhdidlərin qarşısının alınması ilə məhdudlaşmadığını göstərir. Müasir dünyada informasiya texnologiyalarının, sosial şəbəkələrin və rəqəmsal platformaların təsir imkanları genişləndikcə cəmiyyətin mənəvi dayanıqlığı, milli düşüncənin qorunması və insanların manipulyasiyadan müdafiəsi də dövlətçilik məsələsinə çevrilir.
    Prezident həmin çıxışında ideoloji təxribatlardan qorunmağın başlıca vasitələrindən biri kimi təhsili önə çəkərək bildirib: “Xalqımız nə qədər təhsilli, bilikli, savadlı olarsa, o qədər də bax, bu yalanlara, bu şayiələrə, zəhərlə dolu olan bu ideoloji təxribatlara uymayacaq”. Bu fikir müasir dövrün reallıqlarını dəqiq ifadə edir. Çünki məlumatın sürətlə yayıldığı, həqiqətlə yalanın bəzən qəsdən qarışdırıldığı bir şəraitdə insanı qoruyan əsas amillərdən biri onun biliyi, müstəqil düşünmək bacarığı və etibarlı məlumatı seçmək qabiliyyətidir. Milli kimliyinə sahib çıxan, tarixini bilən, hadisələrə tənqidi yanaşmağı bacaran gənc müxtəlif təsirlərin qarşısında daha dayanıqlı olur.
    Məktəbin bu prosesdə rolu əvəzsizdir. Uşaq ilk dəfə ailədə tərbiyə alsa da, onun ictimai münasibətlərə uyğunlaşması, fərqli insanlarla ünsiyyət qurması, ümumi qaydalara əməl etməsi və vətəndaşlıq şüurunun inkişafı məktəb mühitində davam edir. Burada şagird yalnız fənləri öyrənmir, həm də başqasının hüququna hörmət etməyi, kollektiv daxilində davranmağı, məsuliyyət daşımağı və fərqliliklərə münasibət bildirməyi öyrənir. Deməli, məktəbin daxili qaydaları uşaqların gündəlik həyatını nizamlamaqla yanaşı, onların gələcək sosial davranışlarına da təsir göstərir.
    Vahid məktəbli formasının əsas üstünlüklərindən biri şagirdlər arasında sosial fərqlərin zahiri görünüş üzərindən qabardılmasının qarşısını almağa kömək etməsidir. Ailələrin maddi imkanları fərqli ola bilər. Bir şagird bahalı, dəbli geyimlər geyinə, digəri isə buna imkan tapmaya bilər. Geyimin rəqabət predmetinə çevrilməsi uşaqlar arasında müqayisələri, bəzən də özünəqapanma və kənarlaşdırılma hallarını gücləndirə bilər. Vahid forma bu fərqlərin məktəb mühitində ön plana çıxmasını məhdudlaşdırır, diqqəti geyimdən biliyə, bacarığa və şəxsi inkişafa yönəltməyə imkan yaradır. Bu, sosial bərabərliyin tam təminatı olmasa da, onun gücləndirilməsinə xidmət edən praktik vasitələrdən biridir.
    Məktəbli formasının əhəmiyyəti yalnız zahiri görünüşlə də məhdudlaşmır. Geyim qaydalarının aydın olması şagirdlərə ümumi intizamın bir hissəsi kimi müəyyən tələblərə əməl etməyi öyrədir. Lakin burada mühüm bir məqam var: intizam yalnız qadağalarla formalaşmır. Uşağa qaydanın nə üçün mövcud olduğu izah edilməli, onun məqsədi aydın şəkildə çatdırılmalıdır. Məktəbli formasına riayət etmək şagirdin şəxsiyyətini məhdudlaşdırmaq deyil, onu ümumi təhsil mühitinin qaydalarına hörmətlə yanaşmağa alışdırmaq məqsədi daşımalıdır.
