“Dünya Azərbaycanlıları Vətənpərvərləri” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Dünya azərbaycanlıları arasında vətənpərvərlik ruhunun gücləndirilməsi” layihəsi çərçivəsində növbəti tədbirini Lənkəran Tibb Kollecində keçirib.
Tədbirdə kollecdə təhsil alan tələbələrlə görüş keçirilib, layihənin məqsədi və əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.
Layihə rəhbəri Büllur Məmmədova çıxışı zamanı qeyd edib ki, tibb sahəsində təhsil alan gənclərin yalnız peşəkar bilik və bacarıqlara yiyələnməsi deyil, eyni zamanda geniş dünyagörüşünə, yüksək vətəndaşlıq mövqeyinə və güclü vətənpərvərlik ruhuna malik olması da mühüm əhəmiyyət daşıyır.
O vurğulayıb ki, gələcəyin tibb işçiləri cəmiyyətin sağlamlığının qorunmasında mühüm rol oynamaqla yanaşı, milli-mənəvi dəyərlərin yaşadılması, Vətənə bağlılıq və vətəndaşlıq məsuliyyətinin təbliği baxımından da nümunə olmalıdırlar. Gənclərin milli tariximizi, mədəni irsimizi və Azərbaycançılıq ideologiyasını dərindən mənimsəməsi onların dünyagörüşünün formalaşmasına və vətənpərvərlik hisslərinin güclənməsinə mühüm töhfə verir.
Görüş zamanı tələbələrlə milli birlik, vətənə sevgi, milli-mənəvi dəyərlərin qorunması və dünya azərbaycanlıları arasında həmrəyliyin gücləndirilməsi mövzularında fikir mübadiləsi aparılıb. Tələbələr müzakirələrdə fəal iştirak edərək öz düşüncələrini bölüşüblər.
Tədbirin sonunda müzakirələrdə fəallığı ilə seçilən tələbələrə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, “Dünya Azərbaycanlıları Vətənpərvərləri” İctimai Birliyinin rəhbəri Nəsimi Həsənovdur.
Layihənin əsas məqsədi dünya azərbaycanlıları arasında vətənpərvərlik ruhunun gücləndirilməsi, milli-mənəvi dəyərlərin təbliği, milli həmrəyliyin möhkəmləndirilməsi və gənc nəslin Vətənə bağlılıq ruhunda formalaşmasına dəstək verməkdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.