Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə İnsanlara Qayğı İctimai Birliyi tərəfindən həyata keçirilən “Ağdam şəhidlərinin Zəfər yolu” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir Ağdam şəhərində yerləşən Ağdam Musiqi Kollecində keçirilib.
Tədbirin əsas məqsədi Ağdam şəhidlərinin həyat və döyüş yolunu, Vətən uğrunda göstərdikləri qəhrəmanlığı gənc nəslə tanıtmaq, şəhidlərimizin əziz xatirəsini yaşatmaq və gənclərdə vətənpərvərlik ruhunu gücləndirmək olub.
Görüş zamanı Ağdam şəhidlərinin keçdiyi şərəfli həyat yolu, göstərdikləri igidlik və Zəfərə gedən yolda verdikləri fədakarlıqlar haqqında ətraflı məlumat verilib. Tələbələr mövzuya böyük maraq göstərərək müzakirələrdə və interaktiv sual-cavab mərhələsində fəal iştirak ediblər.
Tədbirin sonunda iştirakçı gənclərə layihə çərçivəsində sertifikatlar təqdim olunub.
Qeyd edək ki, “Ağdam şəhidlərinin Zəfər yolu” layihəsi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə İnsanlara Qayğı İctimai Birliyi tərəfindən üç ay müddətində icra olunur. Layihənin rəhbəri Ələkbər Ağayevdir.
Layihənin əsas hədəfi Ağdam şəhidlərinin qəhrəmanlıq tarixinin təbliği, onların xatirəsinin gələcək nəsillərə çatdırılması və gənclərin milli-mənəvi dəyərlər ruhunda maarifləndirilməsidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.