    Bu yanaşma müəllimlərin geyiminə münasibətdə də özünü göstərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 6 oktyabr tarixli 325 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər” müəllimlərin işgüzar geyim mədəniyyətinin formalaşdırılmasına yönəlib. Qaydalara əsasən, təhsilverənlərin geyimi mövsümə uyğun, təmiz, səliqəli, sadə və işgüzar üslubda olmalı, onların əmək funksiyalarının icrasına maneə yaratmamalıdır. Bədən tərbiyəsi, çağırışaqədərki hazırlıq və laboratoriya məşğələləri kimi fəaliyyətlərdə isə dərsin xarakterinə uyğun funksional və rahat geyimlər nəzərə alınır. Milli-mədəni dəyərlərlə bağlı tədbirlərdə pedaqoji şuranın qərarı əsasında milli geyimlərdən və onların elementlərindən istifadəyə də imkan verilir.
    Müəllimin geyimi onun peşəkarlığının yeganə ölçüsü deyil. Əsl müəllim nüfuzu, ilk növbədə, biliyi, pedaqoji bacarığı, ədalətli münasibəti və şagirdlərinə göstərdiyi diqqətlə qazanır. Bununla belə, səliqəli və işgüzar görünüş təhsil müəssisəsində peşəkar mühitin qorunmasına, müəllimin nümunəvi davranışının tamamlanmasına kömək edən amillərdəndir. Burada məqsəd müəllimləri eyni zahiri qəlibə salmaq yox, onların geyiminin tədris prosesinə, məktəbin işgüzar mühitinə və peşə fəaliyyətinin xarakterinə uyğunluğunu təmin etməkdir.
    Məsələnin hüquqi tərəfi də aydın çərçivəyə malikdir. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.2-1-ci maddəsində millilik və dünyəvilik ümumi təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən biri kimi müəyyən edilib. Bu prinsip milli və ümumbəşəri dəyərlərin qorunmasını, onların vəhdətinin təmin edilməsini və dünyəvi ümumi təhsil sisteminin inkişafını nəzərdə tutur. Burada milli-mənəvi dəyərlərlə dünyəvilik arasında ziddiyyət axtarmaq əvəzinə, onların bir-birini necə tamamladığını anlamaq lazımdır. Dünyəvilik milli kimlikdən imtina etmək deyil; əksinə, müxtəlif inanclara və dünyagörüşlərinə malik vətəndaşların vahid hüquqi məkan daxilində bərabər təhsil almasının əsas şərtlərindən biridir.
    Azərbaycanın dünyəvi dövlət modeli dini etiqad azadlığının inkarına deyil, onun hüquqi təminatına əsaslanır. Konstitusiyanın və dini etiqad azadlığına dair qanunvericiliyin müəyyən etdiyi çərçivədə hər bir insanın inancına hörmət göstərilməsi dövlətin mühüm vəzifələrindəndir. Bununla yanaşı, ümumi təhsil müəssisəsi uşaqların hər hansı dini və ya ideoloji təzyiq altında qalmadan bilik əldə etdiyi, öz dünyagörüşünü sərbəst inkişaf etdirdiyi məkan olmalıdır. Bu iki prinsip bir-birinə qarşı qoyulmamalıdır: insanın dini etiqad azadlığına hörmətlə yanaşmaq da, məktəbin dünyəvi xarakterini qorumaq da hüquqi dövlətin məsuliyyətidir.
    “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19.2-ci maddəsi valideynlərin uşaqlarını dini əqidələrinə və dinə münasibətlərinə uyğun tərbiyə etmək hüququnu tanıyır. Eyni zamanda, uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağandır və dini tərbiyənin onların fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməsi tələb olunur. Bu müddəalar uşağın hüquq və mənafelərinin qorunmasının nə qədər vacib olduğunu göstərir. Valideynin dini tərbiyə hüququ ilə uşağın təhlükəsiz, ayrı-seçkilikdən uzaq və sağlam təhsil mühitində inkişaf etmək hüququ arasında tarazlıq qorunmalıdır.
    Məhz buna görə məktəblərdə geyimlə bağlı müzakirələrə emosional qarşıdurma prizmasından deyil, qanunvericiliyin məqsədləri və uşaqların mənafeləri baxımından yanaşmaq daha doğrudur. Baş örtüsü məsələsi də bu ümumi hüquqi çərçivədən kənarda qiymətləndirilməməlidir. Azərbaycanda qadınların dini etiqad azadlığı dövlət tərəfindən tanınır. Lakin məktəb yaşlı uşaqlara münasibətdə əsas məsələ hər hansı geyim elementini mübahisənin mərkəzinə çevirməkdən daha çox, təhsil müəssisəsinin dünyəvi xarakterini, bütün şagirdlərin bərabərliyini və uşağın sərbəst inkişaf hüququnu təmin etməkdir. Bu mövzuda ictimai müzakirələr aparılarkən dini inanclı insanlara qarşı ayrı-seçkiliyə yol verilməməsi, hüquqi tələblərin isə hamıya aydın və eyni şəkildə izah olunması vacibdir.
