“Dünya Azərbaycanlıları Vətənpərvərləri” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Dünya azərbaycanlıları arasında vətənpərvərlik ruhunun gücləndirilməsi” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbirini Sabirabad Dövlət Sosial-İqtisadi Kollecində keçirib.
Tədbirdə kollecin tələbələri ilə görüş təşkil olunub, onlara layihənin məqsədi, əsas fəaliyyət istiqamətləri və əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Layihə rəhbəri Büllur Məmmədova çıxışı zamanı bildirib ki, gənclərin milli ruhda, vətənpərvərlik və vətəndaşlıq məsuliyyəti hissləri ilə yetişməsi cəmiyyətin gələcəyi baxımından xüsusi əhəmiyyət daşıyır. O vurğulayıb ki, xüsusilə kolleclərdə təhsil alan gənclərin dünyagörüşünün genişləndirilməsi, milli tariximizə, mədəni irsimizə və mənəvi dəyərlərimizə bağlılığının gücləndirilməsi vacib məsələlərdəndir.
Büllur Məmmədova qeyd edib ki, Vətənə sevgi yalnız sözlə deyil, həm də cəmiyyətə faydalı olmaq, milli dəyərləri qorumaq, ölkənin inkişafına töhfə vermək və vətəndaşlıq mövqeyi nümayiş etdirməklə ifadə olunur.
Görüş çərçivəsində tələbələrlə Azərbaycançılıq ideologiyası, milli birlik, tarixi irsimizin qorunması, dünya azərbaycanlıları arasında həmrəyliyin gücləndirilməsi və gənclərin vətənpərvərlik ruhunda formalaşması mövzularında müzakirələr aparılıb. İştirakçılar öz fikir və düşüncələrini bölüşərək müzakirələrdə fəallıq nümayiş etdiriblər.
Tədbirin sonunda müzakirələrdə və görüşün gedişində fəallığı ilə seçilən tələbələrə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, “Dünya Azərbaycanlıları Vətənpərvərləri” İctimai Birliyinin rəhbəri Nəsimi Həsənovdur. Layihənin rəhbəri isə Billur Məmmədovadır.
Layihənin əsas məqsədi dünya azərbaycanlıları arasında vətənpərvərlik ruhunun gücləndirilməsi, milli-mənəvi dəyərlərin təbliği, milli həmrəyliyin möhkəmləndirilməsi və gənc nəslin Vətənə bağlılıq ruhunda formalaşmasına töhfə verməkdir.