    2026-cı il sentyabrın 21-də Nazirlər Kabinetinin 309 nömrəli qərarı ilə məktəbli geyim formalarına dair tələblərə əlavə edilmiş müddəalar da bu kontekstdə diqqətəlayiqdir. Müəyyən edilmiş formanın vahidliyini pozan və ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan geyim elementlərinin istifadəsinə yol verilmir. Eyni zamanda, Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı tədbirlərdə pedaqoji şuranın qərarı əsasında milli geyimlərdən və ya onların elementlərindən istifadə etmək mümkündür. Valideynlərdən də övladlarının müəyyən olunmuş geyim tələblərinə riayət etməsini təmin etmək tələb olunur. Bu müddəalar qaydaların tətbiqində həm vahidliyin, həm də milli-mədəni irsə hörmətin nəzərə alındığını göstərir.
    Məktəblərin daxili intizam qaydalarının təsdiqi də qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində həyata keçirilir. Nazirlər Kabinetinin 2024-cü il 13 iyun tarixli 300 nömrəli qərarı ilə təsdiq olunmuş ümumi təhsil müəssisələrinin nümunəvi nizamnaməsi məktəb direktorunun daxili intizam qaydalarını təsdiq etmək səlahiyyətini müəyyən edir. Bu qaydaların məqsədi təhsil prosesinin normal təşkilini, sağlam və təhlükəsiz mühitin qorunmasını təmin etməkdir. Ancaq hər bir tələb tətbiq edilərkən onun hüquqi əsası, məqsədi və uşaqların yaş xüsusiyyətlərinə uyğunluğu diqqətdə saxlanılmalıdır.
    Azərbaycanın bu sahədəki yanaşması beynəlxalq təcrübədən də kənarda deyil. Qazaxıstanda məktəbli formalarına dair məcburi tələblər 2016-cı ildə hüquqi qeydiyyata alınıb, Qırğızıstanda vahid məktəbli geyimi qaydaları 2015-ci ildən tətbiq edilir. Özbəkistanda dövlət ümumi təhsil müəssisələrinin şagirdlərinin məktəbli forması ilə təmin edilməsinə dair qərar 2018-ci ildə qəbul olunub. Bu nümunələr məktəb geyiminin bir çox ölkədə təhsil idarəçiliyinin tərkib hissəsi kimi nəzərdən keçirildiyini göstərir. Bununla belə, hər ölkənin hüquqi və ictimai şəraiti fərqlidir; beynəlxalq təcrübədən istifadə milli qanunvericiliyin və cəmiyyətin xüsusiyyətlərinin nəzərə alınması ilə həyata keçirilməlidir.
    Azərbaycanın dünyəvi təhsil modelini daha dolğun anlamaq üçün dövlətin dini-mənəvi irsə münasibətinə də nəzər salmaq lazımdır. Əgər məqsəd dini dəyərləri cəmiyyətdən sıxışdırıb çıxarmaq olsaydı, ölkədə məscidlərin bərpasına, dini təhsilin inkişafına, din xadimlərinin dəstəklənməsinə və dini icmaların fəaliyyətinə bu qədər geniş diqqət ayrılması ilə bağlı mənzərə yaranmazdı. Əslində, Azərbaycan təcrübəsinin səciyyəvi xüsusiyyəti milli-mənəvi irsin qorunmasını dünyəvi dövlətçilik prinsipləri ilə uzlaşdırmaqdır.
    Hazırda ölkə ərazisində 2389 məscid mövcuddur və həmin məscidlərdə eyni vaxtda təxminən 600 min nəfərin ibadət etməsi mümkündür. 2020–2025-ci illərdə dövlətin dəstəyi və Heydər Əliyev Fondunun iştirakı ilə ölkənin müxtəlif bölgələrində bir sıra məscid və ziyarətgahlarda təmir-bərpa, yenidənqurma işləri aparılıb. İsmayıllının Lahıc qəsəbəsindəki Bədöyün məscidi, Bakıdakı “Fatimeyi-Zəhra”, “Cümə” və Əhmədli qəsəbə məscidləri, Şəkinin Xan məscidi, Şamaxıdakı “Pirsaat Baba” ziyarətgah-məscid kompleksi və Naxçıvandakı Heydər məscid kompleksi bu işlərin əhatə etdiyi dini-mədəni məkanlar sırasındadır.
    İşğaldan azad edilmiş ərazilərdə dini irsin bərpası isə ayrıca tarixi və mənəvi məna daşıyır. Şuşadakı Yuxarı və Aşağı Gövhər Ağa məscidləri, Saatlı, Mamayı və Çöl Qala məscidləri, Ağdam Cümə məscidi, Qiyaslı kənd məscidi, Zəngilan şəhər məscidi və Hadrut qəsəbə məscidi bərpa işlərinin aparıldığı məkanlar arasındadır. Bu ərazilərdə məscidlərin və digər dini abidələrin qorunması təkcə ibadət imkanlarının bərpası deyil, həm də xalqımızın tarixi yaddaşının, mədəni kimliyinin və mənəvi irsinin yaşadılmasıdır. Şuşa, Cəbrayıl, Füzuli və Laçında yeni məscidlərin tikintisinin davam etdirilməsi də bu prosesin tərkib hissəsidir.
    Dövlətin dini-mənəvi sahəyə diqqəti yalnız tikililərin bərpası ilə məhdudlaşmır. Dini ibadət yerlərinə təyin olunmuş din xadimlərinin ümumi sayı 1479 nəfərdir. Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən müəyyən edilmiş meyarlar əsasında maddi dəstək alan din xadimlərinin sayı 2020-ci ildəki 984 nəfərdən 1204 nəfərə çatıb. 2025-ci ildə isə Vətən müharibəsində qazanılmış Zəfərin beşinci ildönümü münasibətilə 1197 din xadiminə əlavə birdəfəlik maddi yardım göstərilib. Dini konfessiyalara ayrılan dövlət maliyyə dəstəyinin həcmi də 2020-ci ildəki 3,25 milyon manatdan 2026-cı ildə 6,3 milyon manatadək yüksəlib.
    Dini icmaların fəaliyyət imkanlarının genişlənməsi də bu mənzərənin mühüm tərəfidir. Dövlət qeydiyyatından keçmiş dini icmaların sayı 2015-ci ildəki 645-dən 994-ə çatıb. Onların 956-sı İslam dini icmalarıdır. Bu rəqəmlər dini həyatın qanunvericilik çərçivəsində təşkilinə və müxtəlif dini icmaların fəaliyyətinə göstərilən institusional diqqəti əks etdirir.
    Dini təhsilin inkişafı da dövlətin bu sahəyə münasibətinin mühüm istiqamətidir. Azərbaycan İlahiyyat İnstitutunda bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil həyata keçirilir. İnstitutda hazırda 318 tələbə və doktorant təhsil alır, indiyədək 308 məzun hazırlanıb. İnstitut yanında yaradılmış Bakı İlahiyyat Kollecində isə 65 tələbə təhsil alır. Tələbələr üçün yeddi müxtəlif təqaüd proqramının mövcudluğu dini sahədə peşəkar kadr hazırlığının dəstəklənməsinə xidmət edir. Bundan başqa, “Hər məsciddə kitabxana” layihəsi çərçivəsində 2025-ci ildə 250 məscid kitabxana ilə təmin edilib, 2026-cı ildə daha 210 məscidin və 10 cəzaçəkmə müəssisəsində yerləşən ibadət otağının layihəyə cəlb olunması planlaşdırılıb. Belə təşəbbüslər dini maarifləndirmənin, mütaliənin və bilik əsaslı dini düşüncənin inkişafına imkan yaradır.
    Azərbaycanın dinlərarası dialoq və İslam həmrəyliyi sahəsindəki fəaliyyəti də milli modelin beynəlxalq ölçüsünü ortaya qoyur. 2024-cü il noyabrın 5–6-da COP29 çərçivəsində keçirilən Dini Liderlərin Qlobal Bakı Sammitində dünyanın müxtəlif ölkələrindən 300-ə yaxın tanınmış dini lider və nümayəndə iştirak edib. İqlim dəyişmələri və ekoloji problemlərin həllində dini icmaların rolunun müzakirə edildiyi sammitin yekununda Bakı Bəyannaməsi və digər sənədlər qəbul olunub. Həmin ilin dekabrında Mərakeşin Rabat şəhərində keçirilən “Dinlərarası harmoniya: dinc birgəyaşayışın təşviqi” mövzusunda beynəlxalq konfrans isə Azərbaycanın dini tolerantlıq və multikulturalizm təcrübəsinin beynəlxalq səviyyədə təqdim olunmasına xidmət edib. 2026-cı il iyunun 30-da Şuşada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin ilk görüşünün keçirilməsi də bu əməkdaşlığın davamıdır.
    Bütün bunlar bir həqiqəti təsdiqləyir: dünyəvilik dinə qarşı münasibət deyil, dövlətin və təhsil sisteminin hüquqi əsaslarla təşkilidir. Dini etiqad azadlığının qorunması ilə məktəbin dünyəvi xarakterinin təmin edilməsi bir-birini istisna etmir. Əksinə, bu iki prinsip düzgün hüquqi çərçivədə uzlaşdırıldıqda həm inanc azadlığı, həm də uşaqların bərabər təhsil hüququ daha etibarlı şəkildə qorunur. Əsas məsələ dini dəyərlərin siyasi və ideoloji manipulyasiya vasitəsinə çevrilməsinə imkan verməmək, eyni zamanda dini inancı olan vətəndaşlara qarşı əsassız şübhə və ayrı-seçkilik yaratmamaqdır.
    Prezident İlham Əliyevin VIII qurultaydakı çıxışında səsləndirdiyi “Birliyimizi sarsıtmaq üçün, Azərbaycanı özlərinə tabe etdirmək üçün, bizi müstəqillik yolumuzdan döndərmək üçün, sonra da bizi idarə etmək üçün. Bax, budur məqsəd” fikri dövlət müstəqilliyinin və milli birliyin qorunmasının əhəmiyyətini ifadə edir. Bu birliyi möhkəmləndirməyin yolu isə cəmiyyətdə qarşıdurma yaratmaqdan deyil, hüquqa hörmətdən, keyfiyyətli təhsildən, milli-mənəvi dəyərlərin qorunmasından və vətəndaşların məsuliyyətli mövqeyindən keçir.
    Məktəbdə geyimlə bağlı tələblər də bu böyük məqsədin yalnız bir hissəsidir. Əsas vəzifə şagirdə forma geyindirməklə kifayətlənmək deyil, ona düşünməyi, öyrənməyi, fərqli fikirlərə hörmətlə yanaşmağı, öz hüquq və vəzifələrini dərk etməyi öyrətməkdir. Eyni zamanda müəllimə də yalnız zahiri görünüşünə görə deyil, biliyinə, peşəkarlığına və pedaqoji nüfuzuna görə qiymət verilməlidir. Qaydalar təhsil mühitinin keyfiyyətini yüksəltməli, insan ləyaqətinə hörməti gücləndirməli və məktəbi uşaqların özlərini təhlükəsiz, bərabərhüquqlu hiss etdikləri məkana çevirməlidir.
    Azərbaycanın gələcəyi milli köklərinə bağlı, müasir elmi və texnologiyanı mənimsəyən, öz dövlətinin müstəqilliyini və suverenliyini dərk edən gənclərin əlindədir. Belə gəncliyi yetişdirmək üçün dövlət siyasəti, ailə tərbiyəsi, müəllim nümunəsi və cəmiyyətin mənəvi məsuliyyəti bir-birini tamamlamalıdır. Çünki dövlətin gücü yalnız sərhədlərinin toxunulmazlığı ilə deyil, həm də vətəndaşlarının düşüncə azadlığı, mənəvi dayanıqlığı, milli həmrəyliyi və gələcəyə inamı ilə ölçülür. Məktəb isə bütün bu dəyərlərin biliyə, tərbiyəyə və vətəndaşlıq mövqeyinə çevrildiyi ən mühüm məkandır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR